Şahmar Mövsümovun daha bir iflası
09:26 13-08-2015
CƏMİYYƏT
Şahmar Mövsümovun daha bir iflası
Dövlət Neft Fondundan iki gündə 17 milyon manatlıq itki!
Son iki gündə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Çinin həyata keçirdiyi devalvasiyaya görə, nisbi olaraq 17,4 milyon dollar itirib. Fond Çində istiqrazlara 3 milyard yuan yatırmaq üçün icazə aldığını açıqlamışdı.
Çin Mərkəzi Bankı (PBOC) son iki gündə yuanı dollar qarşısında cəmi 3.48 faiz ucuzlaşdırıb. Srağagün ölkədə 1.86%-lik, dünən isə 1.62%-lik devalvasiya həyata keçirilib. Çin məzənnəni, rəsmi olaraq müəyyən etdiyi bir orta nöqtədən idarə edir və yuan bu orta nöqtədən gündə 2 faiz yuxarı və ya aşağı gedə bilir.
Çin Mərkəzi Bankı srağagün orta nöqtəni 6.1162-dən 6.2298-ə dəyişmişdi. PBOC dünən dollar/yuan məzənnəsi üçün müəyyən olunan orta nöqtəni 1,62 faiz yüksəldərək 6,3306 səviyyəsinə çıxardıb.
ARDNF-in iki gündə 17 milyon dollardan artıq itki verməsi bu qurumun icraçı direktoru Şahmar Mövsümovu növbəti dəfə tənqid hədəfinə çevirib.
Məsələ burasındadır ki, təxminən bir həftə əvvəl Mövsümov ARDNF-in Moskvada aldığı əmlaka görə tənqidlərə tuş gəlmişdi. Belə ki, Dövlət Neft Fondu tərəfindən 2012-ci ildə 133 milyon ABŞ dollarına alınan Moskva şəhərinin Tverskaya 16 ünvanında yerləşən "Qalereya Aktyor" ofis ticarət mərkəzinin dəyərini ötən ilin sonunda müstəqil qiymətləndirmə şirkətləri 5 milyard 687 milyon rubl qiymətləndirib ki, bu da hazırkı məzənnə ilə 88,6 milyon ABŞ dollarına bərabərdir. Yalnız Moskvadakı əmlakın dəyərsizləşməsindən olan itkinin məbləği 44 milyon ABŞ dollarını ötüb.
Buna görə ekspertlər ARDNF rəhbərliyinə sərt qınaqlar ünvanlayıblar. Onların sözlərinə görə, dəfələrlə Rusiya bazarında investisiya qoyuluşlarının riskinin yüksək olduğu qeyd edilsə də, ARDNF oradakı vəsaitlərini geri çəkməyə çağırılsa da təəssüf ki, buna hələ də əməl edilmir. Beləliklə də, Dövlət Neft Fondunun həmin bazarda itkiləri getdikcə artır. Bu il ərzində ARDNF-in Rusiya bazarındakı əməliyyatlardan itkilərinin səviyyəsi daha yüksək olacağı gözlənilir.
Ekspertlər bildiriblər ki, son məlumatlara görə, Moskvada icarə qiymətləri ilin əvvəlindən 10-15 faiz ucuzlaşıb və bu tendensiya il ərzində davam edəcək. Bir sözlə, ARDNF-in Moskvada aldığı ofis ticarət mərkəzi ilə bağlı itkilərinin məbləğinin çoxalması istisna olunmamalıdır.
İndi isə Çin yuanının devalvasiyası ARDNF-in əlavə 17 milyon dollarlıq itkisinə gətirib çıxarıb. Bu isə Şahmar Mövsümovun icraçı direktoru olduğu Dövlət Neft Fondunun öz fəaliyyətini uzaqgörən şəkildə qurmamasının nəticəsi olaraq dəyərləndirilir.
Eyni zamanda ARDNF üzərində ictimai nəzarətin demək olar ki, olmaması bu qurumun böyük məbləğlərlə ölçülən maliyyə itkilərinin getdikcə artmasının əsas səbəblərindən biri kimi göstərilir. Eyni zamanda ekspertlər hesab edirlər ki, Şahmar Mövsümov Dövlət Neft Fondunun itkilərinin qarşısının alınması istiqamətində hələ ki, hər hansı təsirli addımın atılmasına nail olmayıb. Bu isə ARDNF-in düzgün idarəçiliyi baxımından narahatlıqlar yaradır.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22