22.08.2025-ci il tarixində saat 11:00 radələrində Abşeron Rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış əsasında ilkin olaraq 7 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.
***13:43
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğın daha da genişlənərək digər obyektlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
*** 12:13
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***11:08
Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodu yanır.
"Unikal"ın məlumatına görə, yanğın baş verən zavodda “Penguin” boyaları istehsal olunur.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən boya istehsalı müəssisəsində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib.
DİN Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.