ATƏT PA-nın qətnaməsi Azərbaycana nə vəd edir - Analiz
10:53 16-07-2015
CƏMİYYƏT
Ermənistan bundan niyə bu qədər narahat olmasının səbəbləri üzə çıxır
Düz 40 il bundan öncə, 1975-ci ildə dünya liderləri bir araya gələrək qlobal qarşıdurma risklərini azaltmaq məqsədilə beynəlxalq münasibətlərdə yeni prinsipləri müəyyənləşdirən və tarixə Helsinki Yekun Aktı kimi daxil olan bir sənəd imzaladılar. Bu sənəd Avropanın təhlükəsizlik arxitekturasını yenidən qurmalı və dövlətlər arasında sülh və əmin-amanlıq çərçivəsində əməkdaşlıq imkanlarını artırmalıydı.
Lakin keçən bu müddət ərzində dünyada kifayət qədər münaqişə və qarşıdurma, bəzi hallarda isə beynəlxalq hüquq normaları ciddi şəkildə pozulsa da, Helsinki prinsipləri hələ də öz aktuallığını və əhəmiyyətini qorumaqdadır. Çünki bu norma və prinsiplərə alternativ yoxdur və onların dəyişdirilməsi dünyada çox ciddi fəlakətlərə və bizim təxmin edə bilməyəcəyimiz fəsadlara gətirib çıxara bilər. Buna görə də ATƏT PA-nın Helsinkidə keçirilən və Helsinki Yekun Aktının qəbul edilməsinin 40 illiyinə həsr olunan 24-cü yay sessiyası hər bir dövlət, xüsusilə də bu prinsiplərin pozulmasından əziyyət çəkən və işğala məruz qalan Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi.
Bu baxımdan Azərbaycanın millət vəkili Azay Quliyevin beynəlxalq hüquqa riayət edilməsi sahəsində yaşanan hazırkı ciddi böhrana bir daha diqqəti cəlb etmək və Azərbaycanın milli maraqlarını hüquqi sənəd formasında müdafiə etmək məqsədilə "ATƏT məkanında dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik" adlı qətnamə layihəsi ilə çıxış etməsi çox təqdirəlayiq hadisə oldu. Seçilmiş düzgün taktika, Azərbaycanla yanaşı, hazırda daha çox müzakirə olunan Ukrayna, o cümlədən Gürcüstan və Moldovada olan münaqişələrin qətnamədə qeyd olunması, dəqiq hüquqi ifadələr və peşəkar yanaşma qətnamənin qəbulu üçün münbit şərait formalaşdırmışdı.
Azay Quliyevin ATƏT PA-nın Təhlükəsizlik və Siyasi Məsələlər Komitəsinin sədr müavini və Büro üzvü olması da onun müəllifi olduğu qətnamənin qəbul imkanlarını artırdı. Təsadüfi deyil ki, iyulun 7-də ATƏT PA-nın Təhlükəsizlik və Siyasi Məsələlər Komitəsində qətnaməyə ermənilər və ruslar tərəfindən irəli sürülən 14 dəyişiklikdən heç biri dəstəklənmədi və sənəd olduğu kimi qəbul edildi. İyulun 9-da isə ATƏT PA-nın plenar sessiyasında Ermənistan nümayəndə heyətinin qətnamənin Helsinki bəyannaməsi və sənədlərinə daxil edilməsinin qarşısını almaq cəhdi nəticə vermədi və qurum sözügedən qətnaməni özünün rəsmi sənədi elan etdi.
Bir neçə gündür ki, mediada bu sənədlə bağlı müzakirələr aparılır. Dünən isə Azərbaycan Xarici İşlər Nazirliyinin bu qətnaməni şərh etməsi və ona yüksək qiymət verməsi sənədin Azərbaycan üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərdi. Tam əksinə, Ermənistanda bu qətnamənın işğalçı ölkə üçün iflas kimi dəyərləndirilməsi isə dolayısilə Azərbaycanın əldə etdiyi diplomatik və siyasi qələbəni bir daha təsdiq etmiş oldu.
