Krım

Krım tatarlarının tarixi sürgünündən 71 il keçir

Dəhşətli deportasiyaya dair bütün sualların cavabları!

Hər il may ayında tatarlar Krımdan deportyasiya olunmalarının ildönümünü keçirirlər. Bu il onların Simferepolda aksiya keçirməsinə Rusiya hökuməti icazə verməyib
Bu həftə krım tatarlarının öz vətənlərindən sürgün edilməsindən 71 il keçir.

1944-cü il mayın 18-20-də Xalq Daxili İşlər Komissarlığı (XDİK) Moskvadan alınan göstərişlə Krımın bütün tatar əhalisini dəmir yolu vaqonlarına dolduraraq 70 eşelonla Özbəkistana sürgün edib.
Nasistlərlə əməkdaşlıqda ittiham edilən tatar əhalisinin bu məcburi köçürülməsi bəşər deportasiya tarixində ən qısa müddətdə həyata keçirilmiş əməliyyatlardan biri sayılır.

Bəs tatarlar bu
deportasiyadan əvvəl Krımda
necə yaşayıblar?

1922-ci ildə SSRİ yaradılarkən Moskva krım tatarlarını Krım Muxtar Sovet Sosialist Respublikasının köklü əhalisi kimi tanımışdı.
1920-ci illərdə tatarlara öz mədəniyyətlərini inkişaf etdirmək imkanı verilmişdi. Krımda tatar dilində qəzet-jurnallar nəşr olunur, təhsil müəssisələri, muzeylər, kitabxcxana və teatrlar fəaliyyət göstərirdi.
Krım tatarlarının dili rus dili ilə birlikdə muxtar respublikanın rəsmi dili sayılırdı.
Bu dildən 140 kənd soveti istifadə edirdi.
1920-30-cu illərdə tatarlar bütün Krım əhalisinin 25-30 faizini təşkil edirdilər.
Lakin 1930-cu illərdən başlayaraq SSRİ-nin başqa xalqlarına münasibətdə olduğu kimi krım tatarlarına da repressiv siyasət tətbiq olunmağa başladı.
Əvvəlçə qolçomaqlara qarşı mübarizə pərdəsi altında tatarların Rusiyanın şimal bölgələrinə və Ural arxasına köçürülməsi həyata keçirilirdi.
Sonra isə zor gücünə kollektivləşdirmə aparıldı. 1932-33-cü illərdə kütləvi süni aclıq - "Qolodomor" baş verdi. 1937-38-ci illərdə isə krım tatarlarının ziyalıları repressiyalara məruz qaldılar.
Bütün bunlar krım tatarlarını sover hakimiyyətinə qarşı qoyurdu.

Deportasiya
nə vaxt baş verib?

Zorla köçürülmənin əsas fazası 1944-cü il mayın 18-də sübh çağı başlanıb mayın 20-də saat 16-da başa çatıb.
Krımdan demək olar ki, bütün tatar əhalisi - 238, 5 min insan köçürülüb.
Bu prosesi həyata keçirmək üçün XDİK 32 min əsgər cəlb etmişdi.

Deportasiyaya
səbəb nə idi?

Buna rəsmi səbəb kimi bütün tatar əhalisinin dövlət xəyanətində ittiham edilməsi oldu. Onlar "sovet adamlarının kütləvi öldürülməsində və nasist işğalçılarla əməkdaşlıqda" ittiham edildilər.
Dövlət Müdafiə Komitəsinin deportasiya sənədlərində elə belə də göstərilmişdi.
Bu sənədlər köçürülmədən bir həftə əvvəl hazırlanmışdı.
Lakin tarixçilər deportasiyanın daha dərin səbəblərindən danışırlar. Bu səbəblərdən biri də krım tatarlarının o vaxtlar SSRİ-nin potensial rəqibi sayılan Türkiyə ilə yaxşı münasibətlərinin olması idi.
SSRİ-nin planlarında Krım Türkiyə ilə münaqişə təqdiqində strateji platsdarm olmalı idi və Stalin bu münaqişədə tatarları potensial "sabotajçı və satqın" hesab edirdi.
Bu nəzəriyyənin həqiqətə yaxınlığını belə bir fakt da göstərir ki, Türkiyə ilə həmsərhəd Qafqaz rayonlarından başqa müsəlman etnosları - çeçenlər, inquşlar, qaraçaylılar bvə balkarlar da köçürülürdü.

Tatarlar həqiqətənmi
nasistləri dəstəkləyiblər?

