Azərbaycan xüsusilə son 10 ildə iqtisadi sahədə xeyli irəliləyərək dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaqla yanaşı, həm də vətəndaş cəmiyyətinin qurulması istiqamətində bir çox nailiyyətlər əldə edib.
Güclü dövləti şərtləndirən amillərdən birinin güclü vətəndaş cəmiyyəti olduğunu nəzərə alaraq Azərbaycan bu sahənin inkişafına xüsusi diqqət ayırıb, vətəndaş cəmiyyəti təsisatlarının, Kütləvi İnformasiya Vasitələrinin dövlət tərəfindən dəstəklənməsinə dair konkret mexanizmlər formalaşdırılıb, insan haqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə Milli Fəaliyyət Proqramı qəbul edilib, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi üçün qanunvericilik islahatları həyata keçirilib.
QHT-lərə dövlət dəstəyi
Azərbaycanda vətəndaş cəmiyyətinin dəstəklənməsinə və inkişafına yönələn ən mühüm addımlardan biri vətəndaş cəmiyyətinin aparıcı elementlərindən olan Qeyri-Hökumət Təşkilatlarının xarici donorlardan asılılığının azaldılması və dövlətin bu təşkilatlar üçün əsas donora çevrilməsi üçün mexanizmin formalaşdırılmasıdır. Belə ki, son bir neçə ilə qədər Azərbaycanda fəaliyyət göstərən QHT-lər öz təşəbbüslərini həyata keçirmək üçün ancaq xarici donorlardan, beynəlxalq təşkilatlardan və fondlardan maliyyə dəstəyi ala bilirdilər. Dövlətlə QHT-lər arasında tərəfdaşlıq o qədər də inkişaf etməmişdi. QHT-lərin xarici donorlardan asılı olması həm də milli təhlükəsizlik nöqteyi-nəzərindən müəyyən narahatlıqlar meydana çıxarırdı.
Nəhayət geniş ictimai müzakirələrdən, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsindən sonra Azərbaycanda da bir çox inkişaf etmiş Avropa ölkələrində olduğu kimi dövlət-QHT tərəfdaşlığı üçün mexanizmin yaradılması məsələsi həllini tapıb. Azərbaycanın iqtisadi qüdrətinin artması QHT-lərin təklif etdikləri layihələrin, sosial-ictimai həyatın ən müxtəlif aspektlərinə dair faydalı təşəbbüslərin dövlət tərəfindən maliyyələşdirilməsinə də imkan yaradıb. 27 iyul 2007-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası" təsdiqlənib, bu konsepsiya ölkədə QHT sektorunun inkişafının yeni mərhələsinin başlanması üçün baza prinsiplərini müəyyənləşdirib. Konsepsiya ilə bağlı ictimai sektorda gedən prinsipial müzakirələrdən sonra prezidentin 13 dekabr 2007-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb və Şuranın Əsasnaməsi təsdiq edilib. Daha sonra QHT nümayəndələri arasında keçirilmiş şəffaf seçkilər yoluyla Şura üzvləri təyin edilib və QHT-lərə dövlət dəstəyi üçün formalaşdırılan mexanizm 2008-ci ilin aprelindən işə düşüb.
Dövlət büdcəsindən QHT-lərin dəstəklənməsi üçün ayrılan vəsaitlər
Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin məqsədləri cəmiyyətdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsidir. Şuraya dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ilbəil artırılması da dövlətin vətəndaş cəmiyyətinin inkişafına dair uzunmüddətli strategiyasına xidmət edir. Belə ki, 2009-cu ildə ilk vaxtda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına büdcədən ayrıldıan vəsait 2 milyon manat təşkil edib, Bu rəqəm 2010, 2011, 2012, 2013 və 2014-cü illərdə artıb. Vəsaitin həcminin ildən-ilə artırılması ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədi daşıyır.
KİV-ə dövlət dəstəyi
Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafında KİV-lərin rolunun nə dərəcədə mühüm olduğunu nəzərə alaraq bu sahənin inkişafına nail olmaq üçün xüsusi mexanizmlər formalaşdırıb. Prezident İlham Əliyev dəfələrlə öz nitqlərində bəyan edib ki, ölkədə inkişaf etmiş, peşəkar və müstəqil KİV-lərin fəaliyyətinin dəstəklənməsi Azərbaycan dövlətinin siyasətinin əsas prinsiplərindən biridir. Bu prinsip daxilində cəmiyyətdə söz azadlığını, insanların obyektiv informasiya əldə etmək hüququnu, həmçinin kütləvi informasiya vasitələrinin müstəqilliyini təmin etmək məqsədi ilə dövlət tərəfindən müəyyən olunan tədbirləri həyata keçirmək üçün 2008-ci ildə Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Yardım Fondu (KİVDF) yaradılıb. 2009-cu ildən fəaliyyətə başlayan Fondun yaradılmasında məqsəd vətəndaş cəmiyyəti quruculuğu prosesində KİV-lərin mühüm rolu nəzərə alınmaqla ölkədə fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etmək kimi vacib vəzifələrin həllidir.
