Əli Kərimli və komandasının ölkədəki mövcud durumla bağlı apardıqları yalançı təbliğat ifşa olundu

Otto Hauzer: "Kim Azərbaycanda söz azadlığı və mətbuatın boğulmasından danışırsa, deməli o, bu ölkə haqda məlumatlı deyil 

Son illər Azərbaycanda demokratiya və insan haqlarının, eləcə də söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atılıb. Təbii ki, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların, qoşulduğu konvensiyaların tələblərinə əhəmiyyət verərək öz milli sistemini qurub. 

Belə ki, Azərbaycanda müstəqillik əldə etdikdən sonra bu illər ərzində hüquq və azadlıqların qorunması üçün baza yaradılıb. Dövlət onun təminatçısı olduğunu elan edərək bu sahədə mühüm işlər aparır. Demokratiya, azad mətbuat, azad seçkilər ümumi dəyərlər ölkəmizin Avropa standartlarına yaxınlaşmasına kömək edir. Ədalətli seçkilər, demokratik mühit, azad mətbuat Azərbaycan reallığının nümunələri və gündəlik həyat tərzidir. Amma bütün bunları gözü götürməyən, daim hakimiyyətə qarşı qara yaxmağa çalışan, qərəzli kampaniyalar apararaq ölkəmizin imcinə zərbə vurmuğa çalışan qüvvələr var. 

Təbii ki, təkcə ölkə xaricində deyil, daxildə də belə mənfur qüvvələr var. Bu adamlar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək üçün istənilən addımı atmağa hazırdılar. Hazırda Azərbaycan hakimiyyətinin insan hüquqlarının pozulmasında ittiham edilməsi düzgün deyil, çünki ölkədə söz, mətbuat, sərbəst siyasi fəaliyyət azadlığı var. Amma həqiqəti görməyə kor olanlar tam fərqli, qərəzli mövqe ifadə edirlər. Bu mənfur kursun başında AXCP sədri Əli Kərimli və onun ətrafında birləşən bir qrup anti-milli qüvvələr dayanırlar. 

Bu günlərdə Gürcüstanda daha bir rəzilliyə imza atan Əli Kərimlinin çiyindaşları Arif Əliyev, Qulu Məhərrəmli, Mehman Əliyev, Xədicə İsmayıl kimiləri ölkədə insan hüquqlarının tapdandığını, söz və mətbuat azadlığının olmadığını iddia edirlər. Bu adamların anti-milli mövqedən çıxış etməsini əsaslandırmaq üçün yüzlərlə vakt gətirmək olar. Amma bircə onu demək kifayətdir ki, bu adamlar hər zaman xaricdəki havadarlarının pulu hesabına Azərbaycan haqda mənfi rəy yaratmaq istəyiblər. 

Qeyd edək ki, ən pisi isə başqa bir ölkədə öz vətənlərini, dövlətlərini pisləyirlər. Özü də haqsız yerə böhtan atmaqla bu çirkin kampaniyanı həyata keçirirlər. Necə ola bilər ki, ölkədə söz və mətbuat azadlığı olmasın, amma Əli Kərimlinin rəhbəri olduğu "Azadlıq qəzetində ölkə başçısı və hakim komandanın üzvləri ilə bağlı olmazın yalanları yazılsın? Bu ölkədə demokratik mühit yoxdursa, Əli Kərimli və qulbeçələri səhərdən axşama qədər hədyan yağdırmaqla necə məşğul olurlar? Mövcud durum göstərir ki, Azərbaycanda bütün sahələr üzrə azadlıq var, sadəcə, radikallar öz iyrənc niyyətlərini gerçəkləşdirmək üçün qara piar kampaniyası aparırlar. 

Ən mühümü odur ki, Azərbaycan hakimiyyəti hər zaman demokratiya və insan haqlarının qorunması istiqamətində önəmli addımların atılmasını prioritet kimi qəbul edib. Prezident İlham Əliyevin son çıxışında da qeyd olunur ki, Azərbaycan demokratiya və insan haqları prinsipinə sadiqdir: "Sərbəst toplaşma, ifadə azadlığı sahəsində bir sıra addımlar atılıb. Azərbaycanda internet azaddır. Həmçinin ölkəmizdə din və etiqad azadlığı mövcuddur. Bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilib. Azərbaycanda müxtəlif dinlər harmoniyada yaşayır. 

Bu fikirlər Prezident İlham Əliyevin ABŞ səfəri zamanı da bir daha təsdiqlənib. Ölkə başçısının ABŞ Dövlət Katibin Con Kerri ilə görüşündə də bu məqam xüsusi vurğulanıb. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbin görüş barədə fikrini bildirərkən deyib ki, ABŞ Azərbaycana Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan "Cənub qaz dəhlizi"nin yaradılması işində lider ölkələrdən biri kimi baxır. Kirbi bildirib ki, "o, həmçinin Azərbaycanın NATO və Əfqanıstandakı missiyalara verdiyi töhfələr, onun sülhməramlı əməliyyatlara göstərdiyi dəstək və terrorçuluqla mübarizədə mühüm roluna görə minnətdarlıq edib". Onun sözlərinə görə, "Kerri demokratiya və insan haqları məsələlərinin müzakirəsi zamanı Azərbaycanın son vaxtlar bu istiqamətdə atdığı müsbət addımları alqışlayıb". 

