Bakıdan Çinə qatarlar nə vaxt yollanacaq?
12:07 05-06-2012
İQTİSADİYYAT
Bakıdan Çinə qatarlar nə vaxt yollanacaq?
Qars-Axalkalaki dəhlizinin açılması Azərbaycan dəmir yolu üçün yeni imkanlar yaradır
May ayının sonlarında Bişkeklə Pekin arasında əldə edilən anlaşma Azərbaycanın yardımı ilə Gürcüstan və Türkiyə arasında çəkilən Qars-Axalkalki dəmir yoluna daha bir dəstək oldu. Çin Qırğızıstan rəhbərliyini Mərkəzi Asiyada çəkiləcək yeni Özbəkistan - Qırğızstan - Çin dəmir yolunun çəkilişinə razı sala bilib. Bir neçə aydan sonra Qırğızıstan nümayəndə heyəti Pekinə yola düşəcək və dəmir yolunun çəkilməsi ilə bağlı əsas saziş imzalanacaq.
Yeni dəmir yolunun 268,5 km-i Qırğızıstan ərazisinə düşəcək və Çindəki Uyğur Muxtar Rayonunun Qaşqar bölgəsi ilə Özbəkistanın Fərqanə vadisini birləşdirəcək. Mərkəzi Asiya ekspertlərinin fikrincə, 5-6 ilə tikilib başa çatacaq və tikintisinə təxminən 2 milyard dollara yaxın vəsait yatırılacaq bu dəmir yolu Asiyadan Avropaya gedən nəqliyyat dəhlizində ən önəmli sahəyə çevriləcək. Çünki Çin ekspertlərinin sözlərinə görə, bu yolun çəkilməsi ilə Pekindən Avropaya gedən yol 900 kilometr qısalacaq. Dəmir yolunun çəkilişinə vəsaitlərin əsas hissəsini Çin təmin edəcək.
Çin bu dəmir yolunun çəkilməsi ideyasını ortaya atmaqla, Avropaya gedən yüklərin dəmir yolu vasitəsi ilə göndərilməsi üçün ikinci bir nəqliyyat dəhlizi əldə etməyə çalışır. Hazırda Çindən Avropaya yüklər əsasən dənizlə gedir. Quru yolu ilə yüklər isə Rusiya vasitəsi ilə yola salınır. Yeni çəkiləcək Özbəkistan - Qırğızıstan - Çin dəmir yolu Çindən quru yolu ilə Avropaya və əksinə yük nəqli üçün əlavə xətt olacaq. Yüklər Xəzər dənizindən keçməklə, bərə vasitəsi ilə Bakıya gətiriləcək, buradan isə Azərbaycanın layihəsi sayılan və maliyyə dəstəyi ilə tikilən Qars-Axalkalaki dəmir yolu vasitəsi ilə Avropaya yola salınacaq.
Gələn ilin ortalarında Qars-Axalkalaki dəmir yolunun işə salınması ilə Azərbaycandan Türkiyəyə birbaşa dəmir yolu əlaqəsi yaradılacaq, təxminən həmin tarixdə İstanbulda Bosfor boğazının altından keçən dəmir yolu tuneli də işə düşəcək ki, bu da Bakıdan Böyük Britaniyaya qədər bütün Avropa boyunca maneəsiz qatar əlaqəsi imkanı yaradacaq. Bununla da Avropaya yola salınmaq üçün bərə vasitəsi ilə Xəzər dənizinin şərq sahillərindən Bakıya gətiriləcək yüklərin həcmi ildən ilə arta bilər. Özbəkistan - Qırğızıstan - Çin dəmir yolunun çəkilməsi isə bu həcmlərin üzərinə Çindən cəlb edilən yüklər də əlavə oluna bilər.
Böyük İpək yolunun bərpasını nəzərdə tutan TRACECA layihəsinin milli katibi Akif Mustafayevin verdiyi məlumata görə, hazırda Çindən Avropaya və Avropadan Çinə yüklərin cəlbi üçün Qazaxıstanda və Azərbaycanda bir sıra işlər görülür: "Qazaxıstanın Aktau dəniz limanında, Bakı dəniz limanında müəyyən işlər görülür. Qazaxıstanda Çindən gələn dəmir yolu hazırda Rusiyaya keçərək yenidən Qazaxıstana daxil olur. Hazırda prezident tərəfindən imzalanmış layihəyə görə Aktauya gedən dəmir yolunu 1000 kilometrə qədər qısaltmaq nəzərdə tutulur".
