Əli Kərimlinin daha bir facebook təxribatı ifşa olundu
09:51 28-07-2015
CƏMİYYƏT
AXCP sədri bu ucuz mübarizə üsulları ilə hara qədər gedəcək?
AXCP rəhbərliyinin heç bir əxlaqa sığmayan mübarizə üsulları haqda çox yazılıb. Xüsusilə də sosial şəbəkələrdə saxta profillər vasitəsilə kimlərisə şantaj edən, dövlətçilik əleyhinə fikirlər paylaşan Əli Kərimlinin kiber cinayətkar dəstəsi artıq ifşa olunmaqdadır. Belə ki, Əli Kərimliyə bağlı olan qrupun son sərgüzəştlərini azvizion.az saytının əməkdaşları ifşa edib. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq həmin təfərrüatları "Unikal" qəzeti olaraq dərc edirik. Beləliklə, hakimiyyətə iddialı olan bir partiya sədrinin özünü hara qədər təhqir etməsini birlikdə izləyək...
Son günlər "Azadlıq" qəzetinin facebook profilinin sosial şəbəkələrdə kiber-cinayətkarlıqla məşğul olması haqda xəbərlər dolaşırdı. "Azadlıq Qəzeti" profili vasitəsilə istifadəçilərin şəxsi profilinin oğurlanması, sonra həmin oğurluq profildən AXCP sədrinin səhifəsinin bəyənilməsi, rəqiblərinin təhqir olunması haqda informasiyalar yayılırdı. Bütün bu deyilənlərin həqiqət olub-olmadığını yoxlamaq üçün araşdırma aparmağı qərara aldıq. Daha doğrusu bu profildən gələn mesajdan sonra yalançını evinə qədər qovmaq istədik. Görün nələr baş verdi...
Öncə bizə belə bir mesaj gəldi. "Azadlıq Qəzeti" deyilən bu profilin sahibi əməkdaşlarımızdan birinə onun çılpaq şəkillərinin yayıldığını və www.kitabevi.az/pages ünvanına girib, şəkillərə baxa biləcəyi haqda mesaj göndərdi.
Biz deyildiyi kimi də etdik: göndərilən linkə daxil olduq. Təxminlərimiz özünü doğrultdu: bizdən Facebook "login və parol"u tələb edildi. Buna kompüter termini ilə "fişinq" deyirlər, login və parol oğurlamağın köhnə yollarından biridir.
Oxucuda sual yarana bilər: "Profil ələ keçirməkdə nə maraqları var?" Səbrli olun, indi görcəksiniz.
Demək, bu profil oğruları oğurladıqları profilin loqin və parolunu dəyişməməklə, sahibin xəbəri olmadan, istədikləri hoqqabazlığı edə bilirlər.
Bizim başımıza nə oyun gətirdilər? "Ali Karimli (Əli Kərimli)" və "Azadlıq Radiosu" səhifələrini bəyənib, istədiklərini yazırlar. Aşağıda bizim sahib olduğumuz profilin "Ali Karimli" səhifəsini bizdən xəbərsiz necə bəyəndiyinin əyani şahidi olursunuz.
Və bütün bunlar azmış kimi, səhifədə Əli Kərimlinin şəkillərini bəyənməklə "Siyasi Lider" kimi sözlərlə "bəy tərifi" edirlər. Ən pis cəhət ondadır ki, parolunu oğurladıqları şəxslərin adı ilə hətta istədikləri şəxslərin ünvanına qeyr-etik sözlər yazırlar.
Bilirik ki, bu yazıdan sonra təşvişə düşərək, "Bizim adımızdan açılan saxta profildir" kimi bəhanələr gətirəcəklər. Ona görə də bu faktı vurğulamağı lazım bilirik. Əgər profil həqiqətən saxtadırsa, nə üçün 2013-cü ildən bəri "Azadlıq radiosu"nun xəbərlərini paylaşmaqdadır?
Beləliklə, aydın olur ki, sosial şəbəkələrdə, saytlarda yazılan şərhlərin, bəyənmələrin çoxundan onları edənlərin heç xəbəri də yoxdur. Bu adamların çoxu nə zamansa lazım olmayan bir yerdə loqin və parollarını daxil etməklə Əli Kərimlinin dəstəsinin qurbanına çevriliblər...
