Bu gün Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.
Şuradan Unikal.org-a verilən məlumata görə, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 7 məsələni müzakirə edərək müvafiq rəylər çıxarıblar.
Öncə Masallı Rayon İcra Hakimiyyətinin "Haqqın səsi qəzeti ilə bağlı müraciətinə baxılıb. Komissiya tərəfləri dinləyərək rəyə gəlib ki, uzun müddətdən bəri çap olunmayan mətbu nəşrin yeni fəaliyyətinin əvvəlində şikayət doğura biləcək araşdırılmayan, etik prinsiplərin tələblərinə sayğısız yanaşılan geniş həcmli yazı verməsi peşə fəaliyyətinə xələl gətirən ciddi qüsurlardır. Yazıda şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun ləkələnməsinə yönələn məqamlar olduğundan "Haqqın səsi qəzetinə qarşı tərəfdən üzr istənilməsi, onun mövqeyinin ifadəsini tapdığı məktubunun dərc edilməsi tövsiyə olunub.
"Azretail Məhdud Məsuliyyətli Cəmiyyətinin "Supermarketinq.com saytı barədə müraciəti müzakirə olunarkən komissiya həmin kütləvi informasiya vasitəsinin "Araz supermarketlər şəbəkəsi haqqında yayımladığı materiallarda ekspert rəyinə əsaslanmadığı, balans prinsipinin tələblərini gözləmədiyi üçün bu qurumun işgüzar nüfuzuna ləkə gətirən fikirləri yayımladığını cavabdeh tərəfin nəzərinə çatdırıb. Komissiya həmçinin saytda rekvizitlərin-təsisçinin və baş redaktorun kimliyinin, elektron ünvanın, əlaqə telefonlarının göstərilməməsini "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə sayğısızlıq hesab edib. Sayta bu qüsurların aradan qaldırılması, həmçinin "Azretail MMC-nin mövqeyinin ifadəsini tapdığı məktubunun yayımlanması tövsiyə olunub.
İclasda Sabirabad ərazi maliyyə hesablama mərkəzinin sədri Elxan Əsədovun üç saytdan şikayəti də araşdırılıb. Komissiya "Jam.az saytının adı Mətbuat Şurasının "qara siyahısında olduğuna görə müraciət müəllifinə prosedur qaydaya görə həmin KİV-lə əlaqədar məsələnin hüquqi müstəvidə araşdırılmasını tövsiyə edib. "Gündəminfo.az və "Dosye.az saytlarından şikayət doğuran yazılarda isə "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının bir sıra prinsip və bəndlərinin tələbləri pozulduğu, təhqiramiz, aşağılayıcı fikirlərin yer aldığı əsas götürülərək bu materialların hər iki KİV-dən çıxarılması, qarşı tərəfdən üzr istənilməsi, təkzib verilməsi məqsədə müvafiq sayılıb.
"Lia.az saytında İsmayıllı Rayon İcra Hakimiyyəti haqqında gedən yazıların da jurnalist etikası ilə bir araya sığmayan məqsəd və yanaşmanın nəticəsi olması KİV-in baş redaktoru Elməddin Novruzlunun nəzərinə çatdırılıb. Həmin materialların da saytdan götürülməsi, qarşı tərəfdən üzr istənilməsi, təkzib verilməsi barədə rəy çıxarılıb.
Komissiya "Gündəm xəbər qəzeti barədə "Bank Respublika ASC və Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin şikayətlərində də eyni motivlərin üstünlük təşkil etdiyini müəyyənləşdirib. Baş redaktor Şirin Cəfərinin nəzərinə çatdırılıb ki, etik prinsiplərin tələblərinə belə məsuliyyətsiz yanaşılması mətbu nəşr barədə Mətbuat Şurasının daha kəskin ölçü götürülməsini zəruriləşdirə bilər: "Qəzet və eyni adlı sayt konkret faktlara, dəlil-sübutlara əsaslanmayan materialların təqdimatı praktikasından imtina etməlidir".
Milli Məclisin deputatı Sona Əliyevanın müraciəti araşdırılarkən komissiya üzvləri bir sıra saytlarda etik prinsiplərin tələblərinin gözlənilmədiyi, şərəf və ləyaqətin, işgüzar nüfuzun ləkələnməsinə yönələn yazıları korporativ həmkarlıq formasında yaymaları kimi mənfi tendensiyanın mövcudluğuna bir daha diqqət çəkilib: "Məktubda 25-ə yaxın saytın adının yer alması bunu yenə təsdiqləməkdədir. Mətbuat Şurası belə halların ümumilikdə medianın nüfuzuna xələl gətirdiyini vurğulayaraq bu istiqamətdə daha kəskin tədbirlərin həyata keçirilməsini vacib sayıb".