Lakin Akif Mustafayevin sözlərinə görə, Qazaxıstanın görəcəyi bu işlər də Çinə yük tranzitini tam təmin etmək üçün yetərli deyil: "Aktau limanında müəyyən inkişaf işləri aparılmalıdır. Ola bilsin ki, gələcəkdə Türkmənistanın Türkmənbaşı limanı da Çindən gələn yüklərə xidmət etsin. Orada da genişlənmə işləri görülməlidir. Aktauda yalnız bir körpü işləyir və bu yetərli deyil, Qazaxıstan ikinci köpünün də işə salınması üzərində işləyir. Müəyyən işlər Türkmənbaşıda da görülür". TRACECA-nın milli katibinin sözlərinə görə, belə problemlər Azərbaycanda da var: "Bizdə liman mərkəzdə dar bir ərazidə yerləşir və böyük yüklərə üçün hesablanmayıb. Ümid edirik ki, Ələtdə tikilən yeni beynəlxalq dəniz limanın birinci hissəsi yaxın 2-3 ilə istismara veriləcək, onda bizim imkanlarımız çox geniş olacaq".
Akif Mustafayevin sözlərinə görə, Özbəkistandan Çinə dəmir yolu çəkilməsi bu məsələdə imkanları daha da genişləndirəcək. Lakin istənilən halda Çindən Avropaya quru yolu ilə nəql edilən yükləri Rusiyadan yan keçən yeni xəttə cəlb etmək elə də asan deyil. Əsas məsələ Rusiya ilə işləməyin asan olmasıdır - Moskva yükləri Çin sərhədindən qəbul edir və Avropa ilə sərhəddə təhvil verir. Məsafənin uzaqlığına baxmayaraq yüklər Avropa sərhədinə təxminən 11 günə çatır. Amma Mərkəzi Asiya və Azərbaycandan keçən xəttdə məsafənin qısa olmasına baxmayaraq yüklərin bu cür yüksək sürətli hərəkətini təmin etmək mümkün deyil - səbəb yüklərin 7 sərhəd keçməsindədir, yüklər hər bir sərhəddə müəyyən gömrük prosedurlarından keçir ki, bu da xeyli vaxt aparır. Hazırda Çindən təkcə Bakıya yük konteynerlərinin gəlməsi 15 günə qədər vaxt aparır, yüklərin Avropaya qət etməsi üçün isə daha bir həftəyə qədər vaxt tələb edilir. Bu da təbii ki, Bakı - Tiflis -Qars dəmir yolunun rəqabətdə bəri başdan Rusiya Dəmir Yollarına uduzması deməkdir.
Akif Mustafayev isə bu problemi həll etməyi mümkün sayır: "Bütün TRACECA dövlətləri, o cümlədən Azərbaycan gömrük məntəqələrində müəyyən sadələşmələrə getməlidir. İKT yenilikləri tətbiq edilməlidir, yüklərin gömrüyə yaxınlaşması əvvəlcədən xəbər verilməlidir ki, sərhəddə az dayansınlar. Yüklərə avtomatik nəzarət təmin edilməlidir, tarif uyğunlaşmaları aparılmalıdır. Rusiya tərəfdən rəqabət olacaq, amma bizim yol daha qısadır və bu sadələşmələri etsək, ilkin mərhələdə dəhlizə ən azı 6 milyon ton yük cəlb edə bilərik, sonrakı mərhələdə isə 20 milyon tona qədər bu yükləri artıra bilərik".
Hazırda Rusiya Çindən Avropaya ildə təxminən 6 milyon tona yaxın yük ötürür. TRACECA milli katibinin sözlərinə görə, Bakı - Tiflis - Qars dəmir yolu Rusiya Dəmir Yollarının marağına toxunmadan da Çindən yetərincə yük cəlb edə bilər: "Çindən Avropaya dəniz yolu ilə ildə 10 milyona yaxın konteyner ötürülür. Okeanla konteyner ötürmək elə də asan iş deyil, tufanlar olur, piratlar var, məsafə uzundur. Əgər Çin görsə ki, yükləri rahat və sürətlə keçir, tariflər əlverişlidir. Rusiya Çin yüklərinin yalnız 3%-ni cəlb edə bilib, yəni ildə cəmi 100 min konteyner ötürür. Rusiyanın imkanı buna çatır, yol çox uzundur, Sibirin şaxtaları, yolların öz texniki planları var. Yəni Çindən Avropaya ötürüləcək yük o qədərdir ki, bizə də yetər, Rusiyaya da",- deyə Akif Mustafayev vurğulayıb.
Çingiz Rüstəmov
Digər Xəbərlər
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48