Dövlət dəstəyi
siyasətinin
mühüm prinsipi
Lakin bu sahədə dövlət dəstəyi siyasətinin başlıca prinsiplərindən biri KİV-lərin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı müdaxilənin istisna edilməsidir. Bu prinsip KİVDF-in fəaliyyətinə dair ölkə prezidentinin sərəncamı ilə təsdiqlənmiş konsepsiyada rəsmən əksini tapır. Yaradıldığı vaxtdan etibarən KİVDF-ə dövlət büdcəsindən milyon manatlarlavəsait ayrılıb. Həmin vəsait hesabına ölkədə fəaliyyət göstərən qəzetlərə, informasiya agentliklərinə həm birbaşa, həm müsabiqəli əsasda konkret layihələrin həyata keçirilməsi üçün vəsaitlər ayrılıb. Bu vəsaitlərin ayrılması KİV redaksiyalarının müasir texnologiyalarla təmin olunmasına, jurnalistlərin iş şəraitinin yaxşılaşdırılmasına və peşəkarlıqlarının artırılmasına dəstək verib. Həmçinin Azərbaycan dövləti KİV əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də addımlar atıb, jurnalistlər üçün yaşayış binasının tikilib başa çatıb, ikinci binanın inşa edilməsi layihəsi üçün prezidentin sərəncamı ilə KİVDF-ə vəsait ayrılıb.
Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi
Hər bir demokratik, plüralistik cəmiyyətdə olduğu kimi Azərbaycanda da siyasi partiyalar mühüm ictimai institutlardır. Bu institutların inkişafını dəstəkləmək güclü dövlət quruculuğunun istiqamətlərindən biridir. Azərbaycanda siyasi partiyaların fəaliyyətinin stimullaşdırılması, onların seçkilərdə iştirakının və beləliklə də çoxpartiyalı demokratik sistemin inkişafına nail olunması məqsədilə bu sahəyə dövlət dəstəyi mexanizminin yaradılması uzun müddət gündəmdə olub. Azərbaycan siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinə dair inkişaf etmiş Avropa ölkələrinin təcrübəsini öyrənib, bu sahədə ATƏT və digər beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edilib. Nəhayət Azərbaycanda ilk dəfə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi üçün qanunvericilik islahatları həyata keçirilib. "Siyasi partiyalar haqqında" qanuna edilmiş düzəlişlər nəticəsində 2013-cü ildən etibarən ölkədə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi həyata keçiriləcək. Maliyyələşmə zamanı Avropa ölkələrinin təcrübəsi əsas götürüləcək, siyasi partiyaların seçkilər zamanı yığdıqları səslər və deputat mandatlarının sayından asılı olaraq dövlət büdcəsindən onlara maliyyə ayrılacaq. Qanunda edilmiş dəyişikliklərə əsasən maliyyə vəsaitin ümumi həcmindən 10%-i irəli sürdüyü namizədlər Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3%-ni qazanan, lakin MM-də təmsil olunmayan siyasi partiyalar arasında qazanılan səslərin sayına proporsional olaraq bölünür. Büdcə vəsaitinin 40%-i MM-də təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür. Qalan maliyyə vəsaitinin 50%-i isə Milli Məclisə seçilən deputatların sayına proporsional olaraq bölünəcək. Bu, Azərbaycanın üzv olduğu Avropa Şurası və ATƏT tərəfindən də müsbət qarşılanan bölgü prinsipidir.
İnsan Haqları
sahəsində Milli
Fəaliyyət Proqramı
Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafına yönələn siyasət çərçivəsində ölkədə insan haqları və azadlıqlarının müdafiəsini də gücləndirir. Bu məqsədlə 2011-ci ilin dekabrında prezident tərəfindən Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını təsdiq edilib. Milli Fəaliyyət Proqramı insan haqlarının daha etibarlı müdafiəsi üçün qanunvericilik, məhkəmə-hüquq sistemi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində islahatları nəzərdə tutan əhatəli, uzunmüddətli sənəddir. Milli Fəaliyyət Proqramı konseptual, miqyaslı xarakter daşıyır və "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf strategiyası çərçivəsində qarşıya qoyulan vəzifələr kontekstində nəzərdən keçirilməlidir. Bu sənəd insan hüquqlarının müdafiəsinin Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin prioritetlərindən biri olduğunu təsdiqləyir. Milli Fəaliyyət Proqramının qəbul edilməsi Azərbaycanın Yaxın Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı təşəbbüsləri çərçivəsində yaxın tərəfdaşlıq etdiyi Avropa İttifaqı, habelə ATƏT tərəfindən insan haqlarının qorunması istiqamətində mühüm addım kimi qiymətləndirilib.
Beləliklə, vətəndaş cəmiyyətinin, KİV-lərin, siyasi partiyaların dəstəklənməsinə yönələn siyasət Azərbaycanın mütərəqqi sosial siyasəti, inkişaf etmiş iqtisadiyyatı və regionda möhkəmlənmiş mövqeyi olan müasir və demokratik ölkəyə çevrilməsinə dair ölkə prezidentinin seçdiyi strateji xəttin həyata keçirilməsinə xidmət edir.
Digər Xəbərlər
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16
2024-12-23 10:50:00
2024-12-23 10:35:49