"Milli-mənəvi dəyərlər və müasirlik"
06:02 20-05-2015
İQTİSADİYYAT
"Milli-mənəvi dəyərlər və müasirlik"
"Xristianlıq Afrikaya gəldiyi zaman afrikalıların torpağı,
xristianlarınsa İncilləri var idi. Xristianlar bizə gözlərimizi
bağlayaraq,dua və ibadət etməyi öyrətdilər. Gözlərimizi açdıqda
onlar bizim torpaqlarımızı, biz də onların İncillərini almışdıq"
Kenyanın ilk baş naziri Cono Kenyatta
"Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini,dinini,milli ənənələrini unutmamalıdır.Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır".Azərbaycanda dövlət quruculuğunun ilk zamanlarında ümumilli lider Heydər Əliyevin dediyi bu sözlər əslində,milli-mənəvi dəyərlərimizin qorunmasının başlıca prinsipinə çevrildi.
Çünki inteqrasiya,qloballaşma, sivilizasiyaların fərqliliyi dünya siyasətində yeni addımlayan dövlətlərin,millətlərin milli dəyərlərinə təsirsiz ötüşmürdü. Məlum olduğu kimi,yad mədəniyyətlər,fərqli dini cərəyanların Azərbaycana axınının şahidi olduq və bu özlüyündə keçmişdən qopmaya münbit şərait yaradırdı.Amma Heydər Əliyevin bu yanaşması və mövcud yanaşmanın azərbaycançılıq ideologiyası ilə sütunlaşması Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasına müstəsna müsbət təsirini göstərdi.Bu gün isə Azərbaycan tolerantlığın, mədəniyyətlərarası dialoqun bir mərkəzinə çevrilməkdə,öz genetik kodlarını qorumaqdadır. Hələ bir neçə il öncə Azərbaycan tolerantlığın, mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilmə xətti tutanda bir çox ekspertlər düşünürdü ki, Azərbaycanın milli-mənəvi dəyərləri istər Şərqdən, istərsə də Qərbdən gələn baxışların, mədəniyyətin təsiri ilə sıradan çıxacaq.Amma o zaman Heydər Əliyev Fondunun prezidenti,millət vəkili Mehriban Əliyeva maraqlı bir fikirlə çıxış etdi: "Azərbaycan bütün mədəniyyətlərə açıq olmalıdır. Öz mədəniyyətinə inamı və genetik kodlarını qorumaq səbəbiylə".Əslində,bu, ümumilli lider Heydər Əliyevin Azərbaycan üçün cızdığı yaşam xəritəsinin bir hissəsi idi.Və bu məqam sübut etdi ki, Azərbaycan Ermənistan və digər dövlətlər kimi yad təsirlərdən qorunmaq üçün qapalı cəmiyyətə çevrilmək niyyətində deyil və dünyaya açılmaqla əslində, Azərbaycanın milli və mənəvi dəyərlərini təbliğ etmək,müasir dünyaya inteqrasiya etmək niyyətindədir.Və bu proses heç də pərakəndə şəkildə yox, ciddi fəlsəfi yanaşmalara, praktik təcrübələrə əsaslandı. Elə götürək Azərbaycanda dini tolerantlığı,sirr deyil ki, milli-mənəvi dəyərlərin formalaşması və müasir dünyaya inteqrasiyası zamanı dini məqamlar bəzi hallarda fəsadlar yaradır və bu düzəni pozur. Bu gün inkişaf etmiş Avropanın özü belə sivilizasiyaların toqquşmasından qurtula bilmir, islamafobiya az qala, yaşam tərzinə çevrilib.Azərbaycana gəldikdə isə bunun tam əksini görürük.Bu məqamda isə filosof Spinozanın bir fikri yada düşür: "Peyğəmbərlərin etikası müdrikliklə sinonimdir, insanlar onlara dərin ehtiram zamanı Tanrıya intellektual məhəbbət səviyyəsində yüksəlirlər".