İndi isə qətnamədə yer alan bəzi məqamlara diqqəti cəlb etməklə onun Azərbaycan üçün aşağıda qeyd olunan 10 mühüm əhəmiyyətini vurğulamağı vacib hesab edirik:
ATƏT PA Azərbaycanda (Ukrayna, Gürcüstan və Moldova) uzun müddət davam edən münaqişələrdən dərin narahatlığını ifadə edir (5-ci maddə)
ATƏT PA ATƏT ərazisindəki münaqişələrin qeyd olunan dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə təhlükə yaratdığını, davamlı inkişafı və demokratik islahatları ləngitdiyini bildirir (6-cı maddə)
ATƏT PA bir dövlətin digər dövlətin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinməli olduğu kimi öhdəliyinin olduğunu xatırladır (maddə 10)
ATƏT PA dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qorunması prinsipini bir daha vurğulayaraq güc tətbiqi yolu ilə ərazilərin qəsb edilməsini yolverilməz hesab edir (maddə 11)
ATƏT PA adıçəkilən ölkələrin ərazi bütövlüyü və suverenliyinə qəsdin (işğalın) qanuniləşdirilməsi və ya tanınması, belə vəziyyətin davam etməsinə göstərilən istənilən dəstəyi, habelə bu istiqamətdə edilən birbaşa və dolayı cəhdləri qanunsuz və yolverilməz hesab edir (maddə 12)
ATƏT PA xalqların öz müqəddəratını təyinetmə və bərabərhüquqluluq prinsipinin münaqişəyə cəlb olunmuş dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinin pozulması hesabına həyata keçirilməsini yolverilməz hesab edir (maddə 13)
ATƏT PA Azərbaycan və digər işğala məruz qalmış ölkələrin ərazisindən zorla qovulmuş məcburi köçkünlərin qeyd-şərtsiz, təhlükəsiz və ləyaqətli bir şəkildə öz yaşadıqları yerlərə (evlərinə) qayıtmaları üçün müvafiq şəraitin yaradılmasını tələb edir (maddə 14)
ATƏT PA soyqırım, insanlıq əleyhinə və hərbi cinayət törətmiş şəxslərin cəzasız qalmasından ciddi narahatlıq ifadə edir və üzv dövlətlərin gələcəkdə bu cür halların təkrarlanmaması, sülh və ədalətin tam bərpası naminə bu cür cinayət törətmiş şəxslərin istintaqa cəlb olunması və məhkum olunmasına və cəzasızlığa son qoyulmasına dair öhdəliklərini yerinə yetirməsinin vacibliyini vurğulayır (maddə 15)
ATƏT PA münaqişələrin həllində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasının vacibliyini qeyd edir (maddə 16)
ATƏT PA Azərbaycandakı (həmçinin Gürcüstan, Moldova və Ukrayna) mövcud münaqişələrin beynəlxalq hüquq normaları, xüsusilə də dövlətlərin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini təkidlə tələb edir (maddə 19)
Heç şübhəsiz ki, dünyada ikili siyasətin tüğyan etdiyi bir dövrdə, Azərbaycanın uğurlarına kölgə salmağa cəhdlərin artdığı bir zamanda, "böyük güclər"in ölkələri öz təsir dairəsində saxlamaq cəhdlərinin gücləndiyi bir vaxtda bu sənədin qəbulu Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düzgün və milli maraqlarımızı özündə ehtiva edən xarici və daxili siyasətinin, xüsusilə, son zamanlar tam olaraq özünü doğruldan Azərbaycanın hücum diplomatiyasının konkret nəticəsidir. Əminik ki, Azərbaycan Parlamenti və XİN-in uğurlu əməkdaşlığı sayəsində qəbul edilən bu qətnamə Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və torpaqlarımızın geri qaytarılması üçün aparılan danışıqlarda ölkəmizin mövqeyini daha da möhkəmləndirəcək.
XİN-in də bəyan etdiyi kimi, Helsinki Yekun Aktına əsaslanmalı olan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən bu qətnamədə sadalanan müddəalar rəhbər prinsiplər kimi nəzərə alınmalı və onların icrası Ermənistandan tələb edilməlidir. Əgər Ukraynada olan münaqişə ocağına görə sanksiyalar tətbiq edilirsə, Azərbaycan torpaqlarının işğalı faktına görə də Ermənistana sanksiyalar tətbiq edilməlidir. Bunun üçün ATƏT PA-da qəbul olunan qətnamədə əlverişli hüquqi baza yaradılıb. Təkcə qalır onun icrası.
Q.Gərayzadə
Digər Xəbərlər
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11