YAP-ın monitorinqlərindən bəzi deputatlara bəd xəbər
07:39 29-04-2015
İQTİSADİYYAT
YAP-ın monitorinqlərindən bəzi deputatlara bəd xəbər
Hansı millət vəkillərinin payızda mandatsız qalacağı qətiləşməyə başladı
"Yeni Azərbaycan Partiyası(YAP) qarşıdan gələn parlament seçkiləri öncəsi dairələr üzrə apardığı monitorinqlərin ilkin mərhələsini yekunlaşdırıb. Hakim partiyanı yerlərdə təmsil edən millət vəkillərinin seçicilər arasında reytinq göstəricilərini müəyyən etmək məqsədilə keçirilən monitorinqlərin nəticəsi bir sıra deputatların mandatı ilə vidalaşmasına səbəb ola bilər". Bu barədə xəbər məlumatlı mənbələrdən daxil olub.
Mənbə qeyd edib ki, Azərbaycanda keçirilən bütün seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq seçki yarışının favoriti olan YAP V çağırış parlament seçkilərinə daha da güclü namizədlərlə qatılmağı hədəfləyir: "Yerlərdə keçirilən reytinq monitorinqlərinin də məqsədi budur. Hakim partiya bundan öncəki seçkilərdə bir sıra namizədlərə böyük şans tanımışdı. Onlar YAP-ın partiya olaraq yerlərdəki nüfuzu, xalq arasıdakı etimadı hesabına millət vəkili seçilmişdilər. Lakin bundan sonra əsas vəzifə həmin deputatların üzərinə düşürdü. Onlar öz fəaliyyətləri ilə seçicilər arasındakı reytinqlərini daha da yüksəltməli və dolayısı ilə partiyanın yerlərdəki gücünə güc qatmalıydı. Ancaq Yeni Azərbaycan Partiyasının yerlərdə apardığı monitorinqlərin ilkin nəticələri bəzi dairələr üzrə bu gözləntiləri doğrultmayıb".
Mənbə bildirib ki, hakim partiya yerlərdən gələn reytinq göstəricilərini ciddi şəkildə təhlil edir. Bu monitorinqlərin ilkin mərhələsidir. Əgər yekun dəyərləndirmələr zamanı da eyni nəticələr qeydə alınsa, seçicilər tərəfindən dəstəklənməyən bəzi deputatlar qarşıdan gələn parlament seçkilərində partiyanın namizədləri siyahısında yer almayacaq.
Belə deputatlar arasında Leyla Abdullayevanın (41 saylı Sumqayıt birinci seçki dairəsi), Xanlar Fətiyevin (39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi), Tahir Süleymanovun (54 saylı Şabran-Siyəzən seçki dairəsi), Arif Əşrəfovun (55 saylı Xaçmaz şəhər seçki dairəsi), Fərhad Qəribovun (57 saylı Kürdəmir seçki dairəsi), Əsabil Qasımovun (79 saylı İmişli seçki dairəsi), Ərəstun Cavadovun (87 saylı Ağsu-İsmayıllı seçki dairəsi), Rafiq Məmmədhəsənovun (104 saylı Gədəbəy-Tovuz seçki dairəsi), Nazim Fərəcovun (121 saylı Laçın seçki dairəsi) və başqalarının adları çəkilir.
"Unikal" xatırladır ki, YAP icra katibinin müavini Siyavuş Novruzov hələ bu ilin yanvar ayında verdiyi müsahibələrin birində parlament seçkilərində partiyanın namizədlərinin tərkibində dəyişikliklərin olacağının anonsunu vermişdi. "Artıq Yeni Azərbaycan Partiyası tərəfindən araşdırmalar aparılıb, yəni bu araşdırmalar beş il ərzində aparılıb. Bu araşdırmaları bir neçə kateqoriyaya bölmək olar. Bu kateqoriyalara seçicilərlə işin təşkili, parlamentdəki fəaliyyət, beynəlxalq təşkilatlardakı fəaliyyət, ictimaiyyətlə əlaqələrin qurulması, qanunvericilik təşəbbüslərinin irəli sürülməsi və s. daxildir. Bütün bunlar tədqiq olunduqdan sonra kimlərin yenidən seçilmək şansının hansı səviyyədə olması, hansı dairədən, hansı kateqoriyadan olan namizədin irəli sürülməsinin daha effektli ola biləcəyi, hansının seçilmə şansının daha böyük ola biləcəyi müəyyənləşdiriləcək. Bu tədqiqatdan sonra müəyyən ediləcək ki, hansı dairədən seçilmiş namizəd artıq seçicinin etimadını doğrultmur və yaxud parlamentdəki təmsilçilik dövründə qanunvericilik təşşəbbüsü ilə, ayrı-ayrı məsələlərlə, dövlətçiliklə, dövlətin siyasətinin müdafiəsi ilə bağlı onun apardığı iş qənaətbəxş deyil. Bu halda artıq partiyanın rəhbər orqanları tərəfindən həmin namizədlərin əvəzlənməsi və kimlərin namizədliyinin həmin dairələrdən irəli sürülməsi ilə bağlı təkliflər irəli sürüləcək və bu təkliflər nəticəsində də namizədlər müəyyənləşəcək" -deyə, deputat qeyd etmişdi.
"Unikal" olaraq həmin vaxt yazmışdıq ki, qarşıdan gələn parlament seçkilərində xüsusilə biznesmen deputatların işi çətin olacaq. Onların əksəriyyətinin payızda keçiriləcək parlament seçkiləri nəticəsində formalaşacaq yeni tərkibində yer almayacağını qeyd edərək, onu da əlavə etmişdik ki, artıq belə deputatların bir çoxu bu barədə məlumatlıdırlar və narahatlıq keçirirlər.
Yuxarıdakı yeni informasiya da "Unikal"ın məlumatını təsdiqləyir; oradan göründüyü kimi, artıq bir neçə ay vaxt qalan parlament seçkilərində xüsusilə Əsabil Qasımov, Fərhad Qəribov, Ərəstun Cavadov kimi biznesmen deputatların işi xeyli çətin olacaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05