Uşaqlarını

Uşaqlarını bütə çevirən məmurların qurbanvermə zamanı

"Unikal" qəzeti yenidən harınlamış məmur övladları mövzusuna müraciət etdi

Məmur övladlarının harınlıq və qudurğanlığı qarşısı alınmaz prosesə çevrilib. Ölkə prezidentinin qudurğan, xuliqan məmur övladlarının ciddi cəzalandırılması, övladlarının hərəkətlərinə görə atalarının işdən azad olunacağı barədə səsləndirdiyi bəyanatlar cəmiyyət tərəfindən birmənalı şəkildə dəstəklənir. Bununla bağlı görülən tədbirlər, neqativ davranışlara yol verən bəzi məmur övladlarının həbs edilməsi, atalarının işdən çıxarılması və ən yüksək səviyyədə mövzunun diqqətdə saxlanılmasına baxmayaraq hələ də irad və tövsiyyələrdən lazımi nəticə çıxartmayan məmur övladları yetərincədir.

Demək olar ki, hər gün ya dövrü mətbuatda, ya da sosial şəbəkələrdə hansısa məmur övladlarının yeni sərgüzəştləri haqda çeşidli informasiyalara rast gəlirik. Bu isə belə düşünməyə əsas yaradır ki, ictimai həyatımızda baş verən neqativlərin səbəblərini dərindən analiz etmədən, milli-mənəvi dəyərlərimizlə ziddiyyət təşkil edən hadisələrin səbəb-nəticə əlaqələrini izləmədən, təlimin, tərbiyənin, tədrisin, ictimai mühitin, genoloji faktorların vəhdətindən doğan kamil insan problemini ortaya gətirmədən bu sahədə pozitiv nailiyyətlər əldə edilməsini düşünmək çox tezdir. Bu baxımdan harınlıq edən məmur övladının hərəkətinə görə məsuliyyəti ilk növbədə onun valideynləri daşıyır. Zənginlik içərisində naz-nemətlə böyüyən, həyatda hər şeyi çox asanlıqla əldə edən məmur övladlarının bu şərtlər içərisində normal Azərbaycan vətəndaşı kimi yetişməsi kifayət qədər çətindir. Pulun və atasının vəzifəsinin hər şeyi həll edəcəyini düşünən bu ərköyün uşaqlar bunun belə olmadığını dərk edəndə isə çox gec olur: ya həbsxana hücrəsində nəyi harada yanlış etdiyini düşünərək, ya da vəzifədən çıxarılmış atasının əslində qanunlar qarşısında nə qədər gücsüz olduğunu müşahidə edərək əsl həqiqətləri başa düşür. Amma daha yaxşı olardı ki, bütün bunlar baş vermədən məmur övladları qanun qarşısında hamının bərabər olması həqiqətini qəbul edə.
Belə olmayanda isə sosial qütbləşmə dərinləşir, bir qrup məmur insanları talayaraq, özlərinə şərait qurur, qanundankənar əməllərlə məşğul olur, xirtdəyə qədər koorupsiyaya batırlar. Sözsüz ki, bu da narazılığa səbəb olur. Yəni, artıq məmur və onların harınlamış övladları insanlarda qıcıq yaradır. Çox da uzaq olmayan keçmişimizdə İsmayıllıda, Qubada məhz bu kontekstdə narazılıqlar oldu.
Pulun, var-dövlətin hansı yolla, necə qazanılmasından ümumiyyətlə xəbərləri olmayan "papanın gül balaları" zənginlikləri ilə öyünür, sosial şəbəkələrdə bahalı avtomobillərinin fotolarını paylaşır, dünyanın lüks məkanlarındakı istirahətlərindən görüntülər yayınlayırlar. Sanki bir-birilə bəhsə girişiblər. Bahalı avtomobillərini, yaxtalarını, istirahət etdikləri məkanları, toy-nişan mərasimlərini və ora dəvət etdikləri Hollivud ulduzlarını, Türkiyə məşhurları ilə birgə şəkillərini, hətta qol saatlarını da bütün ölkəyə nümayiş etdirənlər də var.
Konkret misallara gəlincə isə bununla bağlı çoxsaylı faktlar göstərmək olar. Yuxarıda da qeyd etdiyimiz kimi araşdırmalardan sonra elə məlum İsmayıllı olaylarının birbaşa o zaman Əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutan Füzuli Ələkbərovun oğlu sayəsində "körükləndiyi" bəlli oldu. Sıralanmanın növbəti həlqəsində isə biz Xəzər Dəniz Gəmiçiliyinin sabiq şefi Aydın Bəşirovun oğlunu gördük. Onun ov görüntüləri və digər məcaraları gündəmi zəbt etdi. Daha sonra Bakı Şəhər Prokurorluğunun istintaqa nəzarət şöbəsinin sabiq rəisi Ramiz Nəbiyevin oğlu Elvin Nəbizadə "avtoşluq" fotolarını yaydı. Məlum oldu ki, istintaqa nəzarət etməli şəxs heç oğluna nəzarət edə bilmirmiş. Bu yaxınlarda isə millət vəkili Elton Məmmədovun oğluyla bağlı bəlli qalmaqal yaşandı. Hesab edirik ki, siyahını uzatmamaq daha yaxşıdır, ən azından ona görə ki, bütün bunlar Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir. Məsələnin maraqlı cəhəti isə bu tip olayların Azərbaycan cəmiyyətinin mənəvi düsturları ilə tərs mütənasiblik təşkil etməsidir. Belələri unudur ki, zənginlik ayıb deyil, ayıb olan zənginliyin başqalarına nümayiş etdirilməsi və insanın bununla öyünməsi, özünü başqalarından üstün, yüksək tutmasıdır. Bəzi məmurların öz ailəvi mərasimlərinə ağlasığmaz məbləğə xarici ölkələrdən müğənnilər dəvət etməsi əlbəttə ki, yalnız harınlamağın əlamətidir.Harınlıq isə əvvəl-axır istənilən insanı fəlakətə düçar edir. Elə son illərin statistikasına nəzər salsaq görərik ki, onlarla məmur övladının qudurğanlığı və harınlığının qurbanına çevrilib. İşdən azad edilənlər də var, övladları həbs edilənlər də... Amma baş verənlərdən hələ də müvafiq nəticəni çıxartmayan məmur və övladlarının çoxluğu yalnız təəssüf doğurur. Sonda ölkə prezidenti İlham Əliyevin məşhur və məlum açıqlamasını da elə onlar üçün xatırladırıq:
"Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar, yubileylər keçirdirlər. Yaraşırmı bu, dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bununla bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu, yığışdırın, bəsdir! Bu, həm yerli icra orqanlarına, həm də mərkəzi icra orqanlarının da rəhbərlərinə aiddir. Hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar. Məmurlar öz işləri ilə fərqlənməlidirlər. Harınlayırlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə. Mən də lazım bildikdə çıxardacağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır".

Orxan Həsənli

P.S. Sonda dahi bəstəkarımız Üzeyir Hacıbəyovun çox məşhur bir deyimini də xatırlatmaq istədik: Uşaqlarınızı bütə çevirməyin, sonra o sizdən böyük qurbanlar tələb edəcək...