Şəriklər arasında münaqişə qanla bitdi
11:03 06-06-2012
İQTİSADİYYAT
Şəriklər arasında münaqişə qanla bitdi
Asif Əsədullazadə ilə Ədalət Qəmbərov arasındakı torpaq və pul problemi "Badü-Kübə" rəhbərinin güllələnməsinə səbəb oldu
Bakıda davamlı olaraq iş adamlarının silahlı insidentlə üzləşmə halları qeydə alınmaqdadır. Bir müddət əvvəl şəhərin mərkəzində baş verən qanlı olayda şirkət rəhbərlərindən biri qətlə yetirilmişdi.
Həmin məsələni araşdıran zaman məlum olmuşdu ki, iş sifarişli olub və sifariş verən tərəf də şirkət rəhbərinin şəriki olub. Dünən Bakıda daha bir silahlı insident qeydə alınıb. Bu dəfə də qətl hadisəsi şəriklərdən biri tərəfindən həyata keçirilib.
Şirkət rəhbəri güllələndi
Hadisə dünən saat 16.30 radələrində Suraxanı rayonu ərazisində yerləşən "Altun" şadlıq evinin həyətində qeydə alınıb. Şadlıq evinin sahibinin oğlu, Türkel Əsədullazadə "Badü-kübə" tikinti şirkətinin sahibi, 52 yaşlı Ədalət Qəmbərovu və şirkətin daha bir əməkdaşı, 43 yaşlı Samir Məmmədovu güllələyib. Nəticədə S.Məmmədov hadisə yerindəcə keçinib. Ə.Qəmbərov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən T.Əsədullazadə polis tərəfindən saxlanılıb. İlkin məlumata görə, hadisəyə adıçəkilən şəxslərin arasında yaranmış şəxsi ədavət səbəb olub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qatil Qəmbərovun
şərikinin oğlu imiş
Apardığımız araşdırma nəticəsində məlum olub ki, qətl hadisəsini törədən Türkel Əsədullazadə Ədalət Qəmbərovun keçmiş şəriki Asif Əsədullazadənin oğluymuş. Şəriklər arasında münasibətlər isə həddindən artıq gərgin olub.
Məlumatlarda deyilir ki, iş adamı Asif Əsədullazadənin hələ bir neçə il bundan əvvəl "Badu-Kubə" MTK-a ilə münasibətlərinə aydınlıq gətirmək üçün İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmədə uduzub.
Eyni zamanda onu da dəqiqləşdirə bilmişik ki, A.Əsədullazadə "A.R.Ko" MMC-nin rəhbəridir. Problem isə belə yaranıb. 2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edərək rəhbərlik etdiyi MMC-yə məxsus 40 sot torpaq sahəsində çoxmərtəbəli binanın inşasına icazə istəyib. Müvafiq razılığı alandan sonra tikinti işlərinə başlayanda binanı təkbaşına inşa etdirə bilməyəcəyini görüb və özünə şərik axtarmağa başlayıb. Xeyli axtarışdan sonra "Badu-kubə" MTK-nın sədri Rövşən Məmmədli ilə tanış olaraq onu şərikliyə götürüb.
Məlumatda vurğulanır ki, sonradan R.Məmmədli onun rəhbəri olduğu "A.R.Ko" MMC-nin blankını saxtalaşdırmaqla yenidən BŞİH-ə müraciət edib. Həmin saxta müraciətində "A.R.Ko" MMC-nin tikinti aparılan torpaq sahəsindən "Badu-kubə" MTK-nın xeyrinə imtina etməsi göstərilib. BŞİH isə həmin saxta müraciəti əsas tutaraq "A.R.Ko" MMC-yə məxsus 40 sot torpaq sahəsini "Badu-kubə" MTK-ya verib. Bu məsələdən xəbər tutan A.Əsədullazadə 1 saylı yerli İqtisad Məhkəməsinə müraciət edərək "Badu-kubə" MTK-ya BŞİH-dən saxtalaşdırılmış sənədlərə əsasən verilmiş sərəncamın etibarsız sayılmasını, əvvəlki sərəncamın bərpasını istəyib. Lakin məhkəmə qarşı tərəfin xeyrinə qərar çıxararaq, məsələni bağlayıb.
Ədalət Qəmbərov
niyə güllələnib?
Maraqlı məqamlardan biri də odur ki, Ədalət Qəmbərov bu ilin fevralında Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O, həmin müraciətində "Badü-Kübə" MTK-nın təsisçiliyini tamamilə ələ götürməsi ilə bağlı olub. Məhkəmənin rəsmi saytında yer alan məlumatda göstərilir ki, Qəmbərovun müraciəti əsasında təsisçilik hüququna xitam verilmə tələbinə baxılıb. 02.02.2012-ci il tarixdə proses keçirilib və qərar qüvvədə saxlanılıb.
Məlumatda vurğulanır ki, həmin prosesdən sonra Asif Əsədullayevin təsisçilik hüququ tamamilə ləğv edilib və bütün şirkət Qəmbərovun əlinə keçib. Üstəlik, ortada böyük miqdarda pul və torpaq sahəsi mübahisəsi yaranıb. Tərəflər dəfələrlə üz-üzə gəlsələr də bu problemi çözə bilməyiblər.
Aldığımız məlumatda vurğulanır ki, Ə.Qəmbərov təsisçiliyi tam əlinə götürdükdən sonra Əsədullayevlə aralarında olan münasibətlərə yenidən aydınlıq gətirmək istəyib. Elə "Altun" Şadlıq Sarayının tikildiyi ərazinin də ona məxsus olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Üstəlik, tikintinin dayandırılaraq, həmin torpağın geri verilməsini tələb edib.
Mənbə bildirir ki, Qəmbərovun bu tələbi sonuncu görüş zamanı daha sərt şəkildə ortaya qoyulub. "Altun" Şadlıq Sarayında tərəflər arasında görüşdə isə narazılıq yaranıb. Nəticədə, baş verənlərə dözə bilməyən Əsədullayevin oğlu Türkel üzərində gəzdirdiyi silahı çəkərək, şirkət rəhbərini və onun yanındakı adamı güllələyib.
"Badü-Kübə" şikayət
olunan şirkətlər arasında birncilərdən olub
Qeyd edək ki, "Badü-Kübə" şirkəti ilə yerli sakinlərin də arasında ciddi problemlər olub. Hələ bir müddət əvvəl Prezident Admnistrasiyası vətəndaşların etdiyi şikayətlərlə bağlı açıqlamasında bu cür şirkətlərin adlarını sadalamışdı. "Azərbaycan" qəzetində nəşr olunmuş yazıda vurğulanırdı ki, "Badü-Kübə" Tikinti Şirkəti dəfələrlə vətəndaşlara narahatlıq yaradıb və onlarla mənzil problemi yaşayıb. Nəticədə, vətəndaşların şirkətlə bağlı rəsmi qurumlara ünvanladığı şikayətlərin sayı həddindən artıq çoxalıb.
"Unikal"
Digər Xəbərlər
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48