Aytən Mustafayeva:


"Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında toxunduğu məsələlərin hər biri ölkəmiz üçün olduqca vacib idi. Bir sıra sahələrdə olan boşluqların aradan qaldırılması üçün verilən tapşırıqların hər biri yenə də Azərbaycan vətəndaşının rifahının yaxşılaşması üçün atılan addımlardan biridir".
Bu fikirləri Milli Məclisin deputatı Aytən Mustafayeva deyib.
A.Mustafayeva bildirib ki, ölkəmizdə keçirilən I Avropa Oyunları zamanı bəzi xarici dövlətlərin Azərbaycana qarşı qarayaxma kampaniyaları səngimək bilmirdi. Onun sözlərinə görə, onların necə qıcıqlandığını, necə düşmənçiliklə çıxışlar etdiyinin hər birimiz şahidi olduq.
"Bütün bunlar yalnız onu göstərdi ki, Azərbaycan öz inkişafı ilə bir çoxlarını narahat edir. Azərbaycanın "dostlarının" hansı fikirlər səsləndirməsindən, hansı bəyanatlar verməsindən asılı olmayaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz nəinki Avropa tarixində, dünyada bir ilkə imza atdı. Minlərlə xaricinin gəlib öz gözləri ilə Azərbaycanı görməyi, xalqımızla tanış olması elə bizim ən yaxşı təbliğatımız sayılır. Hər kəs buradakı inkişafı, buradakı demokratiyanı gördü. Məgər bu anti-Azərbaycan qüvvələrinə cavab deyilmi? Hesab edirəm ki, bütün keçirilən tədbirlərin kökündə Azərbaycanın dünya miqyasında təbliği dayanır. Cənab Prezident də dəfələrlə vurğulayıb ki, heç bir xarici qüvvə bizim daxili işlərimizə qarışa bilməz. Azərbaycan öz müstəqil və qətiyyətli siyasətini bundan sonra da davam etdirəcək"- deyə, deputat qeyd edib.