Kirayə fırıldağı
12:26 01-06-2012
İQTİSADİYYAT
Kirayə fırıldağı
"Maklerlər bağı"nda vasitəçilər və evlərini kirayə verənlər müştəriləri minbir bəhanə ilə aldadırlar
Azərbaycanda kirayə qalanların sayı heç də az hesab olunmur. Bununla bağlı həyata keçirilən ipoteka siyasəti isə evi olmayan insanları yetərincə əhatə edə bilmir. Bununla bağlı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov parlamentdə çıxışında bildirmişdi ki, gənclərin ipoteka kreditləşməsi yolu ilə mənzillə təmin olunması üçün 300 milyon manat lazımdır.
Kirayə bazarı
"od tutub yanır"
Məsələni araşdırmaq məqsədi ilə dünən şəhərin müxtəlif yerlərində olduq. İlk olaraq, daha görkəmli yerlərə baş çəkib, vəziyyətlə tanış olmağa çalışdıq. Metronun "Memar Əcəmi" stansiyasının ətrafındakı əksər maklerlərin ofislərinə baş vurub, qiymətlərlə maraqlandıq. Məlum oldu ki, mikrorayonlarda evlərin kirayəsi heç də ucuz deyil. Metronun ətrafındakı mənzillər üçün aylıq kirayə haqqı 300 manatdan aşağı deyil.
Maklerlər bunu onunla izah edirlər ki, sözügedən ərazilərə maraq göstərənlər çoxluq təşkil edir.
Onlar deyirlər ki, əksəriyyət daha şəraitli evlər istəyir. Ev sahibləri isə mənzillərinə kiçik kosmetik dəyişiklik etməklə qiymətləri qaldırırlar.
"Bu ərazilərdəki mənzillərin şəraitini qənaətbəxş hesab etmək mümkün deyil. Çünki əksər ev sahibləri mənzillərinə kosmetik yeniləmələr edirlər. Əşyalar isə əsasən 70-ci ildən qalmalardır. Bəzən bu əşyaların da üzünü dəyişib, onu təzə adı ilə kirayət götrümək istəyənlərə sırımağa çalışırlar. Bəziləri aldanır, bəziləri isə diqqətli olduğundan razılaşmır".
Maklerlər deyirlər ki, dəfələrlə bununla bağlı ev sahibləri ilə söhbət edərək, onlara vəziyyəti izah etməyə çalışıblar. Amma qarşı tərəf onları anlamaq istəməyib. "Evlərini kirayə verənlər əmindirlər ki, mənzilə ehtiyac olduğundan hansı şəraitdə olsa belə götürənlər olacaq. Həmçinin ona da əmindirlər ki, istənilən qiymətə razılaşanlar tapılacaq. Ona görə də, istədikləri kimi davranırlar".
"Memar Əcəmi" metrosunun ətrafındakı mənzil bazarından ayrılıb, bir qədər ucqara üz tutduq. "Neftçilər" metrosunun yaxınlığında yerləşən parkın ətrafındakı ofislərə baş vurduq. Məlum oldu ki, buradakı qiymətlər heç də digərlərindən fərqlənmirlər. Əksinə, qiymətlər demək olar ki, eynidir. Yalnız, "Xalqlar Dostuluğu" və "Həzi Aslanov" metrostansiyalarının ətrafında qiymətlər qismən aşağıdır və təqribən 250 manat civarında dəyişir.
Yaşlılar maklerlərə
inanmırlar
"Maklerlər bağı"nda hamı ayaqüstə dayanıb, müştəri gözləyir. Bəziləri, xüsusən də yaşlılar öz evlərini kirayə vermək üçün skamyalarda əyləşərək, əllərində üzərində "Ev kirayə verilir" sözləri yazılmış kağız tuturlar. Onlardan bir neçəsinə yaxınlaşdıq.
Məhluqə nənənin 65 yaşı var. Evində yaşayan kirayəçi bir neçə gündür mənzili tərk edib. Məhluqə nənə deyir ki, kirayətçiləri yaxşı adamlar olub, özlərinə ev aldıqları üçün ev tərk etməli olublar. Ona görə də, yeni bir kirayəçi axtarır. "Mənim yaşımdakı adamların burda nə işi var axı? Allah ehtiyacın üzünü qara eləsin. Üç otaqlı evim var. Onun iki otağını kirayə verirəm ki, dolanışımığı qura bilim. Maklerlərə inanmıram. Çünki onlar fırıldaqla məşğuldurlar. Keçən dəfə evimə bir nəfəri gətirmişdilər, hərəkətlərini görüb qovdum".