Hesab etmək olar ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasında,dini tolerantlığın formalaşmasında bir prinsip əhəmiyyətli rol oynayır və bu səbəbdən ümumilikdə cəmiyyətdə bir aqnostik yanaşma var. Bu yanaşma əslində, genetik kodlarımızın zənginləşməsinə müsbət təsirini göstərir. Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və müasir dünya ilə ayaqlaşmasının başlıca səbəblərindən biri də dövlət və din arasında məsafənin olması, milli-mənəvi dəyərlərin qorunması üçün isə dövlətin himayədarlıq etməsidir. Əslində, bu, Tolstoyun maraqlı bir fikrini yada salır: "Yarıya qədər yaxşı olmaq olmaz, necə ki, yarıya qədər hamilə olmaq olmur". Həqiqətən də bu gün dinin dövlətdən kənarda olması, milli-mənəvi dəyərlərin isə dövlət tərəfindən himayəyə götürülməsi bir bütövləşmədir və bu səbəbdən hansısa yarımçıqlığın şahidi olmur və qloballaşmada Azərbaycan modelini qoruyub saxlaya bilirik.
Ekspertlər hesab edir ki,bu gün bu sahədə tam bir şəffaflığın olmasının,inteqrasiyaya açıq olmağımızın başlıca səbəblərindən biri məhz, yuxarıda göstərdiyimiz kimi, dinin dövlətdən ayrı olmasıdır. Hələ yüz illər öncə filosof Kant hesab edirdi ki,din özlüyündə əxlaqi kodeksi mühakimə edə bilməz.Din sadəcə, insan nəslinin əxlaqi inkişafına kömək etməlidir. Hesab etmək olar ki, əsası ümumilli lider Heydər Əliyev tərəfindən formalaşan və bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən milli-mənəvi dəyərlərin qorunması konsepsiyasının kökündə bu amil dayanır.Başqa cür desək, mövcud olan bütün yeniliklər, cəmiyyətin tanış olduğu yeni konsepsiyalar dərindən öyrənilir və milli-mənəvi dəyərlərimizin inkişafına doğru istiqamətləndirilir. Prezident İlham Əliyev məhz bu səbəbdən açıq şəkildə bəyan edir:"Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik,bu dəyərləri qoruyuruq, saxlayırıq, ənənələri yaşadırıq və bizim gücümüz də bundadır".
Apardığımız araşdırmalar onu da təsdiqləyir ki, bu gün prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət,daha çox ikitərəfli əməkdaşlığa maraq göstərməsi ümumilikdə mənəvi baxışlarımıza da müsbət təsir edir.Ən azından ona görə ki, bütün ideyalar,bütün baxışlar diqqət mərkəzinə gəldikdə ilk növbədə,Azərbaycanın çıxarları nəzərə alınır və filosof Artur Şopenhauerin "Dünya mənim ideyamdır" – fikri diqqəti cəlb edir. Çünki prezident İlham Əliyev fəaliyyəti müddətində Azərbaycanın çıxarlarını və insan faktorunu əsas götürərək Azərbaycan xalqının iradəsini nümayiş etdirir.Elə filosof Artur Şopenhaurun bir fikrini də indi yada salmaq yerinə düşərdi: "İradə-ruhun daimi dəyişməz elementidir.İradə məqsədin fasiləsizliyi ilə şüura bütövlük,vəhdət gətirir, bütün ideyaları və fikirləri bir yerə toplayır,onları fasiləsiz harmoniyaya çevirir".
Onu da unutmayaq ki, milli-mənəvi dəyərlərin inkişafı, müasir dünya ilə vəhdətinin təşkili özlüyündə cəmiyyətdə insanların aktivlik şkalasına da müsbət təsir göstərir.Çünki milli-mənəvi dəyərlərin inkişafı fərdlərin indivudal inkişafına müsbət təsir edir və nəticədə kütlə psixologiyasının təsir imkanları zəifləyir. Bu cəmiyyətdə kütlə psixologiyasının zəifləməsi, insan resursunun nəzərə alınması və beyin mərkəzlərinin formalaşması ilə nəticələnir. Məhz,bu faktoru nəzərə alaraq deyə bilərik ki, possovet məkanındakı dövlətlər sırasında Azərbaycan özünəməxsus yer tutur.Çünki milli-mənəvi dəyərlərin inkişafı,beyin mərkəzlərinin formalaşması istər-istəməz kapitalın intellektual kapitala keçidini tənzimləyir.
