Şərqi Ukraynada müharibəyə hazırlığı!
07:25 14-05-2015
İQTİSADİYYAT
Şərqi Ukraynada müharibəyə hazırlığı!
Mariupolda Rusiyayönlü əhvali-ruhiyyə getdikcə güclənir
"Şərqi Ukraynanın Mariupol limanı separatçıların hücumuna hazırlaşır. Küçələrdən gurultu ilə hərbi avtomobillər keçir, sakinlər artilleriya atəşinə qarşı öz evlərinin pəncərələrini bərkidir, yaşayış binalarının üzərində isə artıq ən yaxın bomba sığınacağının yolunu göstərən işarələr peyda olub". Bu ABŞ-ın nüfuzlu "Bloomberg" (ABŞ) nəşrində dərc edilən məqalədəndir (müəllifləri: Yuliya Surkova, Darina Krasnolutska).
Məqalədə daha sonra deyilir: "Yerli sakinlər qorxurlar ki, indi Rusiya prezidenti Vladimir Putin Sovet İttifaqının nasist Almaniyası üzərindəki qələbəsinin 70 illiyi münasibətilə Moskvaya təntənəli tədbirlərə gəlmiş xarici dövlət başçılarını yola salandan sonra Rusiyayönlü separatçılar onların doğma şəhərinə hücuma başlayar.
Yığma qoşunun keçən il işğal etdiyi Donetskdən Mariupola köçmüş 40 yaşlı İrina Qrinko etiraf edir ki, "Hamı elə ancaq bundan danışır. Orada qalmış dostlarım açıq-aşkar hazırlanan hücumdan danışırlar".
Yarım milyona yaxın əhalisi və sənaye mərkəzi olan Mariupol artıq tam bir il uzanan və altın min nəfərin həlak olduğu münaqişədə separatçıların işğal etdiyi ərazilərin sərhədində yerləşir. Mariupola hücum sülh haqqında Rusiya və Almaniyanın vasitəçiliyi ilə Minskdə bağlanmış sazişə son qoyar və Putin hökumətinə münasibətdə sanksiyaları sərtləşdirər. Həmçinin Ukraynanı silahlandırmaq üçün yeni çağırışların səslənməsinə səbəb olar.
Almaniya Marşall fondunun Mərkəzi və Şərqi Avropa üzrə proqramının direktoru Yorq Forbriq deyir: "Yeni hücum başlansa, Minsk sazişi tam şəkildə qüvvədən düşəcək, uzunmüdətli sülhün bağlanması barədə danışıqların aparılması üzrə yeni təşəbbüs isə, çox güman ki, gec meydana çıxacaq. ABŞ və Avropa Birliyinin bəzi ölkələrində isə Ukraynaya letal (öldürücü-red.) silahların tədarükü haqda mübahisələr təzədən başlanacaq".
"Fəlakətli nəticələr"
Mariupol rus yığma qoşununun mövqeyindən cəmi 25 km məsafədə Rusiya ilə Putinin keçən ilin martında ilhaq etdiyi Krımın arasında yerləşdiyindən yerli sakinlərin qorxmağa əsası var.
İndiyədək döyüş gedən qonşu Şirokino şəhərindən gələn partlayış səsləri Mariupol ətrafında tez-tez eşidilir. Şəhərə xeyli hərbçi gəlib. Onlar müdafiə istehkamları qurur, sığınacaqlar tikir, şəhərə gələn yolları iri beton plitələrlə bağlayırlar. Şəhərə gələn adamlar nəzarət-buraxılış məntəqələrində (NBM) xeyli sayda yoxlamadan keçməli olurlar.
Barışığın pozulmasında Rusiya Ukraynanı ittiham etsə də, keçən həftə konqresmenlər qarşısında çıxış etmiş ABŞ müdafiə naziri Eşton Karter bildirib ki, separatçılar, çox güman ki, yeni hücuma hazırlaşırlar.
Beynəlxalq müşahidəçilər məlumat veriblər ki, barışıq dövründə ən ciddi artilleriya atəşi aprelin sonunda Şirokinoda baş tutub və yığma qoşun ora tank və haubitsalar toplayıb.
Müşahidəçilər həm də xəbərdarlıq edirlər ki, Mariupola hücum diplomatların bu böhrana son qoymaq cəhdləri üçün "fəlakətli nəticələr" verə bilər.
Ukrayna ordusunun hərbçiləri ən pis varianta hazırlaşıb məktəb və universitetlərdə məşğələlər aparır və Mariupoldakı hərbi təmsilçi Dmitri Qorbunovun məlumat verdiyi kimi, vətəndaşları təlimlərə aparırlar: "Şəhəri qorumaq üçün yetərincə adamımız var. Hazırda şəhərdə bir neçə min hərbçi yerləşib. Gecə-gündüz istehkamlar ucaldılır. Cəbhə xətti tamamilə möhkəmləndirilib".
