Prezidentdən

Ölkə başçısı AZAL-ın və Xarici İşlər Nazirliyinin fəaliyyətindən narazı qaldığını ifadə etdi...

Bəzi qurum və nazirliklərin öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmaması dəfələrlə gündəmə gəlib. "Unikal" qəzeti olaraq bununla bağlı mütəmadi olaraq tənqidi materiallar dərc etmişik. Elə dövlət strukturları var ki, onların yarıtmaz idarəçiliyi nəticəsində bütövlükdə cəmiyyətdə narazılıq yaradır. Bu baxımdan ötən gün Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda etdiyi sərt çıxış birmənalı şəkildə ictimai dəstək qazanmış oldu.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev sözügedən iclasda bir çox məsələlərlə bağlı problemləri sadalayıb və onların həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlarını verib. Ölkə başçısı xüsusi olaraq qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı problemlər hələ də aktualdır və problemin həllinə mane olan subyektiv faktorlar təcili olaraq aradan qaldırılmalıdır. Prezident çıxışı zamanı konkret olaraq fəaliyyətindən narazı qaldığı qurumların adlarını da açıqlayıb.
Belə ki, prezident İlham Əliyev son günlər daha çox müzakirə mövzusuna çevrilən AZAL-da biletlərin qiymətlərinin bahalığı məsələsinə toxunaraq bildirib ki, biletlər həddən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır. Dövlət başçısı daha sonra vurğulayıb ki, I Avropa Oyunlarından sonra ölkəmizə turist axını daha da sürətlənib və buna görə mövcud problemlər qısa zaman kəsiyində öz həllini tapmalıdır. Dövlət başçısı turistlərə viza verilməsinin tezləşdirilməsinin, aviabiletlərin və hotellərin qiymətinin aşağı salınmasının vacibliyini vurğulayıb.
Prezident eyni zamanda ölkədə fəaliyyət göstərən otellərdəki qiymətlərin xidmət səviyyəsinə uyğun gəlməməsini və bunun da turizmin inkişafına mənfi təsirini göstərdiyini də bildirib.
Prezident İlham Əliyev eyni zamanda digər qurumlarla yanaşı Azərbaycanın Xarici İşlər Nazirliyinin fəaliyyətini də sərt şəkildə tənqid edib. Dövlət başçısı bildirib ki, bundan sonra Azərbaycanın xarici siyasəti ölkələrin bizə qarşı münasibətinə adekvat qurulmalıdır. Bu açıqlama isə onu düşünməyə əsas verir ki, Xarici İşlər Nazirliyinin və ayrılıqda nazir Elmar Məmmədyarovun fəaliyyətində prezidenti narazı salacaq çoxsaylı boşluqlar var.
Prezident çıxışında hüquq-mühafizə oqranlarının da fəaliyyətinə münasibət bildirib. Dövlət başçısının sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bəzən sahibkarların fəaliyyətinə müdaxilə edir, onlara təzyiq göstərir. O, bildirib ki, hüquq-mühafizə orqanlarının fəaliyyətindəki bu özbaşınalıq sahibkarların vəziyyətinə və ölkədə investisiya mühitinə mənfi təsir göstərir.
Prezidentin ötən gün səsləndirdiyi fikirlər və bəzi qurumları sərt şəkildə tənqid etməsi isə cəmiyyətdə böyük razılıq hissi ilə qarşılanıb. Çünki, adıçəkilən sahələrlə bağlı doğrudan da ciddi çatışmazlıqlar və nöqsanlar müşahidə edilirdi ki, prezidentin müdaxiləsi bu baxımdan vaxtında atılmış addım hesab olunmalıdır. Bu sərt xəbərdarlığın arxasınca hansısa cəzalandırmaların və ya kadr dəyişikliyinin olacağı isə yaxın zamanlarda bəlli olacaq. Hər halda prezident AZAL rəhbəri Cahangir Əsgərov və XİN rəhbəri Elmar Məmmədyarova xəbərdarlığını etdi. Bundan sonra proseslərin hansı məcrada inkişaf edəcəyi isə həmin xəbərdarlığın hansı səviyyədə icra olunmasından çox asılı olacaq.

Elvin