Bu baxımdan, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Bilik Fondunun, Prezident Yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması xüsusi olaraq vurğulanmalıdır.Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasında,dini tolerantlığın təmin olunması baxımından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rolunu xüsusi olaraq qeyd etmək lazımdır.Mübariz Qurbanlının komitəyə sədr təyinatından sonra qurumun fəaliyyətində bir neçə sahəyə xüsusi diqqət ayrıldı və bu kifayət qədər peşəkar yanaşma oldu. Bu sahələr hansılardır?
1. Beynəlxalq konfransların, simpoziumların keçirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi
2. Bölgələrdə dini maarifləndirmənin artırılması üçün tədbirlərin, maarifləndirici kursların təşkili
3. Milli və mənəvi dəyərlərimizə daxil edilmiş süni vərdişlərin aradan qaldırılması
4. Azərbaycanda müxtəlif dinlərin,təriqətlərin təmsilçiləri arasında normal mühitin formalaşması
5. Din və dövlət münasibətlərinin tənzimlənməsi
6. Dini etiqad azadlığı haqqında qanunun icrasına nəzarət
Yada salaq ki,bu günlərdə Bakıda 500 nüfuzlu dövlət və ictimai xadimin iştirakı ilə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi və Prezident İlham Əliyev,həmçinin əcnəbi dövlət xadimləri Azərbaycandakı dini tolerantlığın durumundan razılıqlarını bildirdilər.
Bu gün milli-mənəvi dəyərlərin qorunması istiqamətində QHT-lərin də fəaliyyətinə xüsusi diqqət ayırmaq vacibdir. Azərbaycanda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılandan sonra dövlət tərəfindən QHT-lərə maliyyə yardımı ayrıldı və demək olar ki,təklif olunan qrand layihələrin böyük əksəriyyəti milli-mənəvi dəyərlərimizin təbliğinə, inkişafına yönəlib.Bu baxımdan,Heydər Əliyev Fondu əhatə dairəsini daha çox genişləndirərək Azərbaycanın milli-mənəvi dəyərlərini dünyaya tanıtdı və bu proses davam etdirilməkdədir. "Xocalıya ədalət"kampaniyası, Azərbaycan muğamının, xalçaçılığının dünyaya tanıdılması vacib faktor kimi nəzərə alınmalıdır.Həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın YUNESKO və İSESKO kimi təşkilatların xoşməramlı səfiri olaraq mədəni irsimizin,bir çox tarixi abidələrimizin bu təşkilatlarda qeydiyyata alınmasına nail olması da tarixi uğur hesab olunmalıdır.
Onu da xüsusi ilə vurğulamaq lazımdır ki, bu gün Azərbaycan hakimiyyəti həmçinin,tarixi köklərimizə bağlı olan Ərdəbil, Təbriz, Dərbənd, İrəvan,Göyçə mədəni irsinin də qorunması və əxlaqi tərbiyəmizdə səmərəli istifadəsinə nail olub.
Beləliklə, çıxara biləcəyimiz nəticə budur ki, Azərbaycan elə xalqlardandır ki, bu xalqın məhz, özünəməxsus milli-mənəvi dəyərləri, xarakterləri var. Bu dəyərlər müxtəlif sivilizasiyaları belə özündə cəmləşdirə bilir. Bununla bağlı ümumilli lider Heydər Əliyevin bir deyimini yada salmaq doğru olardı: "Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir. Biz bunları qiymətləndirməliyik".
Sonda isə filosof Spenserin bir fikri ilə bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması üçün atılan addımların yekununu təqdim etmək istəyərdim: "Bir elm, yüzlərlə elmə çevrilir,folklor ədəbi sənətin minlərlə formasına çevrilərək mədəniyyəti bəzəyir.Fərd inkişaf edir, unikal xarakter alır.Hər bir irq və hər bir xalq öz dahisini yaradır və inkişaf edir".Bu gün Azərbaycan xalqının yaratdığı Heydər Əliyev liderliyi və İlham Əliyev siyasəti ortadadır.Və bir xalq olaraq inkişaf etməyimiz, milli-mənəvi dəyərlərimizi qorumaq üçün heç bir maneəmiz yoxdur.
Eldəniz Elgün
Yazı Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53