Şahin Mustafayevin nazirliyi hara baxır?
07:24 14-05-2015
İQTİSADİYYAT
Şahin Mustafayevin nazirliyi hara baxır?
Şok! Bakıda xərçəng xəstəliyi yaradan geyimlər satılır
Paltar alarkən ilk növbədə onun ucuz və keyfiyyətli olmasını istəyirik. Lakin bəzən istəyimizlə reallıq üst-üstə düşmür. Çünki keyfiyyətli paltarlar ucuz olmur.
Bu səbəbdən bir çoxları maddi imkanı çərçivəsində ucuz geyimlər alır. Alınan geyimlər arasında brend firmaların istehsalı olan geyimlərin oxşarları da olur. Onları ilk baxışda bəlkə də orjinalı ilə fərqləndirmək olmur. Satıcılar "eyni məhsuldur, heç bir fərqi yoxdur" - deyərək həmin geyimləri ucuz qiymətə təklif edirlər. Həmin geyimlərin etiketlənməsində belə fərq hiss edilmir. Lakin bir müddət istifadədən sonra paltarların rəngi dəyişib bozarır, sapları süzülür, ayaqqabılar isə yararsız vəziyyətə düşür. Göründüyü kimi alıcılar eyni görüntüyə malik olan bu məhsulları fərqləndirməkdə çətinlik çəkdiklərindən, keyfiyyətsiz geyim malları ilə üz-üzə qalırlar.
Dermatoloq Natiq Qubadov bu barədə açıqlamasında bildirib ki, geyim keyfiyyətsiz olduqda, bu, dəridə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur: "Ona görə paltarlar geyinilməmişdən öncə yaxşıca təmizlənməsi, qaynadılması vacibdir. Ayaqqabıların keyfiyyətsiz olması isə daha çox göbələk xəstəliklərinin yaranmasına səbəb olur. Onları da geyinməmişdən öncə dezinfeksiya etmək, yaxşı yumaq lazımdır. Keyfiyyətsiz məhsullardan istifadə etməmək daha məsləhətlidir. Amma bəzən insanlar məcburiyyət qarşısında qalıb onlardan istifadə edirlər. Paltarı alanda onun keyfiyyətini bilmək mümkündür. Sintetik mallar dəridə bəzi xəstəlikləri yaradır. Kontakt nəticəsində dermatit, eqzema yarana bilər. Kimyəvi cəhətdən çirklənmiş geyimlər xərçəng törətmə riskini də daşıyır. Həmçinin belə keyfiyyətsiz paltarlarda parazitlərin qoyduğu yumurtalardan bit-birə yarana bilər və bu da nəticədə qoturluğa səbəb ola bilər."
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, keyfiyyətsiz məhsulların bazara yol açmaması üçün ölkəmizdə güclü qorunan istehlakçı siyasəti olmalıdır: "Ölkədə azad bazar iqtisadiyyatı elan olunub və hardan gəldi məhsul daşınır. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olandan sonra ölkəmizə daha çox saxta, ucuz və keyfiyyətsiz mal daxil olacaq. İstehlakçı hüquqlarını qoruyan təşkilat olaraq insanların ucuz və keyfiyyətli mal almalarını istəyirik. Lakin bir çox ölkələrdə, o cümlədən Çində tullantılardan hazırlanmış ayaqqabı, parça, geyimlər dünyaya, o cümlədən Azərbaycan bazarına göndərilir. Çinin yaxşı malları olsa da, bazarı zəif qorunan ölkələrə keyfiyyətsiz məhsulları yol açır. Bunun üçün birinci qanunvericilik effektiv olmalıdır. Çünki cəmiyyəti insanlar yox, qanunlar idarə edir".
Ekspert geyimin keyfiyyətsiz olub-olmamasını yoxlamağın bir neçə üsulunu da söyləyib: "Geyim alarkən onu ağ tənzifə sürtmək lazımdır. Əgər rəngi çıxırsa onu almağa dəyməz. Paltarın qoxusu pisdirsə, onu da almaq olmaz. Uşaq üçün paltarlar alarkən isə xüsusilə diqqət edilməlidir."
Onun sözlərinə görə, alıcı məhsulun sənədlərini tələb etmək hüququna malikdir: "Hətta ən məhşur dükanda ən saxta mala rast gəlmək olar. Bu problem sadəcə bizdə deyil, dünyanın bir çox ölkəsində var. İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Qanuna görə, istehlakçının, malın istənilən sənədini: keyfiyyət, gigiyenik və qiymət sertifikatını tələb etmək hüququ var. İstehlakçılar bu hüquqlarından istifadə etsinlər. Malın sənədlərinə baxaraq onun saxta olub-olmadığını müəyyən etsinlər. Qoxu verən paltarları, oyuncaqları almasınlar".
Amma burada şübhəsiz, ən əsas vəzifə aidiyyatı qurumların, xüsusilə Şahin Mustafayevin rəhbərlik etdiyi İqtisadiyyat və Sənaye Nazirliyinin üzərinə düşür. Nazirliyin tabeliyindəki Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaranmış təhlükəli vəziyyəti aradan qaldırmaq üçün təcili şəkildə hərəkətə keçməlidir. Bu qurumla bağlı sahibkarların və iş adamlarının narazılıqları KİV-dən bəllidir. Adıçəkilən Dövlət Xidməti bir çox hallarda biznes fəaliyyətinə qanunsuz müdaxilələr etməklə müəyyən narazılıqlara yol açır. Əvəzində isə real təhlükə mənbələri öz fəaliyyətlərini istədikləri kimi davam etdirirlər.
Halbuki Şahin Mustafayevin nazirliyi və nazirliyin sözügedən qurumu daha çox fəaliyyətini belə təhlükə mənbələrinə qarşı mübarizə məqsədilə səfərbər etməlidir. Əks halda bunun səbəbləri şübhələrə, müəmmalara gətirib çıxaracaq. Haqlı olaraq belə bir sual yaranacaq: istehlakçılar üçün ən müxtəlif aspektdən risk yaradan alış-verişlərin sərbəst şəkildə həyata keçirilməsinə göz yumulmasının səbəbi nədir?!
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13