"Unikal" qəzeti olaraq xatırladırıq ki, AXCP sıralarını tərk etmiş sədr müavini Razi Nurullayev də Əli Kərimlinin başında kibercinayətkar dəstənin olması haqda məlumatlar vermişdi. Bu baxımdan Razi Nurullayevin bir müddət öncə verdiyi açıqlamaya da nəzər yetirmək pis olmazdı: "Saxta profillər fəlsəfəsini Azərbaycan siyasətinə bir partiya gətirib və buna təəssüf edirəm. Sədr müavinlərindən də bir-ikisi istisna olmaqla hər biri onlarla saxta profil istifadə edir. Bu çox utancverici hərəkətdir. Saxtakarlıqlara qarşı mübarizəni əlində bayraq edən partiya bunu özünə necə uyğun görə bilər?
Utanıram. Həm də yanıram. Yanıram o istismar etdiyiniz cəbhəçilər üçün. Çünki, saxta profillər real adamlar görünsün deyə, ömründə bir dəfə internetə girməyən cəbhəçilərin adından belə profilləri yaradıb sizdən fərqli düşünənləri söyür və dışlayırsınız. Bilirəm ki, bu həm də AXCP sədrinin göstərişi ilə yerinə yetirilir. Bəs harada qaldı azad söz, fərqli fikir və digərlərinin düşüncəsinə hörmət? Siz necə özünüzə digər cəbhəçilərin iradəsini zorlamağı rəva görürsünüz?
Mənim də yaxşı tanıdığım Elçin Şükürlü. Mən qəza keçirən zaman o da infarkt keçirmişdi. Bir neçə tanınmış cəbhəçi ilə onu ziyarət etdik və dəstək olmağa çalışdıq. Bilirəm ki, o çətin vəziyyətdədir və onun Facebook-a girmək imkanları da yoxdur.Olsa belə, o internetdən istifadə etməyi bilmir. Bəs necə olur ki, Facebook-da məni söyür və hər bir statusun altında bülbül kimi ötür? Mən o təmiz qəlbli cəbhəçinin telefonunu mətbuata təqdim edə bilərəm.
Bəs sonsuz hörmət bəslədiyim cəbhəçi Bəxtiyar Hüseyn. Onunla telefonla da danışdım və bu saf cəbhəçi dediklərimdən pis oldu. O çətin vəziyyətə düşdü. Dedi ki, bəy, sənə qarşı yazılan şərhlərin heç biri mənə aid deyil. Mən Facebook-dan istifadə etmirəm. O, dedi ki, istifadə edən şəxsi tanıyır və onunla ağır danışacaq. Budurmu sizin söz azadlığınız və insanların fərdi həyatına və sözünə hörmətiniz? Bəxtiyar bəyin də telefonunu mətbuat nümayəndələrinə təqdim edə bilərəm. Hər ikisinin profilini şərh bölməsində paylaşacam.
Bu profilləri və onlarca digər profilləri işlədən Rəyasət Heyəti üzvünün adını bilirəm. Amma, sadəcə onun adını çəkmək də pis gəlir mənə açığı. Təbii ki, biləcəksiniz.
Keçək başqa bir müavinə. Kamal İlhamoğlu mənim təşkilatımın mətbuat xidmətinin rəhbəridir. Facebook-u sağına-soluna, eninə-uzununa ekspert kimi bilir. Onu cəbhəçi gənclər də tanıyırlar yəqin ki. Bir sədr müavini - FQ, ona şərh bölməsində paylaşacağım mesajı yazıb. Elə bilir ki, o mənəm və Kamal da saxta profildir. Real profillə, özü də hansı ki, Facebok-u professional işlədən birini saxta hesab edəsən, daha nə deyim? Budurmu sənin savadın və analizin? Təbii ki, hətta bu screnşot-u paylaşmaq mənə ağır gəlir, amma blirəm ki, ziyansızdır. Yoxsa, səni pis vəziyyətə qoymaq istəməzdim. İstəsəydim, mən də deyərdim ki, əlimdə audio-video yazılar var. Ayıbdır belə şeylər. Təbii ki, mən belə hesab edirəm, amma sizlərin belə düşündüyü inancında deyilim.
Aktiv olan 200-ə qədər saxta profilləriniz var. Amma, qara gün üçün bu saxta profillər 500-700 arası dəyişə də bilər. Ayıbdır.
Saxtakarlıq etməyin. Xalq elə buna görə müxalifətdən üz döndərib. Çünki, yalan və saxtadır hər şey.
Allah, məni və dostlarımı saxtalıqdan, yalandan və böhtandan qoru!"
Göründüyü kimi, dünya dəyişsə də, sivil siyasi mübarizə üsulları təkmilləşsə də Əli Kərimli şou xarakterli ucuz mübarizə üsullarını dəyişmək niyyətində deyil. Onun bu yolla uzağa gedə bilməyəcəyi isə gün kimi aydındır.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15