Azərbaycanda keçirilən seçkilərlə bağlı da beynəlxalq təşkilatların münasibəti müsbət olub. GUAM müşahidə missiyasının rəhbəri, təşkilatın baş katibi Valeri Çeçelaşvili bildirib ki, Azərbaycanda seçkilər rəqabətlilik ruhunda keçib. O qeyd edib ki, missiyaya Gürcüstan və Ukrayna parlamentinin nümayəndələri, ümumilikdə 4 nəfər daxil olub. V.Çeçelaşvili deyib ki, müşahidəçilər 35 seçki məntəqəsində müşahidə aparıb və müşahidələrə əsasən seçkilər beynəlxalq öhdəliklərə, demokratik seçki standartlarına uyğun keçirilib: "GUAM seçkilərin nəticələrinə təsir göstərə biləcək pozuntular aşkar etməyib. Seçkiləri azad və ədalətli kimi dəyərləndirmək olar. Əminəm ki, səslərin sayılması da vaxtlı-vaxtında, Azərbaycan qanunları çərçivəsində keçiriləcək. 

Məlumdur ki, Prezident zaman-zaman humanistlik göstərərək bir sıra məhbusları azadlığa buraxır. Bir müddət öncə Avropa Şurasının baş katibi və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi blogerlər Emin Milli və Adnan Hacızadənin həbsdən azad edilməsini alqışlayıb. Avropa Şurasının baş katibi Tyornborq Yanqlandın bəyanatında deyilir: "Mən, bloger və gənc fəal Emin Millinin (Abdullayev) həbsxanadan buraxılmasından məmnunam. Adnan Hacızadənin azadlığa buraxılmasından dərhal sonra Eminin azadlığa buraxılması İnsan Haqları haqqında Avropa Konvensiyası tərəfindən müdafiə olunan əsas hüquqlardan biri olan söz azadlığının Azərbaycanda təmin olunmasında maraqlı olan hər kəs tərəfindən alqışlanır. Avropa İttifaqı Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliklərini, xüsusilə demokratiya, insan hüquqlarına hörmətlə yanaşma, ifadə azadlığı və qanunun aliliyi sahələrində öhdəliklərini yerinə yetirməsində ölkəyə yardım göstərməyə sadiq qalır- deyə sənəddə qeyd edilir. 

Onu da nəzərə çatdıraq ki, beynəlxalq təşkilatlar Arif və Leyla Yunus, eləcə də Xədicə İsmayılın azadlığa buraxılmasını müsbət dəyərləndirərək, alqışlayıblar

Azərbaycanın Almaniyada fəxri konsulu Otto Hauzer Bundestqanda Azərbaycanla bağlı qəbul olunan qətnamədən təəssüfləndiyini bildirərək bunları deyib: "Xüsusilə, Azərbaycanda ictimai reallıqlara etinasızlıq göstərilərək ölkə haqda təhrif olunmuş təsəvvür formalaşdırılır. Bu sənəddə Azərbaycandakı tolerantlıq və dini bərabərlik əksini tapmayıb. Bu faktlar sənədin tərtibçiləri tərəfindən qəsdlə gizlədilib. Söz azadlığı haqda defisitdə irəli sürülən ittihamları təkzib etmək çox asandır. Azərbaycanın hər yerində internetə qeyri-məhdud çıxış var və bütün sosial şəbəkələrdən istifadə imkanı təmin olunub. Kim Azərbaycanda söz azadlığı və mətbuatın boğulmasından danışırsa, deməli o, bu ölkə haqda məlumatlı deyil. 

Göründüyü kimi, dünyanın müxtəlif ölkələrinin, ayrı-ayrı beynəlxalq təkilatlarının Azərbaycanda demokratiya və insan haqları, eləcə də, söz və mətbuat azadlığının mövcud durumu ilə bağlı mövqeləri ortadadır. Demək olar ki, hər kəs bu sahədə həyata keçirilən islahatları müsbət qiymətləndirir. Bu, bir daha Əli Kərimli və onun ətrafına toplaşan Arif Əliyev, Qulu Məhərrəmli, Mehman Əliyev, Xədicə İsmayıl kimi qərəzli mövqe ifadəçilərinin yanlış yolda olduqlarını göstərir. Sözdə Qərb dəyərlərinə üstünlük verdiklərini iddia edən Əli Kərimli və onun qaragüruhçu dəstəsinin yalanlarını elə Qərb dairələrinin nümayəndələri ifşa etdilər. Ancaq unutmasınlar ki, bu qarayaxma kampaniyaları, yalançı təbliğatla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan Prezidenti İlham Əliyev və onun komandası Azərbaycanda demokratiya və insan haqları, eləcə də, söz və mətbuat azadlığının daha da yüksəlməsi üçün lazımi addımları atıb və bu siyasət bundan sonra da davam edəcək. 

 E.Rüstəmov