Tarixçi Jonathan Otto Paul yazır ki, almanların təşkil etdikləri antisovet dəstələrində 9 mindən 20-dək krım tatarı var imiş.
Onların bəziləri öz kəndlərini tatarları milli mənsubiyyətinə görə təqib edən partizanlardan qorumaq istəyirdilər.
Bəzi tatarlar almanlara əsir düşdükləri üçün qoşulmuşdular və Simferopol və Nikolayevdəki əsir düşərgələrində öz vəziyyətlərini yüngülləşdirməyə çalışırdılar.
Eyni zamanda Krımın kişi tatar əhalisinin 15 faizi Qırmızı ordunun sıralarında döyüşürdü. Deportasiya vaxtı onları da tərxis edib Sibir və Uralın əmək düşərgələrinə göndərdilər.
1944-cü ilin mayında alman dəstələrində xidmət edən krım tatarlarının əksəriyyəti Almaniyaya çəkildi. Beləliklə, deportasiya olunanların əksəriyyəti yarımadada yaşayan qadınlar və uşaqlar oldu.

Köçürülmə
necə aparılırdı?

XDİK qulluqçıları tatarların evlərinə daxil olur və vətənə xəyanət etdiklərinə görə Krımdan köçürüldükləri onlara elan edilirdi.
Əşyalarını yığmaq üçün onlara 15-20 dəqiqə vaxt verilirdi. Rəsmi qaydada hər ailəyə 500 kiloqrama qədər yük götürmək icazəsi verilmişdi. Əslində isə bundan daha az götürməyə imkan yaradırdılar. Bəzən isə onlar heç nə götürə bilmirdilər.
Adamları yük maşınlarında dəmir yolu stansiyalarına gətirirdilər. Oradan şərqə doğru qapı-pəncərələri mıxlanmış 80 yük qatarı göndərilmişdi.
Yol boyunca əksəriyyəti uşaqlar və qocalar olmaqla 8 min insan tələf olmuşdu. Ölümün əsas səbəbi susuzluq və yatalaq xəstəliyi idi.
Bəzi adamlar iztirablara dözməyərək ağıllarını itirirdilər. Tatarların Krımda qoyub getdikləri bütün mülkiyyəti dövlət müsadirə etmişdi.

Tatarları hara
deportasiya edirdilər?

Tatarların əksəriyyətini Özbəkistana və onunla qonşu Qazaxıstan və Tacikistan rayonlarına köçürmüşdülər. Bəzi kiçik qruplar Mari MSSR-ə, Ural və Rusiyanın Kostroma vilayətlərinə düşmüşdü.

Krım tatarlarının
deportasiyası
nə kimi nəticələrə
səbəb olmuşdu?

Köçürülmənin ilk üç ili ərzində müxtəlif qiymətləndirmələrə görə deportasiya olunmuşların 20-dən 46 faizədək hissəsi aclıq, üzüntü və xəstəliklərdən ölmüşdü.
Deportasiyanın ilk ilində ölənlərin yarısı 16 yaşınadək uşaqlar idi.
Təmiz suyun çatışmaması, pis sanitariya şəraiti və tibbi xidmətin yoxluğu tatarlar arasında malyariya, sarı qızdırma, dizenteriya və başqa xəstəliklərin yayılmasına səbəb olurdu.
Gəlmələrin yerli xəstəliklərin çoxuna qarşı immunitetləri yox idi.

Onlar Özbəkistandfa hansı statusa
malik idilər?

Tatarların böyük əksəriyyətini hərbi keşikçilər, buraxılış məntəqələri və tikanlı məftillərlə əhatə olunmuş xüsusi məntəqələrdə yerləşdirmişdilər. Bunlar dinc yaşayış məntəqlərindən daha çox əmək düşərgələrinə bənzəyirdi.
Köçürülənlər ucuz işçi qüvvəsi idilər və onları kolxoz, sovxoz və sənaye müəssisələrində işlədirdilər.
Özbəkistanda onlar pambıq tarlalarında çalışır, şaxta, tikinti, zavod və fabriklərdə işləyirdilər. Ən ağır işlər Fərhad SES-in tikintisində idi.
1948-ci ildə Moskva krım tatarlarını ömürlük köçkün kimi tanıdı. XDİK-in icazəsi olmadan, məsələn qohumlıarına baş çəkmək üçün ərazidən çıxan tatarları 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyirdi və belə hallar olmuşdu.
Hələ deportasiyadan əvvəl təbliğat yerli əhalidə krım tatarlarına qarşı nifrət oyatmışdı. Onlara satqın və xalq düşməni damğası vurulmuşdu.
Tarixçi Greta Lynn Uehling yazır ki, özbəklərə buralara "təpəgöz" və "adamyeyənlər"in köçürüləcəyi deyilmişdi və məsləhət görülmüşdü ki, köçkünlərdən uzaq dursunlar.
Bəziləri təzə gələnlərin saçlarını yoxlayırdılar ki, buynuz olub-olmadığını müəyyən etsinlər.
Sonralar tatarların da onlarla dindaş olduğunu başa düşən özbəklər xeyli heyrətlənmişıdilər.
Köçkünlərin uşaqları özbək və rus dillərində təhsil ala bilərdilər, lakin onların tatarca öyrənmələri qadağan idi.
1957-ci ilədək krım tatarlarının dilində olan bütün nəşrlər qadağan edilmişdi. Böyük Sovet Ensiklopediyasından krım tatarları barədə məqalə çıxarılmışdı.
Bu milliyyəti pasportlara yazmaq da qadağan olunmuşdu.