Əliş dayının evi isə "Koroğlu" metrosunun yaxınlığında yerləşir. 70 yaşlı ahılın da kirayəçiləri bu günlərdə mənzili tərk ediblər. Yeni kirayəçi tapmaq üçün bağa gəlib və özü evini kirayə vermək istəyir. Bizimlə söhbətində Əliş dayı bildirdi ki, həyat yoldaşı ilə birlikdə həyət evində yaşayır. İmkanı olan vaxtlarda həyətində iki ayrı ev inşa edib. İndi həmin evlər onun əlindən tutur. "Hər evi 150 manata kirayə verirəm. Əşyaları normaldır. İndiyə qədər məndən narazı qalan olmayıb. Kimsəylə işim olmaz. Hər kəs öz evinə sahibdir. Mən də dolanışığım üçün evlərimi kirayə verərək, dolanıram".
Digər söhbət etdiyimiz mənzil sahibləri də eyni dərddə olanlardır. Onlar bildirirlər ki, keflərindən kirayə bazarına çıxmayıblar. Ehtiyacları olduğu üçün bu addımı atmaq məcburiyyətində qalıblar.
"Maklerlər bağı"nda
atıb-aldatma oyunu
Bağda təkcə öz evini deyil, başqalarının da mənzillərini kirayə vermək üçün makelərlər dayanır. Üst-başlarından kir-pas tökülən bu adamların hərəsinin əlində kiçik dəftərçələr və ya dəftərlər var. Həmin dəftərlərdə də yazılanları oxumaq zillətdir. O qədər qarışıq xətlə yazılıb ki, hətta hansı evin kimə məxsus olduğunu müəyyən etmək çətinlik yaradır. Amma bağda dayananlar bu işlər adət etdiklərindən onlar üçün bunu aydınlaşdırmaq elə də çətin deyil.
Özümüzü kirayə ev axtaran kimi göstərərək, onlara yaxınlaşırıq. Ətrafımızı dövrəyə alırlar. Hərəsi bir tərəfdən "neçəlik ev istəyirsən?", "bina evi, yoxsa həyət axtarırsan?", "məndə əla evlər var, gəl gedək baxaq" deyir. Naşı adam olsa başını itirib, nə edəcəyini bilməz. Amma biz hazırlıqlı olduğumuzdan onları sakitləşdirib, bir-bir danışmalarını xahiş etdik və təkliflərini dinləməyə başladıq.
Bəziləri çəkilib, başqa müştəri axtarmağa başladı. Bir-ikisi isə bizi ciddiyə alıb, evlərini təklif etməyə başladılar. Mahmud adlı bir makler "Qara Qarayev" metrosunun yaxınlığında kirayə evlər yeri bildiyini söylədi. Şəraitini soruşduq. Cavabında bildirdi ki, "evlər super vəziyyətdədir, qəti narahat olmayın". Onun sözlərinə inanıb mənzillərə baxmağa yollandıq. Məmmədəli Şəfiyev küçəsindəki mənzillərə baş çəkdikdə bu adamın dediklərinin nə qədər yalan olduğu üzə çıxdı. Məlum oldu ki, evlərin nəinki şəraiti, heç yaşamaq üçün imkanları belə yoxdur. Kiçik, baraka bənzər otaqları isə 150 manatdan aşağı vermirlər.
Əşyalara gəldikdə isə bu barədə danışmağa dəyməz. Çünki qapısı sınıq soyuducu, bir şiri işləməyən su kranı, ayağının biri qırılmış yataq kravatı adama "gəl-gəl" deyirdi. Mahmudun bu hərəkətini təqdir etmədiyimizdən, etirazımızı bildirdik. Diqqətinə çatdırdıq ki, belə hərəkətlər insana başucalığı gətirmək. Ona görə ki, insanları aldatmaqla nəticə əldə etmək mümkün deyil.
Yalançı ev sahibləri
İşin ən tərs tərəfi odur ki, mənzillərini kirayə verən ev sahibləri də yalançılıqları ilə diqqəti çəkirlər. Bu barədə dəfələrlə bizə müraciət edən kirayəçilərə əvvəlcə inanmaq istəməsək də, bir çox hallarda öz gözümüzün şahidi olduğumuz səhnələrlə üzləşmişik.
