Deputatın evindən silah-sursat aşkarlandı
13:05 16-05-2015
İQTİSADİYYAT
Deputatın evindən silah-sursat aşkarlandı
Hacı Qalib Salahzadə evindən çıxan silahları xidmətçilərin və mühafizəçilərin üstünə yıxır
Azərbaycanda gündəm bir çox tanınmış iş adamlarının həbsi ilə bağlı xəbərlərlə sarsıldığı vaxtda başqa bir sensasion xəbər yayılıb. Xəbərdə bildirilir ki, Milli Məclisin deputatı Qalib Salahzadənin evindən silah-sursat aşkar edilib.
"Qafqazinfo"nun xəbərinə görə, onun Bilgəhdə yerləşən evində bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında axtarış aparılıb.Axtarış nəticəsində deputatın evindən külli miqdarda silah-sursat tapılıb.
Faktla bağlı dindirilən Hacı Qalib Salahzadə ifadəsində bildirib ki,bu sİlah-sursatdan xəbəri yoxdur,orada yaşamır və həmin evdə xidmətçilər və mühafizəçiləri qalır.
Deputatın evində belə bir əməliyyat keçirilməsini hüquq-mühafizə orqanlarından da təsdiqləyiblər.Məlumata görə əməliyyatı polis keçirib. Artıq məsələ DİN rəhbərliyinin nəzarəti altındadır və hazırda ciddi araşdırmalar aparılır.
Amma Qalib Salahzadənin özü dünənki açıqlamalarında belə bir faktın baş vermədiyini, məlumatın ona qarşı təxribat olduğunu bildirib.
"Gətirin əlimi Qurana basım ki, evimdən silah-sursat tapıldığı barədə bu gün mətbuatın yaydığı xəbərlər yalan və iftiradır" - deyən Qalib Salahzadə KİV-i şayiə yaymaqda ittiham edib. Bununla yanaşı, o, "kişinin dalınca danışarlar" deyib.
Qeyd edək ki, Sabunçu rayonundan millət vəkili olan Qalib Salahzadə həm də Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır.
Bundan başqa, Q. Salahzadənin adı indiyədək bir çox qalmaqallı mövzularla bağlı gündəmə gəlib. Əldə etdiyimiz məlumata görə, Salahzadənin parlamentdəki bir çıxışı isə onu hakimiyyətdaxili çevrələrdə ciddi qəzəb hədəfinə çevirib. Belə ki, o, ötən ilin sonlarında "Bələdiyyələrin statusu haqqında" qanun layihəsinin müzakirəsi zamanı demişdi: "Onsuz da bilirik ki, kimlər bələdiyyəyə seçiləcək. Burda təəccüblü bir şey yoxdur. Bütün deputatlar da bilir ki, kim bələdiyyə sədri olacaq. Bir az cürətli danışdım, amma düz danışdım".
Salahzadənin bu "cürətli çıxışı"nın ona qarşı səbr kasasını daşırdığını demək mümkündür. Ola bilər ki, nəinki bələdiyyə seçkilərinin, ümumiyyətlə, Azərbaycanda keçirilən seçkilərin legitimliyini zərbə altında qoyan bu qeyri-korrekt çıxışa görə indi onun "cəzalandırılmasına" qərar verilib. İstisna deyil ki, evindən silah-sursat tapılması deputata bundan sonrakı danışıqlarını və davranışlarını korrektə etməsi üçün ciddi bir xəbərdarlıqdır.
Bundan başqa, məlumatlar var ki, artıq qudası Hacı Allahşükür Paşazadə də onu qorumaqdan imtina edir. Ümumiyyətlə, Bütün Qafqazın Şeyxinin son illərdə adının qohumları ilə bağlı müxtəlif qalmaqallarda hallanmasından ciddi şəkildə narahat və narazı olduğu, bu səbəbdən də artıq hansısa yeni qalmaqal yarandıqda onlara hər hansı formada himayəçilik etmək istəmədiyi bildirilir.Elə indi Salahzadə məsələsində də Şeyxülislamın kənara çəkildiyi gələn xəbərlər arasındadır.
Eyni zamanda o da bildirilir ki, hətta Allahşükür Paşazadə indiki situasiyada Salahzadəyə yardım əli uzatmaqdan imtina etməsə belə, Hacı Qalib Salahzadənin payızda keçiriləcək parlament seçkilərində mandat qazanmayacağı birmənalıdır. Həmçinin deputatın biznes qaynaqlarının da əlindən çıxacağı şübhə doğurmur.
Bundan başqa, tapılan silah-sursatın mənbəyi və təyinatı da maraq doğurur.Həmin cəbbəxananın hansısa başqa niyyətlər, o cümlədən, siyasi məqsədlər üçün istifadə edilməsinin planlaşdırılıb-planlaşdırılmadığı yəqin hüquq-mühafizə orqanlarının aparacağı araşdırmalardan sonra aşkarlanacaq.
O da maraqlıdır ki, dünən gün ərzində Hacı Qalib Salahzadə müxtəlif xəbər saytlarına açıqlamalarında yayılan məlumatı inadla və israrla təkzib etməyə çalışsa da, kifayət qədər ciddi ictimai rezonans doğurmuş bu informasiyaya dair heç bir rəsmi yalanlama gəlməyib. Bu da deputatın evində silah-sursat tapıldığına dair iddiada həqiqət payının kifayət qədər yüksək olduğunu düşünməyə əsas yaradır.
Deputatın silah-sursatın tapıldığı evdə xidmətçilərinin və mühafizəçilərinin qaldığını deməklə vəziyyətdən çıxmağa çalışması isə başqa suallar yaradır. Doğrudanmı, onlar qaldıqları evdə millət vəkilindən xəbərsiz şəkildə, özbaşına olaraq bu qədər silah-sursat saxlayıblar? Ümumiyyətlə, deputatın mühafizəçilərinin hamısının eyni evdə qalmasının səbəbi nədir? Onların sayı çoxdursa, bir millət vəkilinin belə çox sayda cangüdən saxlamaq ehtiyacı nədən yaranıb?
Hər halda indilikdə bu suallara birmənalı, konkret cavablar vermək çətindir. Yəqin ki, Hacı Qalib Salahzadənin adı ətrafında yeni və kifayət qədər ilginc proseslərin sonrakı gedişləri həmin suallara cavab tapılmasına kömək edəcək. Odur ki, gözləyək.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53