Tatarlar olmayan dövrdə Krım necə dəyişmişdi?

Yarımadadan tatarlar, habelə yunanlar, bolqar və almanlar köçürüldükdən sonra, 1945-ci ilin iyununda Krım muxtar respublikası ləğv edilib RSFSR-in tərkibinə qatıldı.
Krımın əvvəllər əsasən tatarlar yaşayan cənub hissələri boş qalmışdı.
Məsələn rəsmi rəqəmlərə görə Aluşta rayonunda yalnız 2600 nəfər qalmışdı, Balaklava rayonunda isə əhalinin sayı 2200 nəfər idi. Sonralar bu yerlərə Ukrayna və Rusiyadan köçürülmələr başlanmışdı.
Yarımadada "toponimik repressiyalar" da aparılmışdı. Krım tatarlarının, yunanların və almanların dilində olan şəhər, kənd, çay və dağ adları rus adları əvəz edilirdi. Yalnız Baxçasaray, Cankoy, İşun, Saki və Sudak kimi bəzi istisnalar var idi.
Sovet hakimiyyəti tatar abidələrini məhv edir, kitab və əlyazmalarını, hətta krım tatarlarının dilinə çevrilmiş Lenin və Marks külliyyatlarını yandırırdı.
Məsçidlərdə kinoteatr və mağazalar açılırdı.

Tatarların Krıma
qayıtmasına nə zaman icazə verildi?

Tatarlar üçün yaşayış məskənlərinin xüsusi rejimi 1950-ci illərin ikinci yarısında Xruşşovun stalinsizləşdirməsinədək davam etdi.
Həmin vaxtlarda sovet hökuməti onların həyat şəraitini yüngülləşdirdi, lakin dövlət xəyanəti ittihamı götürülmədi.
1950-60-cı illərdə tatarlar öz tarixi vətənlərinə qayıtmaq üçün mübarizə aparırdılar. Onlar bu məqsədlə Özbəkistan şəhərlərində nümayişlər də keçirirdilər.
1968-ci ildə belə nümayişlərdən biri üçün bəhanə Leninin ad günü olmuşdu. Həmin mitinq zorla dağıdılmışdı.
Tədricən Krım tatarları öz hüquqlarını genişləndirə bilmişdilər, lakin Krıma qayıtmaq üçün qoyulan qadağan qeyri-rəsmi qaydada 1989-cu ilə qədər qaldırılmamışdı.
Növbəti dörd il ərzində SSRİ-də yaşayan 250 min krım tatarının yarısı yarımadaya qayıtmışdı.
Krımın köklü əhalisinin öz doğma yurduna qayıtması mürəkkəb proses idi və tatarların torpaqlarında sonralar məskunlaşmış yerli əhali ilə münaqişələr baş verirdi. Buna baxmayaraq böyük münaqişədən yan keçmək mümkün olmuşdu.
Krım tatarları üçün yarımadanın 2014-cü ildə Rusiya tərəfindən ilhaqı yeni sınağa çevrildi. Onların bəziləri təqiblərdən çəkinərək Krımı tərk etməli oldular.
Krım tatarlarının liderləri Mustafa Cəmilevin və Refat Çubarovun Krıma gəlməsini isə Rusiya hökuməti qadağan etmişdi.

Bu deportasiyanın
soyqırım
əlamətləri varmı?

Bəzi tədqiqatçılar və dissidentlər hesab edirlər ki, tatarların deportasiyası BMT tərəfindən qəbul olunmuş soyqırım anlayışına yuğun gəlir.
Onlar iddia edirlər ki, sovet hökuməti krım tatarlarını bir etnik qrup kimi məhv etmək istəyirdi və məqsədəuyğun şəkildə bu istiqamətdə hərəkət edirdi.
2006-cı ildə Krım tatar xalqının qurultayı Ukraynanın Ali Radasına deportasiyanın soyqırım kimi tanınması üçün müraciət etmişdi.
Buna baxmayaraq, əksər tarixi əsərlərdə və diplomatik sənədlərdə krım tatarlarının köçürülməsi soyqırım yox, deportasiya adlanır.
Sovet İttifaqında bunu "köçürülmə" adlandırırdılar.

Murad İbrahimli