Məsələ belədir ki, evlərini kirayə verənlər elan yazdırdıqda orada olmazın "imkanların" qeyd olunmasını istəyirlər. Məsələn, elanlardan birində yazılır: "Metronun yaxınlığında yeni təmirdən çıxmış iki otaqlı mənzil kirayə verilir. Evdə kondisoner, şkaf, yataq dəsti, stol, stul, soyuducu var. Hamam və ayaqyolu yeni təmirdən çıxıb. Su daimidir". Bue lanı araşdırmaq üçün ev sahibinə zəng vurub, onunla görüşmək istədik. Bizimlə verdiyi ünvanda görüşməyi qərarlaşdırdı. Evinə baxdıq və heyrətə gəldik. "Yeni təmirdən çıxmış" evin divarlarına sadəcə ağ rəngdə emusiya çəkilib. "Kondisioner" isə 80-ci illərin qalmasıdır və işləməsi özü belə sual altındadır. "Soyuducu"nun vəziyyəti son anlarını yaşayan insanı xatırladır. Yəni, səs-küyü baş aparan bu avadanlığın qapısını açmağa peşman olursan. Çünki qapı əlində qala bilər. Digər əşyalarla işimiz yoxdur. Hamam və ayaqyolu məsələsi isə lap gülməlidir. 10 il bundan əvvəl təmirdən çıxmış hamamdakı duşun şlankı demək olar ki, bir neçə yerdən su buraxırdı. Hamama qoyulmuş "pitiminutka" isə işləməkdən qap-qara rəng almışdı.
Aparıcı ofsilərin nümayəndələri ilə bu barədə söhbət etdikdə onlar dedilər ki, ev sahiblərinin yalançılıqları onları da bezdirib. Çünki mənzili göstərəndən sonra kirayə axtaranlar onlara acı sözlər deyirlər. "Dəfələrlə belə vəziyyətlərlə üzləşməli oluruq. Dəfələrlə də ev sahiblərinə demişik ki, yalan danışmasınlar. Amma zəmanə dəyişib. Əvvəllər belə şeylər olmurdu. İndi isə pul qazanmaq üçün bütün yollara baş vururlar. Ona görə də, son dövrlər evlərə baxdıqdan sonra onların elanlarını qeyd edib, müştərilərə təqdim edirik".
Kirayə bazarında niyə müqavilə yoxdur?
Azərbaycanda kirayə məsələsinin hüquqi tənzimlənməsi lazımdır. Rusiyada bununla bağlı maraqlı şərtlər var. Belə ki, şəhərin mərkəzində 300 dollar qarşılığında yaşadıqları kirayədə heç bir kommunal xidmət üçün ödəniş edilmir. Bu xərclər ev sahibinin üzərinə düşür. Çünki evi tutanda tərəflər arasında müqavilə bağlanıb və həmin müqaviləyə əsasən, 5 il müddətinə ev sahibi onları evi tərk etməyə məcbur edə bilməz. Üstəlik, ev əla təmirlidir, bütün əşyalarla və istilik sistemi ilə təmin edilib. Və bütün bunlara limitsiz ADSL internet xətti də əlavə edilib.
Türkiyədə isə bunun üçün başqa şərtlər hakimdir. Dövlətin qoyduğu qanunla evlər yaşamaq üçün ən minimum şərtlərlə təmin olunmalıdır. Əks təqdirdə, evini kirayə verən şəxs ağır cəza ala bilər.
Bizdə isə, təbii ki, heç müqavilə anlayışı yoxdur. Evlərin kirayə və alqı-satqısı ilə məşğul olan bir neçə ofisdə olduq. Həm dəllalardan, həm də kirayə axtaranlardan müqavilə barədə soruşduq. Bizə verilən cavablar ya susqunluq oldu, ya da çiyinlərini çəkmək. Öyrəndik ki, bizim gerçəkliklərə əsasən, kirayə ev və ya ofis götürülərkən müqavilə bağlanılmır.
Dəllallar bunun səbəbini "müsəlmançılıq"da görür: "Bizdə hər şey tanışlıq, salam-sağ ol sayəsində olur. Müsəlmançılıqdı, əgər kirayəçi ev sahibinin xoşuna gəlirsə, necə deyərlər, "gözü tutarsa" onda evini verir. Amma şərti şumda kəsirlər, ev sahibi bəri başdan şərtlərini müqaviləsiz də deyir ki, sonra problem olmasın".
Kirayə axtaran gənc ailədən kirayə götürəndə müqavilə bağlayıb-bağlamayacaqlarını soruşduq. Bildirdilər ki: "Ev tapmaq o qədər asan deyil, tapdığımız evi də bir müqaviləyə görə itirmək istəmərik. Çünki müqavilə şərtlərini də ev sahibi diqtə edəcək, müqavilə olmasa da bu, belə olacaq. Nə mənası var daha?"
Təbii ki müqavilə olmayanda çox sayda hüquqi və sosial problemlər yaranır. Bunun tənzimlənməsi mexanizmi isə yalnız müqavilə əsasında ola bilər. Bircə şeyi deyə bilərik ki, müqaviləsiz kirayə sistemi yalnız və yalnız ev sahibinin mənafeyinə uyğundur.
Cavid Qarabağlı
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40