Nərimanov
Abdin Fərzəliyev rayonun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətdə görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb

"Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2015-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələr"ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.

"Unikal"ın məlumatına görə, tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.

Rayonun rəhbərliyi, Milli Məclisin deputatları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələriin qatıldığı tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək cari il iyul ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək, ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.

Hesabat məruzəsində rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə 2015-ci ilin birinci yarısında görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyü və bu işlərin hazırda da uğurla davam etdirildiyi vurğulanıb.

Rayonda sənayenin əsas iqtisadi göstəricilərinə yönəldilərək, ilk 6 ayın yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafının davam etdirildiyi və bu müddət ərzində xidmətlər də daxil olmaqla, 1 milyard 112 milyon manatlıq məhsul istehsal olunduğu, ötən ilin müvafiq dövrünə nisbətən 95,3 faiz artım sürəti əldə edildiyi, istehlakçılara 1 milyard 134 milyon manatlıq və ya bütün sənaye məhsulunun 101,7 faizi qədər sənaye məhsulu göndərildiyi, həmçinin istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisinin 88,4 faiz təşkil etdiyi, yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2086 daimi iş yerinin yaradıldığı barədə məlumat verilib.

İlk Avropa Oyunlarının keçirilməsinə hazırlıqla əlaqədar ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrasının uğurla həyata keçirildiyi qeyd edilərək ilk növbədə artıq şəhərimizin ən gözəl prospektlərindən birinə çevrilən Ziya Bünyadov prospektinin uzunluğu 15 km olan hissəsində yaşayış və qeyri-yaşayış binalarının fasadları və dam örtüklərinin yenidən qurulduğu, digər hissələrdə isə hasarların tikilərək müasir üzlük tavanlarla bəzədildiyi nəzərə çatdırılıb.

Bildirilib ki, yeni inşa olunan Olimpiya Stadionunun Nərimanov rayonu ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri böyük sürətlə və yüksək keyfiyyətlə həyata keçirilib, stadionunun ətrafında sahəsi 15 hektar olan yamacda yaşıllıqlar salınıb, müxtəlif ağac və bəzək kolları əkilərək, müasir suvarma sistemi quraşdırılıb. Həmçinin, Böyük Şor gölü ətrafında Olimpiya Stadionuna yaxın ərazidə yeni bulvar zolağı salınaraq, rayon sakinlərinin mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Rayonun Heydər Əliyev prospekti ilə İ.Həsənoğlu küçəsinin kəsişməsində yeni park salınıb.

Eyni zamanda diqqətə çatdırılıb ki, "Gənclik" metrostansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşa olunması, Ziya Bünyadov prospektinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının və yeraltı yol ötürücülərinin salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrin həyata keçirilməsi işləri uğurla yerinə yetirilib.

Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 ədəd yaşayış binasının tikintisi sürətlə və yüksək keyfiyyətlə davam etdirilib və həmin binaların yaxın müddətdə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Eyni zamanda, Heydər Əliyev prospekti 64 və Koroğlu Rəhimov küçəsi 3A ünvanlarda müasir memarlıq üslubunda inşa edilmiş yeni yaşayış binaları istismara tam hazır vəziyyətə gətirilərək sakinlərin istifadəsinə verilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev, "Təfəkkür" Universitetinin professoru Cümşüd Nuriyev, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri diqqətə çatdırıb və Nərimanov rayonunda hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.

Sonra Azərbaycan Respublikası Prezidentinin "Dövlət qulluqçularının təltif edilməsi haqqında" 22 iyun 2015-ci il tarixli, 1282 nömrəli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadova həmin ali mükafat təqdim edilib.

Eyni zamanda, Milli Məclisin deputatı Adil Əliyevə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən təsis edilən "Veteran həmrəyliyinə görə" medalı təqdim olunub.

Daha sonra rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub. Böyük Vətən müharibəsi veteranı, müharibədə göstərdiyi şücaət və qəhrəmanlığa görə çoxsaylı orden və medallarla təltif olunmuş, eyni zamanda yaxın günlərdə 90 yaşı tamam olmuş Nərimanov rayonunun sakini Qara Sarıyev də həmçinin mükafat alanlar sırasında olub.

Sonda icra başçısı Abdin Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə cari ilin ilk 6 ayı ərzində görülən böyük işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.