Beynəlxalq Bankla bağlı dalğa Etibar Pirverdiyevi də "vura bilər"
07:21 14-05-2015
İQTİSADİYYAT
Beynəlxalq Bankla bağlı dalğa
Etibar Pirverdiyevi də "vura bilər"
"Azərenerji"104 milyon manatlıq krediti ödəyibmi?
Ölkə gündəmi bəzi iri biznes nümayəndələrinin həbsi barədə xəbərlərlə çalxalanır. Söhbət yüz milyonlarla dövlət vəsaiti ilə bağlı dələduzluqdan gedir.
Müxtəlif KİV-in yaydığı xəbərlərə görə, bu vəsaitlər müxtəlif dövrlərdə Beynəlxalq Bank tərəfindən sahibkarlara verilib və geri alınmayıb. Bu barədə heç kim danışmayıb. Lakin iki ay öncə Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev öz postundan kənarlaşdırılıb.
Məhz bundan sonra sözügedən həbslərin başlaması əslində Hacıyevin vəzifəsindən kənarlaşdırılmasının da təsadüfi olmadığını göstərir. Halbuki o vaxt sabiq bank rəhbəri görəvindən ayrılmasını səhhəti ilə əlaqələndirmişdi.
Mətbuatda yazılanlara inansaq, həbs olunanlar arasında "Azərinşaat" MMC-nin direktoru Mehdi Əliyev, Şəki İcra Hakimiyyətinin keçmiş rəhbəri Murad Cabbarlı və Əbdül Ansuxski (90-cı illərin əvvəlində qətlə yetirilmiş deputat və iş adamı Əli Ansuxskinin oğlu) var.
ABB Azərbaycanın ən iri bankıdır və ölkə kreditlərinin 60%-i onun payına düşür. Versiyalardan birinə görə, C. Hacıyevin rəhbərliyi dövründə ona yaxın biznesmenlər aşağı girovla güzəştli şərtlərlə kredit alıblar.
Neftin qiymətinin enməsi ilə əlaqədar ölkənin gəlirlərinin azalması və manatın devalvasiyası maliyyə sistemində ciddi problemlər yaradıb.
Rəsmi məlumatlara görə, ölkədə problemli kreditlərin həcmi 1,2 mlrd. manat təşkil edir. ABB-yə qaytarılmayan kreditlərin həcmi 1,1 mlrd. manat təşkil edib.
Qeyri-rəsmi məlumatlara görə, C.Hacıyevin özünün də aktivlərinə gizli həbs qoyulub.
Təsdiqlənməmiş məlumatlara görə, həbs edilən tanınmış oliqarxlardan biri PNN Group-un təsisçisi Nizami Piriyevdir. O, xaricdə biznes qurub, lakin bir neçə il öncə Azərbaycana gələrək metanol istehsalı üzrə iri müəssisənin tikintisinə başlayıb. Beş il öncə bu müəssisənin açılışına Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer dəvət olunmuşdu.
Bundan əlavə, PNN tanınmış dünya brendi De Beers və Hamleys ilə tərəfdaşlıq edir, həmçinin françayzinq əsasında KFC fastfud şəbəkəsini inkişaf etdirir.
Nəhayət, "Azimport" şirkətinin həmtəsisçisi Rəşad Məmmədovun və onun qohumu Əsgər Məmmədovun həbs olunduğu bildirilir.
Bu şirkət dövlət büdcəsinin hesabına Bakıda və Abşeronda abadlıq üzrə iri layihələrin reallaşması ilə tanınır.
KİV-lər həbslər dalğasının davam edəcəyini vurğulayırlar. Bu isə xüsusi ilə Beynəlxalq Bankla kredit sövdələşmələri olan vəzifəlilərin və iş adamlarının adlarını gündəmə gətirir. Onlardan biri isə "Azərenerji"prezidenti Etibar Pirverdiyevdir.
"Unikal"ın araşdırmasına görə, iki il öncə Beynəlxalq Bankla "Azərenerji" arasında cəmi 140 milyon manatlıq iki iddia üzrə məhkəmə çəkişməsi başlayıb. Bu fakt "Anonimous" hakerlər qrupunun "Azərenerji"nin kompüterlərindən ələ keçirdiyi sənədlərdən məlum olub.
İki subyekt arasında məhkəmə çəkişməsi hazırda davam edir. Birinci iddia Beynəlxalq Bank tərəfindən 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə qaldırılıb. Bu iddia üzrə cavabdeh tərəf "Sumqayıt REŞ" MMC və "Azərenerji" ASC-dir. İşə Sumqayıt İnzibati İqtisad Məhkəməsi baxıb.
Məhkəmə borcun "Azərenerji" ASC-dən tutulması barədə qətnamə çıxarıb. Qətnamədən apelyasiya şikayəti verilib, amma təmin olunmayıb.
Yəni Pirverdiyevin 104 milyon manatı Beynəlxalq Banka ödəməli olduğu qətiləşib. Amma aradan iki il keçdikdən sonra hələ də "Azərenerji"ASC-nin bu vəsaiti Beynəlxalq Banka qaytarıb-qaytarmadığı bəlli deyil. Əgər adıçəkilən səhmdar cəmiyyətin həmin kredit borcunu geri ödəmədiyi məlum olarsa, bunun onsuz da karyera baxımından yaxşı günlərini yaşamayan Etibar Pirverdiyev üçün yeni başağrısına çevriləcəyi ehtimalı böyükdür.
Xatırladaq ki, bu yaxınlarda Pirverdiyev önəmli səlahiyyətlərini itirib. Yeni yaradılan "Azərişıq"bundan sonra "Azərenerji"nin də bir çox əsas missiyalarını həyata keçirəcək. Bundan başqa, Etibar Pirverdiyevin biznesinin də ciddi böhran içərisində olduğuna dair məlumatlar son vaxtlar xeyli dərəcədə intensivləşib.
Beynəlxalq Bankla kredit sövdələşməsi səbəbindən hazırda bir çox problemlər yaşayan, həbs və iflas təhlükəsi ilə üzləşənlərin siyahısının genişlənə biləcəyinə dair ehtimalları nəzərə alsaq, əgər Pirverdiyevin adıçəkilən bankla kredit mübahisəsi məhkəmə qərarına uyğun şəkildə başa çatdırılmayıbsa, onda "Azərenerji"prezidenti üçün də qarşıdakı günlərin kifayət qədər çətin keçəcəyinə dair ehtimalların reallaşması xeyli ağlabatan görünür.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05