Bakıda dəhşətli faciə
05:54 20-05-2015
İQTİSADİYYAT
Bakıda dəhşətli faciə
16 nəfər öldü, 60-dan çox adam yaralandı
Dünən Bakıda Binəqədi rayonu ərazisində, Azadlıq prospekti 289 ünvanında yerləşən çoxmərtəbəli binada yanğın başlayıb. Qısa müddət sonra yanğın bütün binanı bürüyüb.
Yanğının söndürülməsi üçün havaya Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopterləri qaldırılıb. Bundan başqa, əraziyə təcili tibbi yardım briqadaları cəlb edilib.
Hadisədən bir müddət sonra faciə yerinə daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov, müavini Rüstəm Usubov, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəliblər.
Təxminən saat 15.30 radələrində fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev yanğının söndürüldüyünü bildirib. Hadisə yerinə 12 helikopterin cəlb olunduğunu deyən nazir müavini əlavə edib: "Binada 54 mənzil var.Bütün qapılar açılıb, evdə olan hər kəs çıxarılıb.Bina tam boşaldılıb, yanğının səbəbi araşdırılır. Qısa müddətdən sonra yanğınla bağlı geniş məlumat veriləcək. Yanğın zamanı evdən çölə çıxmayanların hamısı xilas olunub. Kimlər ki, bloka qaçıb, onlar tüstüdən boğularaq ölüb".
Nazir müavini həmçinin qeyd edib ki,yaralananlar arasında FHN əməkdaşları da var.
Əldə olunan ən son xəbərə görə, yanğın zamanı ölənlərin sayı artıq 16 nəfərə çatıb, xəsarət alanlar sayı isə 60-dan çoxdur.
Baş prokuror yanğının səbəbini açıqladı
Azərbaycanın baş prokuroru Zakir Qaralov Binəqədi rayonunda baş verən güclü yanğının ilkin səbəbini açıqlayıb.
Hadisə yerinə gələn Baş prokuror bildirib ki, yanğın binanın üzlüyünün keyfiyyətsiz olması səbəbindən baş verib. Zakir Qaralov deyib ki,bu sahədə ixtisaslaşdırılmış kadrlar istintaqa, əməliyyat qrupuna cəlb olunub: "İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək".
Yanğınla əlaqədar
istintaq və
əməliyyat-axtarış
tədbirləri
Azərbaycan Prezidentinin nəzarətindədir
Saat 16 radələrində Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğuun yaydığı birgə rəsmi məlumatda isə bildirilib ki, mayın 19-da, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən və saat 14 radələrində lokallaşdırılan yanğınla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.
Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir.
Araşdırmaların gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
FNH operativ
qərargah yaratdı
Dəhşətli yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən isə operativ qərargah yaradılıb.
Qərargahda sakinlərə yanğın zamanı binada qalanlar barədə operativ məlumatlar verilir.
Yanan fasad
haqqında həqiqətlər
Qeyd edək ki, Bakıdakı binaların üzünə vurulan fasadların hazırlanması zamanı poliuretan maddəsindən istifadə edilir. Bu fasadları idxal edən şirkət "Global Construction"-dur. Şirkət Bakı şəhəri, A.Gəraybəyli küçəsi, 23a ünvanda yerləşir.
Bildirilir ki, "Global Construction"a daxil olan "Global Stone" MMC regionda poliuretan fasad örtüyünün yeganə istehsalçısıdır. ""Global Stone" şirkətinin məhsullarının çeşidi binaların fasadlarının dizaynları üzrə geniş imkanlar yaradır. Şirkətin məhsulları Azərbaycanda ilk dəfə olaraq "TÜV-AUSTRİA" tərəfindən CE Avropa uyğunluq sertifikatına layiq görülüb",- deyə şirkətə aid saytda bildirilir.
Bəs poliuretan maddəsi nədir? Bu plastmas materialın 97% hissəsi qaz kürəciklərindən ibarətdir. Mərmər üzlük isə yüksək hərarətlə ona birləşdirilir.
