Rövnəq

Rövnəq Abdullayevə milyonlarla dollarlıq şok

Dövlət Neft Şirkətini niyə cərimələdilər?

Gürcüstanın Rəqabətlilik Agentliyi avtomobil yanacağı (benzin, dizel yanacağı) bazarında apardığı araşdırmalar nəticəsində ökənin "Rəqabətlilik haqqında" qanununun pozulması faktlarını aşkar edib.
Gürcüstan KİV-i xəbər verir ki, araşdırma 2014-cü ilin 12 noyabrından 2015-ci ilin 14 iyuluna qədər aparılıb. Agentliyin məlumatına əsasən, araşdırmaların nəticələrinə görə müvafiq iqtisadi agentlər ümumilikdə 55 milyon lariyə yaxın (25 milyon dollar) məbləğində cərimə ödəməli olacaqlar.
"Rəqabətlilik haqqında" qanunu pozduqlarına görə bəzi şirkətlər cərimələnib. Cərimələnən şirkətlər arasında "SOCAR Georgia petroleum" MMC şirkəti də var. Şirkət 14 381 385 lari (6,5 milyon dollardan çox) məbləğində cərimələnib.
Xatırladaq ki, "SOCAR Georgia petroleum" MMC şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tabedir. O da maraqlıdır ki, bu, Rövnəq Abdullayevin qonşu ölkədən son vaxtlar aldığı ikinci qara xəbərdir.
Belə ki, mayda Gürcüstanın energetika naziri vəzifəsində çalışan "Milan"ın keçmiş futbolçusu Kaxa Kaladze Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti - SOCAR-ın bu ölkədə karbamid zavodunun tikintisi layihəsi üzərində işi dayandırmasını şərh edib. Bu zaman o, olduqca ilginc məqamlara toxunub. Layihənin dayandırıldığı haqda SOCAR prezidenti Rövnəq Abdullayev məlumat vermişdi. Abdullayev demişdi ki, layihə Gürcüstan hökumətiylə "müəyyən danışıqların alınmadığına görə" dayandırılıb.
Kaxa Kaladze demişdi ki, layihə maliyyə baxımından sərfəli olmadığına görə dayandırılıb: "Səbəb odur ki, layihə həm Gürcüstan, həm Azərbaycan üçün maliyyə baxımından sərfəli deyil. Layihə üzərində işi dayandırmaq bizim ümumi qərarımız idi. Azərbaycan tərəfinin qazla bağlı problemləri olub. Məsələn, bu il biz lazım olan həcmdə qaz ala bilməmişik".
SOCAR prezidentinin açıqlamasında karbamid zavodunun sərfəli olmadığı barədə heç nə deyilmirdi. Əksinə, o deyirdi ki, karbamid Sumqayıtda neft emalı zavodu ilə birlikdə inşa etmək planlaşdırılmışdı. Karbamid zavodunun tikintisi layihəsi 700 milyon avrodu. Layihə barədə razılaşma 2012-ci ildə Gürcüstanın Saakaşvili hökuməti ilə əldə edilmişdi.
Amma onun qəfil və müəmmalı şəkildə ləğvi ortaya çıxdı. Bu isə SOCAR və onun rəhbəri üçün pis sürpriz hesab oluna bilərdi.
İndi isə Dövlət Neft Şirkətinə aid MMC-nin Gürcüstanda yüksək məbləğdə cərimələnməsi diqqətçəkəndir. Maraqlıdır, görəsən, SOCAR-la bağlı Gürcüstanda nə baş verir?!
Sənan Mirzə