Bu arada Moskva yaxınlaşan hücumla bağlı heç bir əlamət nümayiş etdirmir. Putin istirahət günlərində Zimbabve prezidenti Robert Muqabedən tutmuş Almaniya kansleri Merkelə qədər ən müxtəlif dövlətlərin liderlərini qəbul etdi ki, bu da dünyanın bütün KİV-nin diqqətini Moskvaya yönəltdi.
Putin keçmişdə irimiqyaslı hadisələr ərəfəsndə artıq bu cür yumşaqlıq və iltifat nümayiş etdirib: məsələn, 2014cü ildə Soçidə Qış Olimpiadsı oyunları ərəfəsində keçmiş milyarder və öz opponenti Mixail Xodorkovskini, həmçinin PussyRiot qadın pank-qrupunun üzvlərini həbsxanadan azad etdi. Olimpiya oyunları başa çatandan bir neçə gün sonra Rusiya qoşunları Krımı işğal etdi. Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko iddia edir ki, gec-tez Mariupolu tutacaqlar: "Ona cinahlardan hücuma keçmək asandır və özləri təslim olacaqlar. Unutmayın ki, orada bizim ana və bacılarımız yaşayır".
Prezident Pyotr Poroşenko artıq əvvəllər məlumat vermişdi ki, yığma qoşun mayda hücuma keçə bilər. Bu hücum, çox güman ki, ABŞ və AB-nin münaqişədə iştirakını indiyədək inkar edən Rusiyaya qarşı sanksiyalarının sərtləşdirilməsinə gətirib çıxardacaq. Rusiya iqtisadiyyatı geriləmə vəziyyətinə dalır, rublun kursu isə ötən illə müqayisədə 33 % zəifləyib.
Sanksiya təhlükəsi
Merkel martın 16-da bildirdi ki, "Barışıq şərtlərinə əməl edilməsə və Mariupoldakı kimi ciddi pozuntular qeydə alınsa, onda sanksiyaların sərtləşdirilməsindən danışmalı olacağıq".
Keçmiş dənizçi, indi isə iş adamı Roman Sokolov deyir ki, Mariupolun bəzi sakinləri hələ baş verməmuiş hücum haqqında məlumatdan sonra artıq panikaya düşmürlər.
Sokolovun qrupu ölkənin şərqindəki döyüş əməliyyatları nəticəsində evlərindən məhrum olmuş könüllüləri toplasa da, Mariupolda Rusiyayönlü və separatizmyönlü əhvali-ruhiyyə kifayət qədər güclüdür. Yaşlı nəslin nümayəndələri, xüsusən də təqaüdçülər Kiyevin əleyhinə çıxış edirlər.
Hələlik vətənpərvərlik şüarları yazılmış plakatları sarı-mavi milli bayraq bəzəyir. Lakin adamların əksəriyyəti ən pis duruma hazırlıq görür.
Qrinko deyir: "Yerli biznesmenlər, hərbçilər, könüllülər və qaçqınlar Mariupol ətrafında müdafiə istehkamı ucaltmağa kömək edirlər. Onlar başa düşürlər ki, yığma qoşun bura gəlsə, uduzacaqlar. Qalanları laqeydliklə onları seyr edib Putinin gəlişini gözləyirlər".
Xodorkovskidən müdhiş açıqlamalar!
Bu arada Rusiyanın məşhur YUKOS Neft Şirkətinin keçmiş ortağı Mixail Xodorkovski ilginc açıqlamalarla çıxış edib. Tanınmış biznesmen ehtimal edir ki, Rusiyada hakimiyyət dəyişikliyi, şübhəsiz ki, yaxın vaxtlarda baş verəcək (güman ki, "saray çevrilişi nəticəsində") və qansız ötüşməyəcək: "Rusiya Putindən sonra yalnız daha yaxşı ola bilər".
Mixail Xodorkovski Almaniyanın "Welt am Sonntag"saytına verdiyi müsahibədə onu da bildirib ki, indiki Rusiya hökuməti "yüksək dərəcədə mərkəzləşdirilmiş, lakin zəif" bir hökumətdir: prezident Putin "öz seçiminə əsasən məhdud sayda məsələyə son dərəcə effektli şəkildə nəzarət edə bilər", lakin "xeyli sayda məsələni eyni zamanda həll etmək iqtidarında deyil".
Xodorkovski xatırlayıb: "Hətta sovet dövründə də siyasi büro var idi, baş katib öz qərarlarında müstəqil deyildi, sistem rejimi proqnozlaşdırmağa imkan verirdi. Putinin son illərdə institutların dağıdılması üzrə həyata keçidiyi iş isə ona gətirib çıxartdı ki, Rusiyada heç bir önləmə və müqabil sistem yoxdur" .
Keçmiş oliqarx hesab edir ki, "Putin repressiyaların genişləndirilməsinə hazırdır. O bunu çox da istəmir, bədheybət deyil. Digər tərəfdən, bu onun özü üçün də mənfi nəticələr törədə bilər. O, sərt repressiyalar üçün elitanın özünü də təmizləməyə hazır olmalıdır. Stalinin dövründə əhalinin orta hesabla 2%-i, güc strukturlarında isə hər dörd nəfərdən biri repressiya edilmişdi. Putin buna hazırdırmı? Buna şübhəm var".
