Vətəndaş cəmiyyətlərindən mərhum olmuş ölkələr
Bu gün vətəndaş cəmiyyətinin yaradılması istiqamətində atılan addımlar dünya birlikləri tərəfindən ciddi şəkildə izlənilir. Çünki artıq sirr deyil ki, vətəndaş cəmiyyətlərinin formalaşmadığı dövlətlər hansı gücə sahib olmamalarından asılı olmayaraq bir anın içində dövlətçilik ənənələrini belə itirə bilər. Necə ki, bu gün Ermənistanın timsalında bunu görürük.
Hazırda Ermənistan kütləvi aksiyaların ağuşundadır və ortaya bir sıra ciddi məqamlar çıxıb. Aydın olur ki, bu gün Ermənistan iqtisadiyyatı tam olaraq Rusiyanın təsir dairəsindədir və ölkədə vətəndaş cəmiyyəti faktiki yoxdur. Bu isə sübut edir ki, Ermənistan bir dövlət kimi faktiki olaraq yoxdur.Ermənsitanla Azərbaycanı müqayisə etdikdə , ölkəmizdə vətəndaş cəmiyyətinin tam formalaşdığının şahidi oluruq və son Avropa oyunlarında bunun şahidi olduq. Ölkədə demək olar ki, məhz insanların bir-birinə dəstəyi, vətəndaş cəmiyyətinin layiqli rol oynaması dünyaya bir örnək oldu. Oyunların təşkilat komitəsinin sədri Mehriban Əliyevanın dediyi kimi Azərbaycan xalqı bir komanda rolunda çıxış etdi və bu komandanın kapitanı İlham Əliyev uğura imza ata bildi. Gəlin öncəliklə Mehriban Əliyevanın dediklərinə diqqət ayıraq:" İlk Avropa Oyunlarının uğurla başa çatması və idmançılarımızın nailiyyətləri münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Azərbaycan öz qüdrətini, əzəmətini və birliyini dünyaya bir daha nümayiş etdirdi.
Əziz idmançılar, bizə qələbə sevincini bəxş etdiyinizə görə sizə öz dərin hörmətimi və məhəbbətimi ifadə edirəm.
Hörmətli cənab Prezident, bizim əməyimizi belə yüksək qiymətləndirib Azərbaycanın ali orden və medalları ilə təltif etdiyinizə görə hər birimizin adından Sizə öz dərin minnətdarlığımı bildirirəm. Müstəqil Azərbaycanın hər bir qələbəsinin arxasında Sizin əməyiniz, biliyiniz, iradəniz durur. Çox sağ olun ki, biz bu gün qüdrətli, sabit, öz sözünü deyən və öz maraqlarını qoruyan dövlətin vətəndaşıyıq. Çox sağ olun ki, Sizin və Azərbaycan xalqının birliyi nəticəsində ölkəmiz belə inanılmaz nailiyyətlərə imza atıb. Oyunlara hazırlıq zamanı bizə göstərdiyiniz dəstəyə görə çox sağ olun. Ən çətin məqamlarda, ən dramatik anlarda Siz bizə arxa oldunuz. Sizin ölkəmizə, xalqımıza olan inamınız heç bir şübhə qoymurdu ki, hər şey əla olacaq və biz yenə də qələbə çalacağıq. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət, xalqla birlik hər zaman zəfər çalacaq.
Bu 17 gün ərzində yaşadığımız xoş anlar üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Mən idman leksikasından istifadə etsəm deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir və xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir.
Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə daha da tam gücümüzlə xidmət etməyə hazırıq.
Çox sağ olun, bir daha çox sağ olun ki, Azərbaycanı belə yüksək zirvələrə qaldırmısınız. Qoy Tanrı Sizi və Azərbaycanı hər zaman qorusun! "İndi isə qayıdaq Ermənistandakı vəziyyətə. Ekspertlər hesab edir ki, bu ölkədə durum hər zaman gərgin olaraq qalacaq. Çünki Ermənistanda normal vətəndaş cəmiyyəti yoxdur və bu səbəbdən xalqla hakimiyyət arasında uçurum yaranıb və qısa zaman ərzində bu ölkə tam itaətsizlik ağuşuna düşəcək. Ermənistandakı durumu "Unikal"a şərh edən politoloq Elxan Şahinoğlu da bu fikirdədir. Onun sözlərinə görə Ermənistanda belə bir böyük hadisənin baş verəcəyi ehtimal edilirdi. Çünki Ermənistan iqtisadiyyatı və ölkədəki sosial vəziyyət bərbad gündədir. Bu ölkə iqtisadi islahatlar keçirmək üçün heç bir resursa malik deyil. Əgər elektrik enerjisinin qiyməti artırılmasaydı, yenə də ermənilər başqa səbəblərə görə küçələrə axışacaqdılar. Ermənilərin vəziyyəti çox pisdir. Bütün bunlar Ermənistan hakimiyyətinin yürütdüyü siyasətin nəticəsidir. Hətta baş verən son hadisələr birbaşa Ermənistanın işğalçılıq siyasəti ilə də əlaqədardır. Ermənilər bu siyasətlərindən əl çəkəcəkləri təqdirdə Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşacaq. Ermənistan regional layihələrdə iştirak edəcəkdi. Gürcüstanın bu layihələr hesabına əldə etdiyi vəsaiti Ermənistan qazana bilərdi. Lakin hələ də Ermənistan dövləti işğalçı siyasətindən əl çəkmək fikrində deyil. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan dövləti bu siyasətdən əl çəkməyənə qədər regional layihələrdə iştirak etməyəcək. Həmçinin Ermənistan bütün fabrik və zavodlarını ucuz qiymətə Rusiya şirkətlərinə satıb. Üstəgəl rus şirkətləri də həmin zavod və fabrikləri işlətmək marağında deyillər. Elektrik enerjisi də Rusiya şirkətinin əlindədir. Qiymət artımı da həmin şirkətin qərarı ilə həyata keçirilib. Hazırda bu qərar müəyyən müddət ərzində dondurulub. Ermənistan prezidenti mitinqlərdən çəkindiyi üçün belə bir qərar vermək məcburiyyətində olub. Lakin insanlar evlərinə getsələr belə, sabah yeni bir sosial gərginliyin yaranacağı istisna deyil:" Serj Sarkisyanın vəziyyəti çox ağırdır. Çünki hazırda insanların bir qismi meydanı tərk etsə də, bir çoxu mitinqi davam etdirməkdə israrlıdırlar. Sarkisyan mitinqi güc vasitəsi ilə dağıda bilər. Aksiya dağıdılmadığı təqdirdə, buraya daha çox insan toplaşacaq və bunun qarşısını gələcəkdə almaq mümkün olmayacaq. Hətta bu aksiyalar ikinci "Maydan"a da çevrilə bilər. Bunun qarşısını almaq üçün, Sarkisyan polisin gücündən istifadə etməyi düşünür. Lakin bu variant da çox təhlükəlidir. Çünki Sarkisyan hakimiyyətə qan üstündə gəlib. Yeni iğtişaşlar Ermənistan prezidentinin vaxtından əvvəl hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Belə bir ağır vəziyyətdə Ermənistan prezidentinin yeganə dayaq nöqtəsi Rusiyadır. Rusiya Ermənistanın silah alması üçün 200 milyon dəyərində kredit ayırıb. Həmçinin Rusiya şirkəti də elektrik enerjisində guya güzəştə getdi. Şirkət qiymət artımını yalnız bir neçə aylığa dondurub. Yəni həmin şirkət elektrik enerjisinin tarifində heç bir dəyişiklik etməyib. Elektrik enerjisinin bahlaşması ermənilərin yeganə problemi deyil. Ermənistanda həyatın bütün sahələrində vəziyyət gərgindir. Bir neçə gündən sonra başqa problem də gündəmə gələ bilər. Amma bu tələbləri yerinə yetirmək imkanı yoxdur. Çünki ermənilərin xaricdən gəlirləri də çox azalıb. Təkcə Rusiyada yaşayan ermənilər deyil, başqa ölkələrdə yaşayan ermənilər də, ölkələrinə daha az pul göndərirlər. Həmçinin iqtisadi böhranda olan Rusiya da Ermənistana sosial sahədə kreditlərin ayrılmasını dayandırıb. Rusiya Ermənistana yalnız əmirləri həyata keçirən və ondan asılı olan bir dövlət kimi baxır. Bütün bunlara görə,
Sarkisyanın manevr etmək qabiliyyəti zəifləyib. Ermənistanın son iki prezidenti Dağlıq Qarabağ separatçılarına başçılıq edən şəxslər olub. Yalnız Dağlıq Qarabağda əli qana batmayan siyasətçi hakimiyyətə gələrsə, biz bu münaqişənin həllində irəliləyişi gözləyə bilərik. Levon Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsinin başlamasında rolu olsa da, sonradan o da bu münaqişənin mərhələli həll edilməsi zərurətini başa düşüb. Buna görə də, o Moskvanın köməyi ilə separatçılar tərəfindən devrildi. Ermənistan cəmiyyəti və siyasətçiləri başa düşməlidir ki, Azərbaycan və Türkiyə ilə münasibətlər yaxşılaşmadığı təqdirdə bu ölkəni heç vaxt xoşbəxt gələcək gözləməyəcək və onlar sürünə-sürünə yaşamaqda davam edəcəklər. Ermənilər öncə Dağlıq Qarabağ ətrafında işğal edilmiş rayonları boşaltmalıdırlar. Bu, bölgədə sülhün yaranması üçün əsas amildir. Bu addıma görə, Ermənistan regional layihələrə qoşula bilər. Ermənistana Azərbaycan və Türkiyə tərəfindən investisiyaların edilməsi ölkəni dirçəldə bilər. Həmçinin Ermənistan dövləti Dağlıq Qarabağda yaşayan əhaliyə də maliyyə ayırır. Əgər Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olarsa və sülh müqaviləsi imzalanarsa Azərbaycan dövləti erməni vətəndaşlarını da saxlayacaq. Ermənistan da Dağlıq Qarabağ yükündən azad olacaq. Ermənilər Azərbaycan ordusunun gücləndiyini də unutmamalıdır. Azərbaycan dövləti sonsuza qədər münaqişənin dondurulmuş vəziyyətdə qalmasına dözməyəcək. Azərbaycanın torpaqlarını azad etməsi təqdirdə, Ermənistan ordusu kifayət qədər ciddi itki verəcək və bu, cəmiyyətdə narazılığın artması ilə nəticələnəcək. Onsuz da, hazırda biz Ermənistanda hər həftə əsgər analarının mitinq keçirdiyinin şahidi oluruq. Ermənistanın itkiləri artdıqca, cəmiyyətdə daxili gərginlik pik nöqtəyə çatacaq. Ermənilərdən fərqli olaraq biz torpaqlarımızı işğaldan azad etmək istədiyimiz üçün, itkilərə hazırıq".
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16