Milli təhlükəsizlik və informasiya
12:37 02-06-2012
İQTİSADİYYAT
Milli təhlükəsizlik və informasiya
Yeni əlavələr nəyi dəyişəcək?
Son günlər "İnformasiya əldə etmək haqqında" qanuna əlavələrin edilməsi ilə bağlı fikirlər səslənirdi və indi aydın olur ki, artıq belə bir yeniliklər MM-də müzakirəyə çıxarılıb.
Hələlik komitə səviyyəsində. Verilən açıqlamalara görə əlavədə qeyd olunur ki, informasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında bildirib ki, informasiya əldə edilməsinin məhdudlaşdırılması çərçivəsi göstərilməyəndə bundan sui-istifadə olunur: "Bəzən ehtiyac olmayan yerdə də informasiya əldə etməsinə məhdudiyyətlər qoyulur. Əlavə informasiyanın əldə olunmasının məhdudlaşdırılmasına konkret çərçivələr müəyyən edəcək".
Bəs bu yeniliklər söz azadlığının boğulması kimi qəbul olunmayacaqmı? Məsələyə yanaşmada hələ ki vahid bir mövqe yoxdur.
Bəzi mütəxəssislər hesab edirlər ki, konkret bu şərtlərin daxil olması jurnalistlərin işini daha da rahat edəcək. O səbəbdən ki, artıq konkret bilinəcək ki, hansı məsələlərə toxunmaq olmaz.
Bunu da qeyd edək ki, əslində, bu yeniliklər konstitusiyada da öz əksini tapıb və burda yeni nə isə yoxdur.
Bununla yanaşı Cinayət Məcəlləsində də bu məsələlərlə bağlı konkret maddələr var. Buna görə də hesab edilir ki, narahatlığa heç bir ehtiyac yoxdur.
Ekspertlər bildirirlər ki, qanuna başqa bir neçə dəyişiklik də edilməlidir. Məsələn, bu gün dövlət məmurlarından informasiya əldə etmək kifayət qədər mürəkkəbdir. Jurnalist sadəcə olaraq sonda yazılı sorğu göndərə bilər və sorğuya cavabın olub olmaması artıq qarşı tərəfin istəyi ilə həll olunur. Buna görə də bildirilir ki, bu məsələ qanunda daha açıq şəkildə göstərilməli və məmurların informasiya vermə yükü artırılmalıdır.
Bir sıra ekspertlər isə hesab edirlər ki, bu yeniliklərdən müəyyən məmurlar yararlana bilər. Başqa cür desək, tənqidə tuş gələn istənilən məmur sabah bu yenilikləri özünə şamil etdirə və jurnalisti çıxılmaz duruma sala bilər. Buna görə də güman etmək olar ki, beynəlxalq təşkilatlar bu yeniliklərə o qədər də həvəsli reaksiya verməyəcək.
Maraqlı olan başqa bir məsələ də var ki, bu da başqa dövlətlərin praktikasıdır. Götürək elə qonşu Türkiyəni. Türkiyə qanunvericiliyinə görə, dövlət maraqları, hərbi sirlər sərt şəkildə qorunur və medianın üzünə bu qapılar bağlıdır. Öncələr ümumiyyətlə ordu haqqında yazmağın özü belə riskli addım kimi dəyərləndirilirdi. Amma son bir neçə ildə jurnalistlərin üzünə bəzi qapılar açıldı və indi vəziyyət nisbətən qaydasındadır.
Və yaxud götürək Rusiyanı. Rusiyada da, demək olar ki, eyni qaydalar tətbiq olunub və dövlət sirlərinin qorunması məsələsinə daha həssas yanaşırlar.
Ümumilkdə götürəndə hazırkı yeniliklər əksər dövlətlərdə var və bir müddət öncə WikiLeaks saytı dünyanı şoka salacaq real faktları ortaya çıxarda bildi. ABŞ rəsmi olaraq bu xəbərlərin heç birini təkzib edə bilmədi. Amma müxtəlif bəhanələrlə saytın sahibi Julian Assange həbsə atıldı və sayt qapadıldı. Halbuki söz azadlığının keşikçisi kimi özünü təqdim edən Avropada baş verirdi bunlar. Amma hamı susdu. Çünki ortada dövlətlərin təhlükəsizliyi məsələləri var idi. Bütün bunları nəzərə alaraq hesab etmək olar ki, yeniliklər söz azadlığının buxovlanması kimi qəbul edilə bilməz və bu sadəcə olaraq dövlət maraqlarının təminatı üçündür.
Bunu da unutmaq lazım deyil ki, Azərbaycan bu gün də müharibənin içindədir və müharibə şəraitində olan dövlətlərin mətbuatı mühüm rol oynayır. Tək bunu demək kifayətdir ki, bu gün Azərbaycan mətbuatında Ermənistan mediasını birbaşa izləmək mümkün olmasa da, Ermənistanda ən adi qəzetdə belə Azərbaycan dilini bilən mütəxəssis var və Azərbaycan mediası kifayət qədər ciddi izlənilir. Hər hansı dövlət sirrinin, hərbi sirrin media vasitəsi ilə yayılması praktikasına isə çox rast gəlmişik və bunu unutmaq olmaz.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00