Poliuretan maddəsinin yanğın təhlükəsi olduqca yüksəkdir. Yanması zamanı zəhərli qaz ixrac olunur. Yanğın zamanı poliuretanın hərarəti 325-345 dərəcəyə qalxır.
Təəssüflər olsun ki, Bakıda belə binaların sayı çoxdur. Belə yanğınların yenidən baş verməyəcəyinə isə heç kim təminat vermir.
"Binalara vurulan
üzlük material
oliqarxların sexində
istehsal olunur"
"Bakıda baş verən yanğın hadisəsi çox dəhşətlidir. Bütün bina faktiki olaraq külə döndü. Bu, yolverilməz və çox ciddi məsələdir. Əhalini təhlükəyə atmaq, daim təşviş içərisində saxlamaq qətiyyən yolverilməzdir". Bu sözləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.
Onun fikrincə, Azərbaycan hökuməti, Fövqəladə Hallar Nazirliyi, xüsusi xidmət orqanları məsələyə münasibətini bildirməli, mövqeyini ortaya qoymalıdır: "Ümumiyyətlə, binaların tez alışan materiallarla üzlənməsi qadağan edilməlidir. Hansısa biznesmen öz malını satır, Bakı Şəhər İcra Hakimiyyəti də buna icazə verir, baş verənlərə göz yumur".
Deputat deyib ki, binaların belə tez alışan materiallarla üzlənməsi qadağan edilməlidir: "Bakıda ikinci belə hadisə yaşanır. Düşünürəm ki, binaların üzlüklərinin sökülməsi müzakirə olunmalıdır. Çünki o insanlar hər an təhlükə içərisindədirlər. Rusiyada, Çexiyada binaların üzlənməsi üçün ucuz başa gələn, amma yanmayan materiallardan istifadə edilir. Həmin material hətta 100 dərəcə temperaturda da yanmır. Bizdə istifadə olunan material isə oliqarxın, biznesmenin sexində istehsal olunur. Ucuz başa gəldiyindən də geniş istifadə edilməyə başlayıb. Məsələni başlı-başına buraxmaq olmaz, ciddi məsələdir".
Abutalıbov məsuliyyəti üzərindən atdı
"Binada baş verən yanğınla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət edin, bizə yox...". Bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun şəxsi telefonuna cavab verən köməkçi xanım bildirib. "Baş verənlərdə Bakı Şəhər İcra Hakimiyyətini, Hacıbla Abutalıbovu günahlandırırlar" fikirlərinə cavab olaraq xanım belə deyib: "Bu məsələ Hacıbala müəllimlik deyil".
Xanım bir daha "müvafiq qurumlara müraciət edin" deyərək telefonu söndürüb.
Bakıdakı bina üzlükləri dəhşət saçır
Tikinti sahəsi üçün ixtisaslaşmış alim Rafiq Salahov isə Bakıda xeyli binanın üz örtüyünün təhlükəli olduğunu deyib.
Mütəxəssis qeyd edib ki, həmin üz örtükləri təhlükə mənbəyidir: "Həmin plastik maddə yanmağa çox meyillidir. Ekoloji cəhətdən də insan orqanizmi üçün zərərlidir. Fiziki cəhətdən binaya gözəl görüntü bəxş edə bilər. Ancaq həmin maddə çox tez yanır. Təkcə siqareti onun üzərinə atan zaman alışıb-yanır. Həmin üz örtüklərinin üstünə adi bir kibrit dənəsi də düşən kimi alışır. Üz örtüklərinin yanğına bir az davamlı olması üçün xaricdən boyaq maddələri də gətirilir. Həmin boyaq maddələri yanğının qarşısını bir az alır".
