"Jurnalistikanın nüfuzu aşağı deyil" - Əflatun Amaşov
10:34 05-08-2015
CƏMİYYƏT
"Bu il ali məktəblərə daxil olmaq istəyən abituriyentlərin 341-nin ixtisas seçimində jurnalistika da var idi. Ümumi test imtahanından sonra onların 163-ü jurnalistika üzrə keçiriləcək qabiliyyət imtahanlarında iştirak etdi və yalnız 57-i bu mərhələni uğurla başa vurmağı bacardı. Ali məktəblərin jurnalistika ixtisası üçün ayrılmış 198 yerə qarşılıq 57 rəqəmi az görünə bilər. Ancaq göstərici heç də pessimizə əsas vermir".
Bu fikirləri Azərbaycan Mətbuat Şurasınını sədri Əflatun Amaşov deyib. Ə.Amaşov məsələ ilə bağlı bir neçə məqamı diqqətə çatdırıb: "Birincisi, əvvəllər də jurnalistika ixtisası üçün ümumilikdə 200-ə yaxın yer ayrılırdı. Həmin yerləri tutan, yəni jurnalistika ixtisaslı bakalavrların heç də hamısı ali məktəbi bitirdikdən sonra peşəsi üzrə fəaliyyət göstərmirdi. Hazırkı status-kvo jurnalistikaya marağı olanların bu sahəyə gəlişi baxımından önəmlidir. Əsas olan kəmiyyət deyil, keyfiyyətdir.
İkincisi, uzun müddət idi ki, jurnalistikaya qəbulda qabiliyyət imtahanı mexanizmi tətbiq edilmirdi. Məlum olduğu kimi, 2013-cü il noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə bu məsələ qaldırıldı və dövlət başçısı təşəbbüsü dəstəkləyərək müvafiq tapşırıqlar verdi. Nəticədə 2014-cü ildən başlayaraq jurnalistikaya qəbul prosesində qabiliyyət imtahanı tətbiq edildi. Yəni, bu mexanizm özlüyündə cəmiyyət üçün yenilikdir və mövcud istiqamətdə müvafiq maarifləndirmə işlərinin aparılmasına ehtiyac var.
Üçüncüsü, jurnalistikada həvəs amili mütləqdir. Ümumən bütün dövrlərdə bu peşə cəmiyyətdə populyar sayılıb. Bu sahədə çatışmazlıqların hələ də qalmasına baxmayaraq, düşünmürəm ki, jurnalistikanın nüfuzu tam şəkildə aşağıdır. Abituriyentlərin 341-nin ixtisas seçimində jurnalistikanı da göstərməsi bunu deməyə əsas verir. Bir qədər də incəliyə getsək, 163 nəfərin qabiliyyət imtahanında iştirakı da xüsusi vurğulanmalıdır. Belədə, məncə, həmin 163 nəfərə münasibət məsələsi ön plana çıxır. Əlbəttə, qəbul planındakı kəsiri nəzərə alaraq onların heç də hamısının qabiliyyət testindən keçməsinə şərait yaratmaq doğru olmazdı. Bununla belə həmin abituriyentlərə yanaşmada onların jurnalistikaya marağının mövcudluğu əsas götürülməlidir. Yaxşı olardı ki, mövcud xüsusda qabiliyyət imtahanındakı qiymətləndirmənin nisbətən yüngülləşdirilməsi məsələsi nəzərdən keçirilsin.
Dördüncüsü, məlum olduğu kimi, ali məktəblərin jurnalistika ixtisası üzrə magistr pilləsinə qəbulda da yeniliklər edilib. Əgər əvvəllər yalnız humanitar sahəni bitirənlər jurnalistika fakultəsində magistr təhsili ala bilirdilərsə, 2014-cü ildən başlayaraq digər sahələrin də bakalavrlarına belə imkan yaradılıb. Bu mexanizmin tətbiqi eyni zamanda jurnalistikanın ixtisaslaşmasına da ciddi dəstək əhəmiyyəti daşıyır. Hər halda, məsələn, iqtisadiyyat sahəsini bitirmiş bakalavr yazı yazmaq qabiliyyətinə malikdirsə, o zaman onun təqdim etdiyi material daha peşəkar alınar və cəmiyyət üçün faydalı olar".
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:10:22
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22