Jurnalistin "Çoxları qorxur ki, Putindən sonra durum daha da pis olacaq" replikasına cavab olaraq Xodorkovski deyib: "Hesab edirəm ki, Putin öz işini sonadək görəcək. Ondan sonra ancaq daha yaxşı ola bilər".
Xodorkovskinin baxışına görə, "rejimin dəyişilməsi hökmən bizim dövrümüzdə baş tutacaq", lakin bu "Rusiya üçün o qədər də böhranlı vəziyyət deyil, rejimin Şərqi Ukraynada və Quzey Qafqazda siyasətini törədən durum daha təhlükəlidir. Mən inanmaq istərdim ki, eskalasiya olmayacaq, lakin bu ehtimal böyük deyil. Putin də davamlı eskalasiya istəmir. O, artıq başa düşür ki, orada döyüşmüş adamlar üçün daha ideal deyil. Eyni zamanda, Putin Rusiyanın silahlı vətəndaşlarının Şərqi Ukraynada mümkün qədər daha çox qalması üçün əlindən gələni edəcək. Çünki bu adamların Rusiyaya qayıtması durumu lap təhlükəli edəcək. Öz hakimiyyətininin dayanıqlığı baxımından ona dondurulmuş münaqişə sərfəli olardı. Bu həm də başqa bir səbəbə görə zəruridir. Ukraynanın iqtisadi uğurları Rusiyada sürətli demokartik dəyişikliklərin təminatı ola bilərdi. Təəssüf ki, Putin də bunu anlayır. Buna görə də onun üçün prioritetlərdən biri Ukrayna eksperimentinin uğursuzluğudur".
Xodorkovski Çeçenistan başçısı Ramzan Kadırovla Rusiyanın güc qurumları arasındakı münaqişə barədə belə deyib: "Kadırovun qruplaşması cinayətkar etnik qruplaşmadır. Qanunu müdafiə etməli olan adamlar qarışa bilmirlər, çünki bu qruplaşmanın üst örtüyü Putindir".
Oliqarxın fikrincə, Rusiyada "saray çevrilişi mümkündür" və "güc strukturlarının iştirakı ilə münaqişə bunun ilkin şərti ola bilər. Oyunun digər iştirakçıları buna qadir deyil. Kadırovla bağlı durumun göstərdiyi kimi, belə bir münaqişə meydana çıxa bilər".
Müsahibə vaxtı dialoq mövzusu bir neçə dəfə qaldırılıb - onu kimlə və necə aparmaq olar: "Qərbdə indiki Kreml rejimi ilə uzunmüddətli razılaşmaların əldə edilə biləcəyini deyən kəs ya axmaqdır, ya da yalançıdır. Hər bir razılaşma hər saniyə onun pozulmasının əlverişliliyi baxımından nəzərdən keçiriləcək. Bu onu bildirirmi ki, danışıqlar aparmaq lazım deyil? Xeyr, insanlar hətta müharibə vaxtı da danışırlar... Mənə deyəndə ki kiminləsə dialoq aparmaq mümkün deyil, öz həyatımın son 10 ilini yada salır və qımışıram. Necə oldusa, millətçi (Vladimir) Kvaçkovla eyni kameraya düşdüm. Biz normal şəkildə söhbət edir və məişət problemlərini həll edirdik. Əvvəllər düşünmürdüm ki, belə insanlarla hətta ünsiyyət imkanı tapa bilərəm... Hesab edirəm ki, hamı ilə dialoq aparmaq mümkündür, lakin bu o demək deyil ki, hamı bağışlanmalıdır. Onun tərəfdarıyam ki, tövbə edənlər bağışlansın. ("Rosneft"in prezidenti İqor) Seçini mühakimə etməyinə dəyərdi. Mən məhkəmədə şahid ifadəsi ilə çıxış etməyə hazır olardım".
Xodorkovski Rusya həbsxanasından azad olunması haqda deyib: "Mən dərk edirəm ki, bu imkanlar pəncərəsi müəyyən adamların - (Hans-Ditrix) Genşerin, (Angela) Merkelin və bizim hüquq müdaiəçilərinin köməyi ilə açıldı. Hər şeyi xatırlayıram, mən insanam və bu, Almaniyanı, Merkeli və Putini şəxsən qavramağıma emosional təsir göstərir".
Xodorkovski özünü Putinin böyüdüyü mühitin təmsilçisi hesab edir: "Biz eyni şəraitdə tərbiyə olunmuşuq. Onun danışıqlarına baxanda, uşaqlığımız son dərəcə oxşar olub. Ancaq mən planlı şəkildə "küçə"ni özümdən yox etməyə cəhd edirdim. Putin isə prezident olduqdan sonra onu özündə becərməryə başladı".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05