Etibar

Etibar Pirverdiyev məhşər ayağına çəkilir

Artur Rəsizadənin qərarı "Azərenerji" prezidentini "nokaut"a salıb

Məlum olduğu kimi, Nazirlər Kabineti "Azərenerji" ASC-yə vergi, faiz və maliyyə sanksiyalarına görə borcun ödənilməsi üzrə 5 illik möhlət verib. Baş nazir Artur Rasizadə müvafiq sərəncamı 27 iyul 2015-ci il tarixində imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Vergilər Nazirliyinə 2015-ci ilin dövlət büdcəsinin icrası üçün nəzərdə tutulmuş məbləğlər istisna olmaqla "Azərenerji" ASC-nin balansından "Azərişıq" ASC-nin balansına verilən regional paylayıcı elektrik şəbəkələrinin 2015-ci il 1 aprel tarixinə olan vergi, faiz və maliyyə sanksiyalarının ödənilməsinə qanunvericiliklə müəyyən edilmiş qayda və müddətlər gözlənilməklə 2020-ci il 31 dekabr tarixinədək möhlət verilməsi üçün qanunamüvafiq tədbirlər görmək tapşırılıb. Vergi möhləti 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş məbləğə şamil edilmir.
Energetika Nazirliyinə "Azərenerji" və "Azərişıq" ASC-lərlə birlikdə 3 ay müddətində "Azərenerji" ASC-nin balansından "Azərişıq" ASC-nin balansına verilən regional paylayıcı elektrik şəbəkələrinin 2015-ci il 1 aprel tarixinə olan debitor və kreditor borclarının məbləğlərinin müvafiq təsdiqedici sənədlər əsasında dəqiqləşdirilməsini və balansa alınmasını təmin etmək tapşırılıb.
Maliyyə Nazirliyi isə Vergilər Nazirliyi və "Azərenerji" ASC ilə birlikdə "Azərenerji" ASC-nin kreditor borclarının tənzimlənməsinə dair təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Qeyd edək ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli sərəncamına əsasən, "Azərenerji" ASC-nin idarəçiliyində olan regional paylayıcı elektrik şəbəkələri "Azərişıq" ASC-nin balansına verilib.
Baş nazirin məlum qərarını "Azərenerji" prezidenti Etibar Pirverdiyevin faktiki olaraq "nokaut"a salınması kimi dəyərləndirmək olar. Onsuz da son vaxtlar işləri qaydasında getməyən Pirverdiyevin uzağı 5 il müddətində məbləği yüz milyonlarla manatla ölçülən borcları ödəmək məcburiyyətində qalması onun obrazlı şəkildə desək, "məhşər ayağına" çəkilməsidir.
"Unikal"ın etibar etdiyi məlumata görə, Pirverdiyevin hazırda 500 milyon manata yaxın borcu var. Bu yarım milyardlıq borcun önəmli bölümünün ödənilməsi məhz yaxın beş ildə baş verməlidir. Əhəmiyyətli səlahiyyətlərini itirmiş, əvvəlki geniş resurslarından məhrum olmuş "Azərenerji"nin rəhbərinin belə fantastik borcu bir neçə il ərzində necə ödəyəcəyi maraq doğurur.
Bundan başqa, onu da xatırlatmaq yerinə düşər ki, iki il öncə Beynəlxalq Bankla "Azərenerji" arasında cəmi 140 milyon manatlıq iki iddia üzrə məhkəmə çəkişməsi başlayıb. Bu fakt "Anonimous" hakerlər qrupunun "Azərenerji"nin kompüterlərindən ələ keçirdiyi sənədlərdən məlum olub.
İki subyekt arasında məhkəmə çəkişməsi hazırda davam edir. Birinci iddia Beynəlxalq Bank tərəfindən 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə qaldırılıb. Bu iddia üzrə cavabdeh tərəf "Sumqayıt REŞ" MMC və "Azərenerji" ASC-dir. İşə Sumqayıt İnzibati İqtisad Məhkəməsi baxıb. Məhkəmə borcun "Azərenerji" ASC-dən tutulması barədə qətnamə çıxarıb. Qətnamədən apelyasiya şikayəti verilib, amma təmin olunmayıb. Yəni Pirverdiyevin 104 milyon manatı Beynəlxalq Banka ödəməli olduğu qətiləşib. Amma aradan iki il keçdikdən sonra hələ də "Azərenerji"ASC-nin bu vəsaiti Beynəlxalq Banka qaytarıb-qaytarmadığı bəlli deyil. Mətbuat bir müddətdir yazır ki, əgər "Azərenerji"nin həmin kredit borcunu geri ödəmədiyi məlum olarsa, bunun onsuz da karyera baxımından yaxşı günlərini yaşamayan Etibar Pirverdiyev üçün yeni başağrısına çevriləcəyi ehtimalı böyükdür. Söhbət Beynəlxalq Banka borcu olan qurum və iş adamlarının bir neçə aydır sıxışdırılmasından, hətta bəzilərinin həbsindən gedir. Bu proses çərçivəsində "Azərenerji" rəhbərini də xoşagəlməz sürprizlər gözləyə bilər.
Bir sözlə, Etibar Pirverdiyev düşdüyü borc bataqlığından çıxmaq üçün çətin sınaqla qarşılaşıb. Onun ətrafında həlqə hər keçən gün daralır və bu, qarşıdakı dövrdə "Azərenerji" "şef"inin daha ağır zərbələr alması ehtimalını artırır.
Toğrul Əliyev