KİVDF

Mükafatlandırılanlar arasında "Unikal" qəzetinin əməkdaşı da var

Beynəlxalq Mətbuat Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə keçirilən fərdi jurnalist yazı müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Pezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli çıxış edərək müsabiqənin keçirilməsi barədə məlumat verib. V. Səfərli bildirib ki, noyabrın 13-dən dekabrın 15-dək davam edən müsabiqəyə 156 yazı təqdim edilib: "Bu yazılar 60 KİV-i əhatə edir. Hər bir yazı 3 ekspert tərəfindən qiymətləndirilib. Elan etdiyimiz 19 istiqamətin hər biri üzrə 6 jurnalist qalibelan edilib. Ümumilikdə 114 qalib elan edilməli idi. Lakin bir istiqamətdə 5 yazı daxil edilmişdi, sözsüz, onların hər biri qalibdir, ona görə də yekunda qaliblərin sayı 113 oldu. Məni sevindirən hal bu idi ki, regionlarımızda fəaliyyət göstərən jurnalistlərimiz dəmüsabiqəyə qatılıb. Biz müsabiqəyə göndərilən və qalib olan yazıları kitab şəkilində çap etmişik. "Sözün Zirvəsində" adlanan kitabda 100 yazı toplanıb. Bu ənənə bundan sonra da davam etdiriləcək. Yazılar 12 ekspert tərəfindən qiymətləndirib. Qiymətləndirmə nəticəsi olaraq 113 qalib müəyyənləşib".
V.Səfərli həmçinin bildirib ki, 2009-cu ildən 2015-ci ilin iyulunadək KİVDF-nin elan etdiyi müsabiqələrdə qalib gələn jurnalistlərin yazıları içərisində ən yaxşı 100 yazıdan ibarət kitab çap olunub: "Bundan sonra da bu ənənəni davam etdirəcəyik. Digər qurumlarla da keçirdiyimiz müsabiqələrin qaliblərinin yazılarını da növbəti kitabımızda çap etdirməyi planlaşdırırıq".
Daha sonra çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov müsabiqənin keçrilməsinin vacibliyini vurğulayıb. Jurnalistikanın incəliklərindən danışan Ə.Amaşov jurnalistlərin peşə etikasının pozulması ilə bağlı iradlarını bildirib: "Bəzən diqqət edirəm, jurnalist bir gün mədəniyyət mövzusunda, səhəri gün hüquq-mühafizə orqanları, növbəti gün isə iqtisadi problemlərdən bəhs edən yazı hazırlayır. Belə yazıları mütəmadi oxuyuram. Həmin yazılarda keyfiyyətsizlik açıq-aşkar görünür. Əslində, bu, jurnalistlərin şəxsi keyfiyyəti ilə deyil, obyektiv, bəlkə də, subyektiv səbəblərlə bağlıdır". Ə.Amaşov keçirilən müsabiqələrdə jurnalistlərə uğurlar arzulayıb.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, müsabiqə üçün təqdim olunan hər bir yazı diqqətlə oxunur: "Qiymətləndirmə zamanı keyfiyyət məsələsinə xüsusi önəm vermişik. Canlı araşdırmaların olması baxımından builki yazılarda inkişaf hiss olunur, yazıların əksəriyyətində araşdırma aparılmasına cəhd edilib. Bu tempi qorumaq lazımdır. Müsabiqəyə publisistik yazılar və hekayələr təqdim edən jurnalistlər də vardı. Müsabiqədə qalib olan jurnalistləri təbrik edirəm".
Tədbirdə Vüqar Səfərli bu il mediada tanınmış iki şəxsin Milli Məclisdə təmsil olunmasının müsbət hal olduğunu vurğulayıb: "Bildiyiniz kimi bu il parlamentə keçirilən seçkilərdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu seçicilərin etimadını qazanaraq millət vəkili seçildilər. Onları mətbuat nümayəndələri adından təbrik edir, Milli Məclisdə fəaliyyətlərində uğurlar arzulayıram. Bu hal bizi də sevindirir".
Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında qeyd edib ki, onun və Əflatun Amaşovun Milli Məclisdə təmsil olunması Azərbaycan Prezidentinin mətbuata olan diqqət və qayğısının göstəricisidir. Daha sonra Vüqar Səfərli yekun nitqində jurnalistləri keçirlən müsabiqələrdə aktiv iştirak etməyə, peşəkarlığı ilə seçilə bilən yazılar hazırlamağa səsləyib.
Qeyd edək ki, mükafatlandırılanlar arasında "Unikal" qəzetinin əməkdaşı da var.
Z.Məmmədli