Nazim İbrahimov Fərhad Əliyevin taleyini yaşayacaq

Nazim İbrahimov Fərhad Əliyevin taleyini yaşayacaq

Xarici qüvvələrin girovuna çevrilən məmurlar ifşa edilir

Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov sensasion hesab ediləcək bəyanatla çıxış edib. O, bəzi məmurların ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini (ABŞ, Rusiya, Fransa) tənqid etməməsinin səbəbini izahlayaraq bildirib ki, ABŞ, Rusiya, Fransanı tənqid etməməsi onların bu ölkələrdə bizneslərinin olması ilə əlaqəlidir:"Niyə dövlət başçısının ətrafında olan bəzi insanlar bu ölkələri tənqid etmirlər?
Ona görə ki, həmin insanların o ölkələrdə biznesləri var",-deyə Əli Həsənov bildirib.Bunu da qeyd edək ki, zaman-zaman bu məsələ gündəmə gəlmişdi və bunun acı nəticələri də ortaya çıxmışdı.Belə ki, uzun illər Azərbaycanda baş nazirin birinci müavini olan Abbas Abbasov istefaya göndəriləndən sonra Moskvaya getdi və bir anın içində illər boyu xidmət etdiyi hakimiyyətə asi çıxdı. O, öncə "Milyarderlər İttifaqı"nın üzvü oldu, daha sonra isə Rusiyada yaşayan azərbaycanlıları bir mərkəzə toplayaraq Azərbaycan əleyhinə səslənən bəyanatlara imza atdı.O zaman bildirildi ki, bu addımları Abbas Abbasov sadəcə olaraq Kremldə aslı olduğu siyasi simaların təzyiqi ilə edir. Çünki Abbas Abbasovun Rusiyada milyonlarla dollar dəyərində olan biznesi var və o bu biznesin girovuna çevrilmişdi. Bu gün şübhəsiz ki, müxtəlif vəzifə tutan məmurlar var ki, onların bir sıra Avropa ölkələrində ciddi biznes şəbəkələri var və bu biznesə görə həmin dövlətlərin az qala girovlarına çevriliblər.Görünür baş nazirin müavini Əli Həsənov da bu səbəbdən belə sərt bəyanat verib."Unikal"a daxil olan məlumata görə Əli Həsənov bu açıqlaması ilə daha çox ölkənin xarici siyasətində iştirak edən dövlət məmurlarını nəzərdə tutub. Belə şəxslərdən biri isə çox güman ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. Qeyd olunur ki, bu günə qədər bir dəfə də olsa Nazim İbrahimov adı çəkilən dövlətlərin tutduğu mövqeyi tənqid edəcək açıqlama ilə çıxış etməyib və maksimum dərəcədə çalışır ki, bu proseslərdən kənarda qalsın. Bunun isə başlıca səbəbi komitə sədrinin bu dövlətlərdə, həmçinin Avropanın başqa bir neçə ölkəsində ciddi biznes şəbəkəsinə sahib olmasıdır.Çox maraqlıdır ki, Nazim İbrahimovun rəhbərliyi ilə fəaliyyət göstərən komitənin bir dənə də olsun uğurlu işi ortada yoxdur.Demək olar ki, dövlət komitəsinin əvəzinə Avropada, ABŞ-da diaspora təşklilatları ilə Heydər Əliyev Fondu işləyir. Maraqlıdır, bəs nədən indiki məqamda baş nazirin müavini Əli Həsənov belə bəyanatla çıxış etdi? Ekspertlər hesab edir ki, bu təsadüfü açıqlama deyil və məsələ Avropa Oyunlarına və parlament seçkilərinə görə Azərbaycana təzyiq etməyə hazırlaşan qüvvələrlə bağlıdır. Məlum olduğu kimi erməni lobbisinin də aktivlik nümayiş etdirdiyi bəzi qüvvələr ABŞ-ın dövlət katibi Con Kerrinin rəhbərliyi ilə Azərbaycana qarşı ciddi kampaniyaya start veriblər və parlament seçkiləri öncəsi bu təzyiqlər daha da artacaq. Adı çəkilən qüvvələr isə daha səmərəli təsir üçün sözsüz ki, Azərbaycan daxilində olan müəyyən qüvvələrdən, həmçinin təsir dairələrində olan bəzi məmurlardan da yararlanmağa çalışacaqlar. Görünür artıq bununla bağlı ortada ciddi faktlar var və Əli Həsənov açıqlaması ilə bunun anonsunu etdi. Bunu da qeyd edək ki, Azərbaycanın müasir tarixində belə bir olay yaşanmışdır.Əli İnsanov, Fərhad Əliyev kimi nazirlər bu səbəbdən həbsə düşmüşdülər.Həmin zaman aydın oldu ki, Fərhad Əliyev ABŞ-dakı bəzi qüvvələrlə sıx əlaqələr qurub və gizli şəkildə öz siyasi maraqlarını həyata keçirtməyə çalışıbmış.Görünür bu gün hakimiyyət düşərgəsində bu tip məmurların mövcudluğu ilə bağlı informasiyalar ortaya çıxıb.Hesab edilir ki, bu məmurlar heç də xoşluqla onların sifarişlərini yerinə yetirmək istəmirlər. Sadəcə olaraq bu ölkələrdə mövcud olan biznesləri onları sözün həqiqi mənasında girova çevirib. Başqa tərəfdən aydın olur ki, bir sıra məmurların övladları da adı çəkilən dövlətrlərdə yaşayır və ciddi biznes strukturlarına sahibləniblər. İndi isə bu məmurlar bizneslərinə və övladlarına görə oturduqları budağı belə kəsmək zorunda qalıblar. Amma bu da bildirilir ki, bu cür məmurlar qısa zaman ərzində proseslərdən kənarlaşdırılacaqlar və onların təsiretmə imkanları sıfırlaşacaq. Çünki bu gün hakimiyyətdə kifayət qədər monolitlik var və ən əsası Azərbaycan cəmiyyəti İlham Əliyevə alternativ qüvvə tanımır. Sonda isə bunu da yada salaq ki, Azərbaycan qanunvericiliyinə görə dövlət məmurları bizneslə məşğul ola bilməzlər. Görünür, artıq bu məsələyə həssas yanaşmalı, ən azından məmurlardan gəlir deklorasiyası tələb etməklə real mənzərəni görmək olar.
Mehdi Əli