Prezidentin

Prezidentin iradları Əbülfəs Qarayev və Cahangir Əsgərovu hərəkətə gətirdi

AZAL-da qiymətlər ucuzlaşacaq, turizm obyektlərinə isə ciddi nəzarət həyata keçiriləcək...

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə dövlət başçısı ölkəmizin əldə etdiyi nailiyyətlər, qazandığı uğurlarla yanaşı hər bir Azərbaycan vətəndaşını narahat edən bir sıra vacib məqamlara da toxunub. Prezidentin müşavirədə çıxışı zamanı xüsusi diqqət yetirdiyi məsələlərdən biri də ölkənin turizm sektorunda müşahidə edilən arzuedilməz vəziyyət olub.

Dövlət başçısı bu sahədəki problemlərə toxunaraq turizm obyektlərində, otellərdəki qiymətlərə irad tutub, bu sahə ilə məşğul olan iş adamlarına nəticə çıxarmağı tövsiyyə edib: "Mənə bir siqnal da gəlir ki, bizdə otellərin qiyməti də bahadır, xüsusilə bölgələrdə. İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. İndi Bakıda otelləri şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beş ulduzlu olmayan otellərin qiyməti niyə bahadır? Bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir. Yenə də deyirəm, burada bəlkə də buna çox sadə yanaşırlar ki, qiymətləri bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir".
Dövlət başçısının haqlı olaraq qeyd etdiyi kimi bu gün regionlardakı turizm obyektlərində qiymətlərin həddən artıq baha olması sadə Azərbaycan vətəndaşının həmin yerlərə yolunu bağlayır. Bu gün istənilən regiondakı turizm istirahət mərkəzlərində bir həftəlik minimum səviyyədə istirahət etmək Türkiyənin əsas turizm kurort zonası sayılan Antalya və Quşadasında istirahət etməkdən baha başa gəlir. Hətta yaxın qonşumuz olan Gürcüstanın Batumi turizm zonasında da qiymətlər Azərbaycanın istənilən əyalətindəki turizm obyektlərindən sərfəli qiymətə başa gəlir. Elə bunun göstəricisidir ki, sadə Azərbaycan vətəndaşı turizm mövsümündə ölkəmizin əyalətlərinə deyil, məhz xaricə, xüsusilə Türkiyə və Gürcüstana üz tutur. Bu tendensiya öz-özlüyündə Azərbaycana istirahət etmək məqsədilə səfər etmək istəyində olan xarici turistlərə də təsirsiz ötüşmür. Öz vətəndaşının daxili turizmə deyil, xarici turizmə üstünlük verdiyini görən avropalı da Azərbaycana gəlmək istəyindən daşınır.
Statistik göstəricələrə nəzər saldıqda bunu açıq görmək mümkündür. Bir müddət əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son 5 il ərzində Azərbaycana gələn turistlərin sayının cəmi 15 faizə qədər artdığını diqqətə çatdırmışdı. Təbii ki, bu göstərici Azərbaycanın turizm potensialı baxımından çox-çox azdır. Ölkəmizdə kifayət qədər turizm obyektləri, otellərin mövcud olduğunu nəzərə alsaq, onda bu göstərici ən azı 40-50 faiz təşkil etməli idi. Heç şübhəsiz ki, bu da turizm obyektlərindəki qiymətlərin baha olması ilə əlaqədardır. Hətta vəziyyət o həddə çatıb ki, xarici turistlər sırasında öz çoxluğu ilə seçilən İran vətəndaşları da artıq Azərbaycana bir o qədər maraq göstərmirlər. Belə ki, Rusiya və Gürcüstandan olan turistlər kimi İrandan Azərbaycana gələnlərin sayında da son illər azalma müşahidə edilib. AZAL-ın təyyarə biletlərinin həddən ziyadə baha olması da Azərbaycanın turizm potensialına ciddi təsir göstərən faktorlar sırasındadır. Xatırladaq ki, dövlət başçısı məlum çıxışında AZAL-ın qiymət siyasətini də kəskin şəkildə tənqid etmişdi. Həmin müşavirədən ötən müddət ərzində isə tənqid hədəfinə gətirilən qurum rəhbərləri hərəkətə keçiblər. Bu baxımdan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və AZAL prezidenti Cahangir Əsgərovun mətbuata verdikləri son açıqlamalar maraq doğurur:
"Yalandan yazırlar ki, hotel üç və ya dörd ulduzludur. Ancaq real olaraq bu hotellərin standartları təqdim edilən xidmətlərin standartlarına heç cür uyğun gəlmir. Ona görə də biz artıq tələb edəcəyik ki, qiymətlər qanunvericilik çərçivəsində standartlara uyğunlaşdırılsın". Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, regionlarda mövcud olan bütün hotellərin qiymət siyasətinə yenidən baxılması tövsiyə olunub: "Artıq rayon icra hakimiyyətlərinin rəhbərlərinə, yerli sahibkarlara, müxtəlif qurumlara tövsiyə edilib ki, regionlarda yeni tikilən otellər və yaxud turizmin inkişafı ilə bağlı atılan hər hansı bir addım mütləq nazirlikdə mövcud olan standartlara uyğunlaşdırılmalıdır. Bu gün qanunvericilikdə mütləq standartlaşma məsələsi yoxdur. Biz hesab edirik ki, bu gün hər hansı bir otelin, motelin, qonaq evinin tikintisi zamanı sahibkar mütləq onun standartlarınıMədəniyyət və Turizm Nazirliyi ilə birgə müəyyənləşdirməlidir. Çünki bu standartlar həm də qiymətlərin tənzimlənməsinə ciddi təsir göstərəcək".
Nazir əlavə edib ki, hər mövsüm hotellərlə bağlı monitorinqlər aparılır: "Bu monitorinqlər konkret olaraq həm keyfiyyət, həm qiymət baxımından tam aydın mənzərəni bizə göstərəcək. Xidmətlərin keyfiyyətinin müvafiq qiymətə münasib olmasını təmin edə bilərik. Sözsüz ki, bu, bir-iki günün məsələsi deyil. Bu mövsümdə bizə tam mənzərə aydın olacaq və bütün təhlilləri aparıb, yaxın vaxtlarda qiymətlərin daha məntiqli olması barədə öz qərarımızı və tövsiyələrimizi verəcəyik".
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə Heyətinin kollegiya iclası zamanı isə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyevin "Aviabiletlərin qiymətinin bəzi hallarda süni şəkildə qaldırılması" ilə bağlı verdiyi tapşırıqlar ciddi şəkildə müzakirə olunub. Dövlət Mülki Aviasiya Administrasiyası ilə birgə keçirilmiş iclasda İdarə Heyətinin sədri, prezident Cahangir Əsgərov bütün heyət üzvlərinə hər bir hava xəttinin tariflərinin dərindən təhlil edilməsini, aviabiletlərin qiymətinin aşağı salınması yollarının təyin edilməsini, güzəştlərin tətbiq edilmə şərtlərinin və tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlanmasını tapşırıb. Azərbaycana xarici turist axınının cəlb edilməsinin vacibliyini vurğulayan sədr bu istiqamətdə artıq işlərin başladığını və ən qısa zamanda AZAL tərəfindən turizm marşrutlarında aşağı tarifli özəl uçuşların təşkil ediləcəyini bildirib. Bununla yanaşı, C. Əsgərov mövcud hava xətlərində müəyyən sayda yerlərin aşağı tariflə satışı çıxarılmasına dair bəzi təkliflərin artıq hazır olduğunu və bu tariflərin yaxın günlərdə tətbiq ediləcəyini iclas üzvlərinin nəzərinə çatdırıb. Eyni zamanda diqqətə çatdırılıb ki, bütün bu tədbirlər uçuşların təhlükəsizliyinin yüksək səviyyədə qorunub saxlanılması və mövcud xidmət keyfiyyətinin davam etməsi şərti ilə həyata keçirilməlidir.
AZAL prezidenti məlumat verib ki, hazırda AZAL-ın və İqtisadi İnkişaf və Sənaye Nazirliyinin mütəxəssislərindən ibarət yaranmış birgə işçi qrupu da aviabiletlərin qiymətləri ilə bağlı öz təklif və tövsiyələrini hazırlayır. İdarə Heyətinin üzvləri qərara gəliblər ki, təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılsın və onların optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilsin. Qəbul edilmiş qərarlar barədə cəmiyyətə geniş məlumat veriləcəkdir.
Göründüyü kimi, prezidentin sərt açıqlamalarından sonra iki qurum ciddi hərəkətlənməyə keçib. Bunun praktiki nəticələrinin olub-olmayacağı isə yaxın günlərdə bəlli olacaq.
Orxan Həsənli