Mütəxəssis həmçinin qeyd edib ki, həmin üzlük materialın çəkilməsi heç də ucuz başa gəlmir: "Belə ki, həmin üzlüyün bir kvadrat metri 100 manata başa gəlir. Material çox yüngüldür. Yaşayış binalarına ondan qətiyyən çəkmək olmaz. Həmin üz örtükləri səriştəsiz mütəxəssislər tərəfindən çəkilib. Yəqin ki, kimlərsə ayrılan pulları yemək üçün belə bir hala yol verirlər. Hansısa şirkətin məhsullarıdır ki, binaların üzərinə çəkirlər və belə hallar baş verir".
Məmur tamahkarlığının faciəvi sonluğu
Qayıdaq Bakıda baş verən, bütün ölkəni şoka salan, yasa qərq edən faciənin pərdəarxasına. Əslində ötən ay paytaxtın başqa bir ərazisində - Alfred Nobel prospektində, Zığ Şossesi kəsişməsində, Nargilə kafesinin arxasında yaşayış binasında baş verən qorxunc yanğın dünənki dəhşətli faciənin xəbərçisi sayıla bilərdi. Həmin yanğında tələfat olmasa da, dünən baş verən hadisənin nəticələri ürək dağlayır.
Ümumiyyətlə isə uzun müddətdir müstəqil ekspertlər və KİV-lər Bakıda binalara vurulan üzlüklərin keyfiyyətsizliyi barədə həyəcan siqnalı çalır. Amma təəssüf ki, əlaqədar qurumlar bu günədək həmin həyəcan siqnallarını eşitməzlikdən gəldilər, göründüyü kimi, bunun nəticələri isə ağır oldu.
Şübhə doğurmur ki, binaların keyfiyyətsiz şəkildə üzlənməsi ilk növbədə məmur tamahkarlığının nəticəsidir. Paytaxtda abadlıq və yenidənqurma işlərinin aparılması üçün kifayət qədər iri məbləğdə büdcə vəsaitləri ayrılsa və xərclənsə də, görülən işlərin keyfiyyəti həmişə şübhə doğurub. Çünki ayrılan pulların böyük hissəsinin təyinatı üzrə xərclənmədiyi və kimlərinsə cibinə axdığı əslində hər kəsə çox yaxşı bəllidir.
Düzdür, əlaqədar strukturlar daim belə şübhələri yalan çıxarmaqla məşğul olublar, amma dünən baş verən faciə Bakıda binaların fasadlarının necə qorxulu təhlükə mənbəyinə çevrildiyini açıq şəkildə göstərdi. Halbuki məmur tamahkarlığı və müəyyən qurumların biganəliyi olmasa onlarla insanın ölümü və xəsarət alması ilə nəticələn faciə baş verməyə də bilərdi.
İndi sual olunur: Azərbaycana keyfiyyətsiz bina üzlüklərini kimlər gətirir və ya onlar kimlərin müəssisələrində istehsal olunur? Belə üzlüklərin binalara vurulmasına kimlər və hansı şərtlər altında razılıq verirlər? Bu binaların təhvil-təslim aktını imzalayanlar hara baxırlar, nəyin müqabilində ölüm saçan fasadlara göz yumurlar?
Ümid edək ki, dəhşətli faciə ilə bağlı açılan cinayət işinin istintaqı bu suallara da cavab tapılmasını təmin edəcək, hadisəyə hüquqi qiymət veriləcək, günahkarlar məsuliyyətə cəlb olunaraq cəzalandırılacaq.
Bakıda və bölgələrdə oxşar təhlükələrin qısa zamanda aradan qaldırılması istiqamətində də zəruri addımların atılması vacibdir. Əks halda dünənki faciənin yenidən təkrarlanmayacağına heç bir təminat yoxdur.
Sonda «Unikal» qəzetinin redaksiyası faciədə ölənlərə allahdan rəhmət diləyir, kədərli ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tez bir zamanda sağlamlıqlarına qovuşmasını, bu hadisənin pərdəarxası bütün məqamlarının araşdırılmasını və məsuliyyəti olanların cəzalandırılmasını arzulayır.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05