Məmur himayəsindəki "ət mafiyası"nın yeni sensasion gizlinləri
13:14 15-05-2015
İQTİSADİYYAT
Məmur himayəsindəki "ət mafiyası"nın yeni sensasion gizlinləri
"Vosmoy bazarı"nda mənşəyi məlum olmayan ət müəmması!
Paytaxtın "8-ci kilometr bazarı"nda mənşəyi məlum olmayan ət aşkarlanıb. Bu barədə məlumatı bazarın yaxınlığındakı ticarət mərkəzlərindən birində işləyən vətəndaş verib.
Onun sözlərinə görə, bir neçə gün öncə bazarda mənşəyi məlum olmayan ət yük arabasına qoyularaq, alqı-satqı mərkəzinin ət satışı hissəsinə gətirilib.
Sayta təqdim edilən fotolardan da göründüyü kimi, bu ətin hansı heyvana məxsus olması məlum deyil.
Hadisənin şahidi olmuş vətəndaş bildirib ki, ət araba vasitəsilə daşınarkən onun parçaları böyük olduğundan bir neçəsi yerə düşüb. Lakin satıcılar heç nə olmamış kimi onları yerdən götürərək yollarına davam ediblər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli bildirib ki, həmin faktla bağlı "8-ci kilometr" bazarında araşdırma aparılıb. "Araşdırma zamanı bəlli olub ki, bazara Dərnəgül, Təzə bazar və digər heyvan kəsim və topdansatış məntəqələrindən gətirilən heyvan cəmdəkləri 4 hissəyə bölünərək şaqqalanmış formada daxil olur. Ətlər bazara xüsusi avtonəqliyyatla gətirilir. Lakin bazarın ət satışı yerinə avtonəqliyyat daxil ola bilmədiyindən cəmdəklərin daşınması xüsusi ayrılmış arabalar vasitəsi ilə icra edilir. Arabalara yüklənən cəmdəklər qaydalara uğun xüsusi örtüklərə bükülür və sonra daşınır. Həmin arabalarla digər məhsulların daşınmasına yol verilmir və buna bazar rəhbərliyi tərəfindən xüsusi nəzarət edilir".
O qeyd edib ki, şəkildə göstərilən formada ətin daşınması baytarlıq-sanitariya qaydalarına ziddir və bu yolverilməzdir: "Araşdırma zamanı göndərilən şəkillərin burada çəkilməsi şübhə doğurdu. Çünki şəkildə üst-üstə yığılaraq daşınan heyvanın bel sütunudur. Bazara gətirilən iribuynuzlu heyvan cəmdəkləri 4 hissəyə bölünür, xırdabuynuzlu heyvan cəmdəkləri isə bütöv formada daşınır və baytarlıq-sanitariya ekspertiza laboratoriyasının müayinəsindən keçdikdən sonra onun satışına icazə verilir. Bütün bunlara baxmayaraq, bazarda baytarlıq-sanitariya normalarına əməl edilməsi, nəzarətin ciddi formada həyata keçirilməsi bazar rəhbərliyinin və orada fəaliyyət göstərən baytarlıq mütəxəssislərinin diqqətinə bir daha çatdırıldı".
Bu arada dünən məlum olub ki, qanunsuz fəaliyyət göstərən ət satış məntəqələrinin sahiblərinə xəbərdarlıq olunub. I Avropa Oyunları ərəfəsində paytaxt, eləcə də paytaxtdan kənardakı bütün ət satış məntəqələrində sanitar - gigiyenik qaydalar yoxlanılacaq. Yol kənarlarında açıq şəkildə ət satışı həyata keçirən, eləcə də qanunsuz fəaliyyət göstərən ət satış məntəqələrinin sahibkarları cərimələnəcək. Respublika gigiyena və epidimiologiya mərkəzinin qidalanma söbəsinin müdiri İmran Abdullayev deyir ki, ət satışı ilə məşğul olanların əksəriyyəti cərimə olunub. Çünki, onlar heyvan kəsimindən sonra heyvanın qalıqlarını natəmiz yerlərə atırlar. Bu isə gigiyenik qaydalara zidd hərəkətlərdir.
Onu da deyək ki, Azərbaycanda zaman-zaman "ət mafiyası"nın bu cür və digər əməlləri ilə bağlı faktlar ortaya çıxır. Həm vətəndaşların sağlamlığını təhdid edərək genefondumuza ciddi təhlükə yaradan, həm də qeyri-qanuni kifayət qədər iri vəsaitlər qazanan "ət mafiyası"nın bir çox hallarda müəyyən məmurlar tərəfindən himayə edildiyi şübhə doğurmur. Əks halda aidiyyatı qurumlar onlara qarşı daha sərt, güzəştsiz tədbirlər görər, haqqında danışılan qanunsuz və təhlükəli əməllərin kökü birdəfəlik kəsilərdi.
O da bəllidir ki, Bakıdakı ət kəsimi məntəqələrinin bir çoxu bəzi məmurların ciddi gəlir qaynaqlarından birini təşkil edir və onlar vəziyyətin müsbətə doğru dəyişməsində - "ət biznesi"nin qanunlara və sanitar-gigiyenik tələblərə uyğun həyata keçirilməsində maraqlı deyillər.
Bununla belə, artıq yaranmış situasiyaya əlaqədar qurumların əl atmasının vaxtı nəinki yetişib, hətta onlar bu məsələdə gecikirlər. Hansısa məmurun çirkli yollarla iri pullar qazanması vətəndaşların sağlamlığından, genefondumuzun qorunmasından daha önəmli olmamalı, xoşagəlməz vəziyyəti dəyişdirmək üçün hansı məmurların payı olmasından asılı olmayaraq, ət biznesi ciddi, obyektiv, güzşətsiz və qanunun tələblərinə uyğun şəkildə nəzarətə götürülməlidir.
Əks halda yaranmış acınacaqlı durumdan qazanan məmurlar, itirən isə xalq olacaqdır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05