Azərbaycanda turizm sektoru niyə "ölüb"?
11:13 03-07-2015
CƏMİYYƏT
Azərbaycanda turizm sektoru niyə "ölüb"?
Yüksək qiymət və aşağı keyfiyyət vətəndaşları xaricə üz tutmağa məcbur edir
Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur. Həm dünya iqtisadiyyatı canlanır, həm də insanlar tətil günlərini yaxşı keçir.
Turizm sadəcə maraq və dəb deyil. Həm də bir ölkənin mədəniyyətinin, tarixinin geniş təbliğ edilməsi imkanıdır. Bu səbədən də dövlətlər turizmin inkişafı və tanınması üçün geniş təbliğat aparır. Dünya praktikasında bir sıra dövlətlər var ki, onların iqtisadi gəlirlərinin böyük hissəsini turizm sektorundan əldə edilən gəlir tutur. Misal üçün, Yunanıstan, Misir, İtaliya kimi ölkələr buna misal ola bilər.
Bəs ölkəmizdə turizm sektorunun inkişafı
və bugünki vəziyyəti nə yerdədir?
femida.az mövcud vəziyyəti aydınlaşdırmaq məqsədi ilə araşdırma aparıb. Əvvəlcə, ölkəmizdə fəaliyyət göstərən turizm obyektlərinin yerləşmə zonasına və xidmət səviyyəsinə nəzər salaq. Azərbaycanda turist qəbul etməyə yetəri qədər mehmanxana varmı?
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycanda ümumi otellərin sayı 530-dan çoxdur. Onların yerləşmə arenası da müxtəlifdir. Ölkəmizdə turizm obyektlərinin əsas mərkəzi kimi Bakı şəhəri göstərilir. Rəsmi statistikaya görə, 2014- cü ildə ölkəyə gələn turistlərin 86.616 nəfəri məhz paytaxtda yerləşən mehmanxana və otellərdə yerləşib. Turistlərin yerləşdiyi və səfər etdiyi ikinci böyük şəhər Gəncədir. 2014- cü ildə burada yerləşən turistlərin ümumi sayı 24.896 nəfər olub.Növbəti pillələrdə Naxçıvan ( 15.947 nəfər), Quba (12.868 nəfər) Şəki (10.611 nəfər) dayanır. Turizm üzrə eskpertlərin fikrincə turistlərin diqqətini cəlb edən əsas məsələlərdən biri yaşıl təbiət və yaxın məsafədir.Bu istiqamətdə turistlərin daha çox üz tutduğu məkan Qəbələ və Quba istiqamətində olan obyektlər tutur.
Araşdırmamız zamanı məlum oldu ki, ölkəmizə gələn turistlərin çoxluğunu qonşu ölkələrdən gələn turistlər tutur. 2014-cü ildə ölkəmizə 2 milyon 300 minə yaxın turist gəlib. Əcnəbi ziyarətçilərin arasında qonşu ölkələrin vətəndaşları daha çox olub. Belə ki, Rusiya Federasiyasından gələnlərin yekunda xüsusi çəkisi 36,7 %, Gürcüstandan gələnlər 29,6 %, Türkiyədən gələnlər 14,1 % və İrandan gələnlər 5,9 % təşkil edib. Ziyarətçilərin 69,2 %-ni kişilər, 30,8 %-ni qadınlar təşkil edib.
Turizmin inkişafı ölkələrin ümumi vəziyyətindən də asılıdır. Ölkədə baş verən hadisələr təbii ki, digərlərinə də təsir edir. Misal üçün, 2014- cü ildə ölkəmizə gələn turistlərin sayında azalma müşahidə olundu. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də çıxışında bu məsələyə toxunub. Cənab nazir bu azalmanı qonşu ölkələrdə baş verən iqtisadi-siyasi proseslərlə əlaqələndirib.
Yerli əhali daha
çox harada istirahətə üstünlük verir?
Keçirdiyimiz sorğu zamanı insanların əksəriyyəti istirahət ünvanı kimi xarici ölkələri münasib bilirlər. Səbəb kimi yerli turizm obyektlərində qiymətlərin baha olmasıdır. Daha əlverişli istirahət məkanları kimi, qonşu Gürcüstan və Türkiyə göstərilir.
