Avrasiya İqtisadi Birliyi can verir
06:01 20-05-2015
İQTİSADİYYAT
Avrasiya İqtisadi Birliyi can verir
Rusiyalı məmurun təklif etdiyi "vahid investisiyalar" nədir?
Xarici siyasəti miskin, daxili siyasəti isə idarə olunan vətəndaşların haqlarının kobudluqla pozularaq onları adi kütləyə döndərməyə yönəlmiş cəhdlərdən ibarət olan rejim devrilməmək üçün mütləq kənarda hami, arxa, dəstək aramalıdır.
Belə rejimlərə arxa duran dövlət də həmişə yalnız öz maraqlarının təminatına can atdığından, "strateji müttəfiq və sadiq tərəfdaş" adlandırdığı ölkəni amansızlıqla istismar edir.
Metropoliya ilə müstəmləkə arasında münasibətlərin qısa səciyyəsi belədir.
21-ci əsrdir və indi klassik anlamda müstəmləkələr yoxdur. Olanlar "böyük" sayılan dövlətlərdən tam asılı vəziyyətə düşmüş kiçik ölkələrdir. Belə ölkələrdə iqtidarda olan dəstə sadəcə, öz maraqlarını güdən merkantil fiqurlardan ibarətdir və onları ümummilli mənafelər adlandırıla biləcək məsələlər qətiyyən ilgiləndirmir.
Rusiyanın postsovet məkanında yeni layihələrindən biri sayıla biləcək Avrasiya İqtisadi Birliyinin (AİB) üzv ölkələr üçün nəzərdə tutulmuş texniki reqlamentləri artıq qüvvəyə minməyə başlayıb. Onlar tam tətbiq olunanadək, yəni bundan sonrakı 2 il ərzində isə üzv dövlətlərin mövcud qanunvericiliyində dəyişikliklər olmayacaq.
Durum AİB üzvü olan Ermənistana da təbii ki, şamil olunub.
Avrasiya Komissiyasının Kollegiyası belə qərar verib.
AİB-in ticari nişanları da yalnız 2 il sonra işə salınacaq.
Yəni Avrasiya İqtisadi Birliyinin yaradılması barədə müqavilənin qüvvəyə minməsindən cəmi bir neçə ay sonra bu qurumun praktiki fəaliyyəti 2 il müddətinə təxirə salınıb. İki il sonra nələrin olacağı bilinmir. Amma hələlik Rusiya başda olmaqla AİB üzvləri, yəni Qazaxıstan, Belarus və Ermənistan da qurumun mövcudluğuna əsla şübhə etmədiklərini, üstəlik, təşkilatın "əsl demokratiya nümayiş etdirərək" üzv ölkələrə 2 illik "fəaliyyət azadlığı" verdiklərini göstərməyə çalışırlar.
Halbuki AİB bəyanatlar və çıxışlara, vədlər və nitqlərə, sənədlər və anlaşmalara rəğmən nə gömrük, nə də iqtisadi birlik ola bildi. AİB Kollegiyasının üzvü, yəni nazir statusunda olan Andrey Slepnyov Yerevanda olarkən deyib: "Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərdə ticarətin ümumi dövriyyəsində 10 faizlik geriləmə var. Üfqi azalma, tələbatın aşağı düşməsi müşahidə olunur. Yaxşı sərmayə gözləntiləri yoxdur və irəliyə doğru konkret yol da görünmür".
Onun sözlərinə görə, ticarətin aktivləşdirilməsi və AİB-ə qoşulmuş ölkələr arasında ticari mübadilənin artırılması yolları mayın 29-da müzakirə olunacaq: "Birlik yaxşı qurumdur, yaxşı imkanlar yaradır. Amma problemləri həll etməliyik". A.Slepnyov daha sonra problemlərin həlli yollarından biri kimi vahid investisiyaları təklif edib.
Çox "maraqlı" təklifdir. Rusiyalı məmurun təklif etdiyi "vahid investisiyalar" nədir?
Moskva AİB ölkələrinə onun razılığı və ya xəbəri olmadan yönələ biləcək maliyyə axınlarını, investisiyaları tam nəzarətə almaq, prosesi kontrolda saxlamaq istəyir.
Xəbərdarlıq Ermənistana da aiddir.
Ermənistan prezidenti Serj Sarkisyan bu günlərdə ölkədə ABŞ-ın "Contour Global" şirkətinin fəaliyyət göstərə biləcəyini deyib. Vortan hidrokaskadını, demək olar ki, tam satın alan şirkət Ermənistanın elektroenerji sektoruna 250 milyon dollar həcmində sərmayə yatıracağını vəd edib.
Rusiya Cənubi Qafqazdakı "forpost"u saydığı Ermənistana amerikalıların belə sərmayələr yatırmağına imkan vermək istəmir.
Ona görə də AİB çərçivəsində "vahid investisiyalar" təklif olunur.
Mayın 29-da Qazaxıstanda, Burabay qəsəbəsində AİB-in hökumətlərarası şurasının toplantısı olacaq. Toplantıda Qırğızıstanın da AİB-ə "könüllü" qoşulması, habelə Vyetnamla "Azad ticarət zonası haqqında" anlaşmanın imzalanması nəzərdə tutulub.
Nikbin bəyanatlar, perspektiv planlar təsiri bağışlayan istəklərdir.
Amma artıq aydındır ki, Avrasiya İqtisadi Birliyi, üstəlik bu quruma üzv dövlətlərin iqtisadi-maliyyə proseslərinə nəzarət Rusiya üçün ağır problem, daşıya bilməyəcəyi yükdür.
Məhz bu səbəbdən də Moskva AİB-in mövcudluğunu şərtləndirən iqtisadi proseslərin başlanğıcını 2 il müddətinə təxirə salıb.
Rusiya ilkin məqsədinə çatıb və sırf geosiyasi layihə olan Avrasiya İqtisadi Birliyini yaratmaqla qarşısına qoyduğu siyasi hədəflərini reallaşdırıb.
Ermənistanla bağlı planlar isə yerinə yetirilib. Belə ki, AİB-ə üzvlük məsələsi gündəmə gətiriləndən sonra Ermənistanın Avropa Birliyi ilə assosiasiyası barədə anlaşma imzalanmadı, Yerevanın İranla ticari-iqtisadi əməkdaşlığı zəiflədildi, Ermənistanın Qərbdə aktiv şəkildə investisiyalar axtarışlarının dayandırılmasına göstərişlər verildi.
Rusiya indi rahatlana bilər - Ermənistanın boyuna keçirilmiş ilgəyi bir qədər boşaltmaq olar.
İki il sonra həmin ilgəyi yenidən dartmaq və Yerevandakı rejimi yeni güzəştlərə, Moskvadan aldığı göstərişləri mütiliklə yerinə yetirməyə vadar etmək olar.
Əsas məsələ itaətdir. Yerevansa Moskvanın boyunduruğundan yaxın illərdə çıxa bilməyəcək.
Orxan Hun
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05