Avrasiya öldü...

Avrasiya öldü...

Rusiya Qərbin tənələri, təzyiqləri və aşkar, bəzən aqressiv notasiyalarından bezərək Şərqə üz tutdu

ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu deyərək, problemin gerçək çözümü üçün heç nə etməməsi; İranın nüvə proqramı ilə bağlı illərdən bəri davam etdirilən sanksiyalar və embarqolara "qəflətən" son qoymaq fikrinə düşərək Tehranla danışıqlar aparması; Krımın Rusiyanın ilhaqına məruz qalması, sonra da Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərində separatçı "respublika"ların yaranmasını Vaşinqtonun yalnız sözdə qınaması; Avropa Birliyinə daxil olan ölkələrə tam nəzarət etmək üçün Brüssellə indiyədək misli görünməmiş "neomüstəmləkə" sazişinin hazırlanması və avropalıların da amerikalılara kölə olmaq niyyətinə düşmədiklərini söyləyərək etiraz aksiyalarını səngitməmələri, ən nəhayət, ABŞ-ın Rusiya, Çin və Braziliya ilə münasibətlərini sərtləşdirməsi - bütün bunlar təsadüf sayıla bilərmi?

Çətin.
Sadəcə, İranla bağlı vəziyyət yetər. Vaşinqtondakı "neo-con"ların fikrincə, İrandakı mövcud hakimiyyət ya devrilməli, ya da İran ABŞ-ın maraqlarına tam riayət edən ölkəyə çevrilməlidir.
Bu qədər sadə, bəsit və primitiv bir istək.
Yeni "soyuq savaş"ın başlandığı vurğulanır. Halbuki indi baş verən proseslər yaxın gələcəkdə Avrasiya qitəsindəki qüvvələr nisbətini dəyişməyə başlamaqla yanaşı, illər sonra situasiyanı tam fərqli edəcək.
ABŞ-ın ambisiyalarından əndişələnən və bunu real təhlükə sayan Çin "Yeni İpək Yolu" adlı nəhəng geosiyasi layihəyə başlayıb. Rusiya postsovet məkanındakı ölkələri orbitinə çəkmək üçün Avrasiya İqtisadi Birliyini idefiksdən gerçəkliyə döndərməyə can atır. Braziliya Venesuelanın mərhum lideri Uqo Çavesin ölümündən sonra zəifləməyə başlamış "bolivarianlıq" ideologiyasının "mənəvi qalası"na dönməklə yanaşı, Cənubi və Latın Amerikası ölkələrini ətrafına toplayaraq liderliyə can atır.
Avropa Birliyi baş verənləri sakit müşahidə etmək, günlərin birində Sankt-Peterburqdan başlayaraq Şanxayadək uzanan güclü ticari-iqtisadi marşrutları sürpriz qismində seyr etmək istəmir. Tam əksinə, Almaniya və Fransa bu layihələrdə iştirak etməsələr də, onlardan yararlanmaq, Lissabondan Pekinədək uzanacaq vektorların yaradıcıları arasında yer almaq istəyirlər.
Birləşmiş Ştatların "Pax America" imperativliyi ilə barışmayan, dünyanın yeganə supergüc tərəfindən idarə olunmasını istəməyən ölkələrin planlarını həyata keçirmələri üçün vaxt lazımdır.