Ölkədə turizm sektorunun ən ciddi problemlərindən biri yüksək qiymətlərdir. Azərbaycanda nəqliyyat xərcləri də daxil olmaqla turistin 1 həftəlik dincəlməsi üçün xərclər qonşu Gürcüstanla müqayisədə təxminən 60 faiz, Türkiyə ilə müqayisədə isə təxminən 40 faiz bahadır. Buna görə də yerli turistlər ölkə daxilini deyil, qonşu ölkələri - xüsusən də Gürcüstan və Türkiyəni seçirlər. Bu da öz növbəsində Azərbaycan vətəndaşlarının həmin ölkələrin turizm sektoruna ciddi şəkildə maliyyə vəsaitinin yönəltməsi deməkdir.
Rəsmi statistikaya görə, 2014-cü ildə 4244,3 min nəfər Azərbaycan Respublikası vətəndaşı xarici ölkələrə səfər edib. Ölkə vətəndaşlarının 3319,4 min nəfəri turizm məqsədi ilə səyahətə çıxmışdır ki, onların 72,5 %-ni kişilər, 27,5 %-ni qadınlar təşkil edir. Həmvətənlərimiz digər xarici ölkələrə nisbətən daha çox qonşu ölkələrə səfər ediblər. Rusiya Federasiyası, Gürcüstan, Türkiyə və İrana gedənlərin ümumi yekunda xüsusi çəkisi 70,2 % təşkil edir.
Ekspertlərin fikrincə turizm sektorunda əsas problemlərdən biri də ölkədə turizm xidmətlərinin zəif elektronlaşdırılmasıdır.
Nəzər alsaq ki, hətta mərkəzi Şərqi Avropa ölkələrində belə turizm sektorunun dəstəklənməsi üçün dövlət tərəfindən müxtəlif dəstəkləyici tədbirlər həyata keçirilir. Məsələn, Rumuniyada bu sektora dəstək məqsədilə əlavə dəyər vergisi 18 faizdir, amma turizm sektoru otellər və turizm müəssisələri üçün əlavə dəyər vergisi cəmi 7 %-dir. Praktiki olaraq aşağı dəyər vergisi tətbiq etməklə turizm obyektlərini eləcə də hotellərin xərclərini müəyyən qədər azaltmaq mümkün olur. Bu zaman artıq turizm obyekti və yaxud hotel 18%-i əlavə dəyər vergisi ödəmir. Daha aşağı dəyər vergisi ödədiyi üçün təbii ki, onun xərci aşağı olur. Xərcin az olması imkan verir ki, daha aşağı qiymətə xidmət təklif etmək mümkün olsun.
Bizim apardığımız təhqiqatlar göstərir ki, təəssüf ki, qiymətlərin bir hissəsi suni şəkildə müəyyənləşdirilən qiymətlərdir. Regionlarda elə var ki, onların gündəlik qiyməti 300 manatdan artıqdır. Buna yalnız iki nəfərlik bir otağın qiyməti daxildir. Praktiki olaraq bu avropanın ən bahalı şəhərlərində təklif olunan qiymət səviyyəsindədir. Bu qonşu ölkələrin paytaxtlarında regionlarında bir neçə dəfə bahadır. Daha məqsədə uyğundur ki, otellərin və turizm obyektlərinin sayının artırılmasına nail olmaq və bunların sayının artırılmasına nail olmaqla həmin sektorda rəqabətin gücləndirilməsini həyata keçirmək mümkündür.
İnternet üzərindən araşadırma zamanı qarşılaşdığımız hallardan biri: regionlarda turizm şirkətlərinə demək olar ki, rast gəlmədik. Turizm şirkətlərinin regionlar üzrə olmağı da vacibdir. Çünki insanlar səyahətə getmək istəsələr ora müraciət etsələr daha əlverişli olar. Bilet almaq üçün regionlardan Bakıya gəlmək həm də əlavə xərc deməkdir.
Araşdırmadan belə nəticəyə gəldik ki, ölkəmizdə kifayət qədər turizm üçün əlverişli məkanların olmasına baxmayaraq, yerli vətəndaşlar daha çox xarici ölkəyə üz tututurlar. Bunun da səbəbi kimi yerli turizm obyektlərində qiymətlərinin digər ölkələrlə müqayisədə baha olmasıdır.
Miri Məcidli
Digər Xəbərlər
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 11:29:13
2024-11-27 11:24:20