47-ci

47-ci Beynəlxalq Kimya Olimpiadasının açılış mərasimi oldu

Nərgiz Paşayeva: "Bütün iştirakçıları bir araya gətirən amil elm, təhsil və mədəniyyətdir"

Heydər Əliyev Mərkəzində 47-ci Beynəlxalq Kimya Olimpiadasının açılış mərasimi olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirilən Olimpiadanın açılış mərasimində 75 ölkədən 292 olimpiadaçı, 250-dən çox alim, kimya mütəxəssisi, müşahidəçi, qrup rəhbəri və qonaq, Azərbaycanın dövlət və hökumət rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edirlər.

Tədbirdə əvvəlcə 47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak edən komandalar təqdim edilib. Sonra Olimpiada haqqında videoçarx nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayeva Olimpiada iştirakçılarını salamlayaraq bu əhəmiyyətli və fərəhli tədbirin prezidenti olmaqdan məmnunluq və şərəf hissi duyduğunu bildirib.
O qeyd edib ki, Olimpiadanın Təşkilat Komitəsi müsabiqənin obyektiv, möhtəşəm, yarış məkanının, şəraitin tam uyğun olması üçün əlindən gələni əsirgəməyib.
Hər kəsə Yer planetinin o qədər də böyük olmadığının məlum olduğunu deyən Təşkilat Komitəsinin sədri məhz bu səbəbdən Bakı Olimpiadası üçün "Həyat sanki böyük bir kimya laboratoriyasıdır" şüarının seçildiyini bildirib: "Bu laboratoriyanın böyük bir hissəsi canlı təbiətdən – bizi yaradan və yaşadan təbiətdən ibarətdir. Təbiəti qorumaq gözəlliyi qorumaq deməkdir, gözəlliyi qorumaq həqiqəti qorumaq deməkdir, həqiqəti qorumaq mənəviyyatı qorumaq deməkdir, mənəviyyatı qorumaq isə bəşəriyyəti qorumaq deməkdir. Siz bu dəyərlərin daşıyıcıları olmalısınız. Çünki bu dəyərlər olmadan biliklər mənasız, elm məhdud və aciz, bəzən isə təhlükəli ola bilər. Səxavətli, xeyirxah, geniş, humanist ürək və mərd, işıqlı, istedadlı zəka – budur ideal!".
Olimpiadada 75 ölkənin təmsil olunduğunu deyən professor Nərgiz Paşayeva bütün iştirakçıları bir araya gətirən amilin elm, təhsil və mədəniyyət olduğunu bildirərək onlara uğurlar arzulayıb və 47-ci Beynəlxalq Kimya Olimpiadasını açıq elan edib.
İyulun 29-dək davam edəcək 47-ci Beynəlxalq Kimya Olimpiadasında məktəblilər kimya üzrə nəzəri və praktik biliklərini Moskva Dövlət Universitetinin Bakı filialında sınayacaqlar. Son illər elm və tədris bazasını gücləndirən bu təhsil ocağında ən müasir avadanlıqla təchiz edilmiş kimya laboratoriyaları yaradılıb. Hazırda Bakı filialının kimya fakültəsi ölkədə bu sahə üzrə ən güclü tədris mərkəzlərindən biridir.
47-ci Beynəlxalq Kimya Olimpiadasının Azərbaycanda, Moskva Dövlət Universitetinin Bakı filialında keçirilməsi ilə bağlı qərar 2012-ci ildə Vaşinqtonda 44-cü Olimpiadanın Beynəlxalq Münsiflər Heyəti tərəfindən qəbul edilib. 2014-cü ildə Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən 46-cı Beynəlxalq Kimya Olimpiadasının bağlanış mərasimində müsabiqənin bayrağı Azərbaycana – 47-ci Olimpiadanın təşkilatçısı olan Moskva Dövlət Universitetinin Bakı filialına verilib. Azərbaycan MDB məkanında Rusiyadan sonra məktəblilərin Beynəlxalq Kimya Olimpiadasını keçirmək hüququ qazanan ikinci ölkədir.
Hazırda Olimpiadada iştirak edən Azərbaycan komandasına "İstək" liseyini bu il bitirən Dilqəm Əhmədli, akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin, "İstək" liseyini və 160 nömrəli klassik gimnaziyanın X sinfini başa vuran Hüseyn Babayev və Ruslan Məmmədov daxildirlər. Komandanın rəhbəri isə 2009-cu ildə Böyük Britaniyada keçirilən 41-ci Beynəlxalq Kimya Olimpiadasının bürünc mükafatçısı, Qafqaz Universitetində üzvi kimya laboratoriyasının elmi işçisi Mehman Bünyadovdur.
47-ci Olimpiada Təhsil Nazirliyi, İdman və Gənclər Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR) və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilir.
Olimpiadanın ingilis və Azərbaycan dillərində fəaliyyət göstərən http://icho2015.msu.az/ veb-səhifəsi yaradılıb. Həmçinin yarış müddətində iştirakçıları məlumatlandırmaq üçün gündəlik "Katalayzer" jurnalı dərc edilir.
Qeyd edək ki, ilk Beynəlxalq Kimya Olimpiadası 1968-ci il iyunun 18-21-də Çexoslovakiya Respublikasının (indiki Çex Respublikası) paytaxtı Praqada keçirilib. Üç ölkədən - Çexoslovakiya, Macarıstan və Polşadan 18 şagirdin iştirakı ilə keçirilən bu bilik yarışması həmin dövrdən etibarən hər il (1971-ci il istisna olmaqla) bir ölkədə təşkil olunur. Ötən əsrin 80-ci illərindən başlayaraq Olimpiadada iştirakçı ölkələrin sayı artıb. 1998-ci ildə Olimpiadada artıq dünyanın bütün qitələrini əhatə edən 47 ölkənin təmsilçiləri yarışıblar.
Bu böyük elmi müsabiqədə universitetlərdə təhsil almayan və yaşı 20-ni keçməyən gənclər biliklərini sınayırlar. Olimpiada iştirakçıları iki müsabiqədən – nəzəri və praktiki (laboratoriya) imtahandan keçirlər. Müxtəlif günlərdə baş tutan hər imtahana 5 saat vaxt ayrılır. Nəzəri imtahan maksimum 60 bal, laboratoriya işləri ən çoxu 40 bal ilə qiymətləndirilir. Hər iştirakçı ölkənin iki nümayəndəsindən formalaşdırılmış Beynəlxalq Münsiflər Heyəti cavabları müzakirə edir və qiymətləndirir. Beynəlxalq Kimya Olimpiadasının qaydalarına görə, hər ölkənin komandasına 2 müəllim və 4 iştirakçı daxildir.
Fuad Əliyev