Həbsinə qərar verilmiş satqın səfirin siyasətdə uğursuz debütü
13:23 15-08-2015
CƏMİYYƏT
Həbsinə qərar verilmiş satqın səfirin siyasətdə uğursuz debütü
Arif Məmmədov xalqı küçələrə çağırdı, çağırışı nəticəsiz qaldı, müxalifətdən küsdü, Saakaşviliyə "göyərçin" dedi və...
May ayından etibarən təmsil olunduğu hakimiyyətə xəyanət edərək, özünü siyasətdə sınamaq qərarına gələn uğursuz diplomat, naşı siyasətçi Arif Məmmədov haqda həbs qərarı verilib.
Belə ki, Hesablama Palatası 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin saxlanılmasına ayrılan büdcə vəsaitlərinin qanunsuz istifadəsi, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi və bir sıra ciddi maliyyə pozuntularına yol verilməklə dövlətə külli miqdarda zərər vurulması ehtimalını nəzərə alaraq yoxlama materiallarını Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərib. Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün İnterpolun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Bundan sonra isə Arif Məmmədovun siyasətdə daha da aktivləşməsi və bir-birinin ardınca məsuliyyətsiz bəyanatlara imza atmasını müşahidə edirik. Onun atdığı addımların xronologiyası ilə tanışlıq yetərlidir ki, adamın sistemsiz, qərarsız və naşı olduğu aşkarlansın. Elə bu baxımdan da "Unikal" qəzeti olaraq Arif Məmmədovun özünüifşaya xidmət edən son gedişlərinə göz atmaq qərarına gəldik. Beləliklə...
Jurnalist Rasim Əliyevin ölümündən şou düzəltmək və bunu hakimiyyətə qarşı çevirmək arzusuyla alışıb yanan Arif Məmmədov bir neçə gün bundan öncə xalqı küçələrə çıxmağa səsləyib. Sabiq səfir bu çağırışını öz facebook hesabında paylaşıb.
"Əziz dostlar, bacı və qardaşlar" deyə ictimaiyyətə müraciət edən A.Məmmədovun çağırışında deyilir: "Sizin yazdıqlarınızı diqqətlə izləyirəm. Əksəriyyətiniz "Nə etmək lazımdır?" suallarını mənə ünvanlayırsınız. Təklif edirəm: "Ağ marş" keçirmək.
Bütün mətbuat nümayəndələrinə, ziyalılara, müxalif partiyalara, ölkəsini istəyən və gələcəyə inamı və imanı olan vətəndaşlarımıza bir güclü millət olduğumuzu, demokratiyanı müdafiə etmək əzmimizi göstərmək üçün hamıya Şəhidlər Xiyabanının qarşısında yığışmağı və oradan sükut marşı ilə bulvara kimi demokratiya yürüşü keçirməyi təklif edirəm. Marşı "Ağ marş" adlandırmağı təklif edirəm. Marşa hamıya ağ geyimdə və ağ şarlarla gəlməyi təklif edərdim. Milli Şuraya, Azadlıq, Müsavat və digər müxalif partiyalara birgə olaraq bu marşın təşkilatçılığını öz üzərinə götürməyi təklif edirəm. Partiyaların gənclər təşkilatlarına xüsusilə birlik mesajı vermək ən vacib məsələdir".
Bu uğursuz çağırışın üstündən cəmi bir gün keçdikdən sonra isə Arif Məmmədov müxalifətin əleyhinə status paylaşmaqla aksiyanın alınmaması səbəbini onların üzərinə atıb. Həmin statusa da nəzər yetirək: "Siyasi partiyalardan bir səs çıxmadı. Deyəsən, "Motodromda" ya da ki, "Məhsul" stadionunda tədbirlər keçirməyə üstünlük verirlər. Təəsüflər olsun!!!".
Arif Məmmədovun ötən günkü statusu isə bu adamın nə qədər dayaz düşüncəli, özündən müştəbeh olduğunu üzə çıxarıb. Əlavə heç bir şərh vermədən onun sonuncu statusunu da oxucularımızın diqqətinə çatdırırıq: "Dostlarım hərdən məni Saakaşvili ilə müqayisə edirlər. Bilin-Saakaşvili mənimlə müqayisədə göyərçindir. Tezliklə hamı buna əmin olacaq. Şəxsi təyyarələrdə uçmaq da alınmayacaq, cənablar!".
Görünən odur ki, adam ya həbs olunmaq qorxusu altında olan-qalan hesablama bacarığını da itirib, ya da doğrudan da özünü böyük siyasətçi hesab edir. Amma Arif Məmmədova bir daha xatırlatmaq istərdik ki, onun indi getmək istədiyi yolla bir vaxtlar sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev irəliləmək istəyirdi. Onun hara qədər gedə bildiyini unutmusansa, şəxsən əlaqə saxlayıb özündən də soruşa bilərsən.
Digər tərəfdən isə Azərbaycan xalqı dəfələrlə təsdiqləyib ki, o avantüralara layiqli cavab vermək qabiliyyətini qorumaqla, siyasətdə macəra axtaranlara da hər zaman "yox" deyib.
Orxan HƏSƏNLİ
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22