Zaman qarışıq, laübəli, problemlərlə doludur

Buna rəğmən Avrasiyanın geosiyasi mənzərəsində köklü, genişmiqyaslı dəyişikliklər qaçılmazdır. Bu isə Vaşinqtonun planlarının alt-üst olması ilə başa çata bilər.
Çox yox, cəmi 15 il əvvəl ABŞ bütün Avrasiyada hegemon roluna hazırlaşırdı və bu strategiya xeyli real təsir bağışlayırdı.
İndi vəziyyət dəyişib.
Ukraynadakı hadisələrlə bağlı Rusiyaya aramsız təzyiqlər göstərən, sanksiyaları ağırlaşdıraraq embarqoların sayını artıran ABŞ bu minvalla Moskvanı zəiflədəcəyini, Qərbin pressinqi qarşısında geri çəkilməsə də, xarici siyasətində korrektələr edərək daxili siyasətdə islahatlara başlamaq zərurətini hiss edəcəyini düşünürdü.
Olmadı. Vaşinqton həmişəki təki, bütün variantları hesabladığını fikirləşsə də, hadisələrin məcrasının qəfil dəyişikliklərini əvvəlcədən proqnozlaşdıra bilmədi.
Rusiya Qərbin tənələri, təzyiqləri və aşkar, bəzən aqressiv notasiyalarından bezərək Şərqə üz tutdu. Moskva və Pekin arasında son illərdəki sərin münasibətlər istiləşdi, Rusiya-Çin əlaqələri intensivləşdi. Belə təmaslar müdafiə və hərbi müqavilələrdən tutmuş, infrastruktur layihələrinədək artdı.
Eyni zamanda Rusiya və Türkiyə arasındakı əlaqələr də genişlənir. Rusiyanın təbii qazından asılılıqdan qurtulmağa çalışan Avropa Birliyinin TAP və TANAP layihələrini mümkün qədər tez reallaşdırmaq, həmin layihələrə yaxın perspektivdə Türkmənistanla İranı da qatmağa can atdığı bir zamanda Moskva-Ankara dueti "Türk axını" marşrutu ilə Rusiyanın təbii qazını Yunanıstan sərhədlərinədək çıxarmaq niyyətindədir.
Rusiyanın Şərqə istiqamətlənməsi Çinin də Qərbə üz tutması ilə eyni vaxta düşüb. Çin rusların vasitəsilə Avropa bazarlarında mövqelərini möhkəmləndirməyə çalışır və eyni vaxtda Cənub-Şərqi Asiyada hegemona çevrilir.

ABŞ, həqiqətən də,
zəifləyir

Üstəlik Afrika: burada nə qədər paradoksal, hətta inanılmaz olsa da, Çinin mövqeləri, hadisələrə təsir imkanları Avropa Birliyi və ya ABŞ ilə müqayisədə dəfələrlə artıqdır. Afrikanın indi elə bir ölkəsi yoxdur ki, oradakı böyük infrastruktur layihələrindən tutmuş, mədən sənayesinədək Çin şirkətləri ən aktiv şəkildə iştirak etməsinlər.
ABŞ-ın başı Əfqanıstan, İraq və Suriyada yerli sakinlərin güllələr və raketlər vasitəsilə demokratikləşdirilməsinə qarışdığı illərdə Çin "qara qitə"dəki mövqelərini gücləndirirdi.
Təbii, bütün bunlar Avrasiya məkanında Rusiyanın Çinə tabe olması deyil. Tam tərsinə, Ayı ilə Əjdaha münasibətlərini simvolizm müstəvisindən çıxararaq ən müxtəlif səviyyələrdə möhkəmləndirməklə məşğuldurlar.
Mayın 9-da Moskvada keçirilmiş hərbi paradda Çinin bütün qoşun növlərini təmsil edən hərbçilərdən ibarət qrupla təmsil olunması, Rusiya prezidenti Vladimir Putinin yanında Çinin dövlət lideri Si Szinpinin durması və ən başlıcası, rusiyalı hərbçilər Qızıl Meydandan keçərkən Putinlə yanaşı, Szinpinin də əl yelləyərək onları salamlaması adi hərəkətlər, diplomatik protokol zərurəti olan bəsit simvollar sayıla bilərmi? Düşünmürük.
ABŞ-ın lider rolunu oynadığı "Böyük Yeddilik" Avrasiya məkanında geosiyasi güc imkanlarını itirərək zəifləməkdədir. Onun əvəzində BRİCS, yəni Braziliya-Rusiya-Hindistan-Çin-Cənubi Afrika Respublikası beşliyi gücünü artırır. Bu ilin sonunadək işə başlayacaq, mərkəzi ofisi Çinin Şanxay şəhərində yerləşəcək Asiya İnfrastruktur İnvestisiyaları Bankı (Asian Infrastructure Investment Bank, AIIB) Beynəlxalq Valyuta Fondu və Dünya Bankının real alternativinə çevrilə bilər. Hər halda, hələ tam işə düşməmiş bank bir sıra ölkələrdəki layihələrə maliyyə dəstəyi verəcəyini bəyan edib. AİİB Azərbaycan iqtisadiyyatına 1 milyard dollarlıq investisiya kreditlərinin ayrılacağını bəyan edib.
Avrasiyanın geosiyasi məkanında ciddi oyunçulardan birinə çevriləcək qurumlar arasında Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) da xüsusi yer tutur. Qurumun Rusiyada keçiriləcək yay sammitində Hindistan və Pakistanın da ŞƏT-ə qatılacaqları gözlənilir. İransa Qərbin tətbiq etdiyi sanksiyalar aradan qaldırılandan sonra 2016-cı ilin sonunadək ŞƏT üzvü ola biləcəyini istisna etməyib.
ABŞ ilə Rusiya arasındakı sərt qarşıdurmalara görə Avropa Birliyi ilə Avrasiya İqtisadi Birliyinin əməkdaşlıq və tərəfdaşlığı faktiki olaraq mümkün deyil. Ona görə də Rusiya indi Sibir və Uzaq Şərqin inkişafı üçün Asiyanın kapitalı və texnologiyalarından bəhrələnmək fikrindədir.
Moskva və Pekin arasında ticari-maliyyə əlaqələri sürətlə inkişaf etdiyindən Çin yuanının yaxın illərdə bütün Avrasiyada ehtiyat valyutasına çevriləcəyi də qətiyyən istisna deyil.

Əlvida, hegemoniya

ABŞ, Çin və Rusiya arasındakı münasibətlərin bundan sonra necə inkişaf edəcəyini təxminləmək asan deyil. Fikrimizcə, belə model daha ağlabatandır: amerikalılar sərt reaksiya verərək narazılıqlarını bildirirlər, Çin və Rusiya üçün yeni "başağrıları" yaradır, Rusiya dərhal cavab verməklə bahəm uzunmüddətli, ağır strateji sıçrayışa hazırlaşır, Çin "kiçik dahi" Den Syaopinin doktrinasının müasirləşdirilmiş forması halına salınmış "çox incə, diplomatik, lakin sərt və qətiyyətli" davranışı seçir.
Moskva indi Pekinə "Vaşinqton böhrandadır, amerikalılar heç vaxt Çinin inkişafını istəməyiblər, bundan sonra da çinlilərin milli maraqlarına sayğı bəsləməyəcəklər" deyir və qəribəsi də odur ki, Pekin deyilənləri diqqətlə dinləyir.
Sanksiyalar, dünya bazarlarında neft qiymətlərinin ucuzlaşması və rublun devalvasiyası kimi üçqat böhran Rusiyaya zərər verməklə yanaşı, Moskvanı aktivləşdirib. Rusiya oyun qaydalarında struktur yeniliklərə əl ataraq iqtisadiyyatın yeni inkişaf strategiyasına təkan verib.
Avropa Birliyinə gəldikdə isə, avropalılar seçim qarşısındadırlar: ya "insan haqları, demokratik dəyərlər, vətəndaş cəmiyyəti, siyasi məhbuslar" və ilaxırdan ibarət ultimatumları davam etdirmək, ya da artan geosiyasi problemləri həll etmək üçün Avrasiyada "yarımdiktatura" elan etdiyi dövlətlərin hakimiyyətlərini aşağılamaq, onları devirmək niyyətlərindən əl çəkərək simbioz yolunu tutmaq.
Avropa Birliyi Almaniyanın səhvini təkrarlamamalıdır. Kansler Angela Merkel ABŞ-ın təsirində və NATO-nun cazibəsində qalmağa üstünlük verdiyindən Almaniya indi faktiki olaraq geosiyasi cırtdana çevrilib.
Avrasiyanın ənənəvi forması, siyasi landşaftı artıq parçalanıb, dağılmaqdadır. Adi fiqurantların cəhdləri sunami yaradıb. Belədə Moskva və Pekin savaş təhlükəsi olmadan, siyasi, kommersiya və ideoloji baxımdan Qərbi, ABŞ-ı necə üstələyəcəklər? Onlar təzyiqlərin öhdəsindən gələ biləcəklərmi?
...Hər şeyə rəğmən, ABŞ daha bir qarşıdurmanı uduzmaqdadır.
Kövrəlmə, Zbiqnev Bjezinski: sənin "böyük şahmat taxtası" təki hegemonçu ideyan öldü...
Elçin Alıoğlu