Yasamal rayon ictimaiyyəti 20 sentyabr Dövlət Suverenliyi Gününü təntənəli şəkildə qeyd edib.
"Unikal" xəbər verir ki, bununla əlaqədar Yasamal RİH və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli “ çərçivəsində “Konstitusiya və Suverenlik-milli iradənin təntənəsi” adlı tədbir baş tutub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyev və ərazi bütövlüyümüz uğrunda həlak olan qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Daha sonra tədbir iştirakçıları videoçarxa baxış keçirdilər. Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndərin zəngin siyasi irsinin gələcək nəsillərə çatdırmağın vacibliyindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsindən və 2023-cü ilin antiterror əməliyyatından söhbət açdı.
Daha sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı Hikmət Məmmədov, Mahir Süleymanlı, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci və 2023-cü ildə işğalçı erməni ordusu üzərində Qarabağda tarixi qələbədən danışdılar.Bildirildi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu qısa müddətdə parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi və suverenliyimizi tam bərpa etdi.
Tədbirdə geniş nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov isə bildirdi ki, cənab Prezident İlham Əliyev səbr və təmkinlə, düşünülmüş və hesablanmış siyasətlə 2023-cü ilin antiterror əməliyyatı nəticəsində Xankəndini də azad etdi, rus sülhməramlılarını da vaxtından əvvəl yola saldı.Beləliklə, o bir daha bizə sübut etdi ki, nəyi və nə zaman etməli olduğunu çox gözəl bilir.Cənab Prezident zərgər dəqiqliyi ilə hər şeyi hesabladı və ustalıqla yerinə yetirdi. Bu antiterror əməliyyatının Ulu Öndərin 100 illiyi yubileyində baş tutması isə ona əlavə bir tarixi əhəmiyyət verdi.
Bu gün azad edilmiş Qarabağda həyat bərpa edilir. İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində iri miqyaslı bərpa-quruculuq işləri icra edilir. Zəngəzur dəhlizinin açılmasına hazırlıq görülür və regiona sülh gəlib. Ermənistanla müvafiq sənəd paraflanıb və imzanamasına hazırlıq görülür.
Bütün bugünkü uğur və nailiyyətlərimizin təməli isə 90-cı illərdə Ulu Öndər tərəfindən qoyulmuşdu. Bu mənada Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızın xüsusi yeri var. Konstitusiyamız müstəqilliyimizin əsas qanuni zəmanəti, insan hüquq və azadlıqlarının təminatçısıdır. 90-cı illərin əvvəlindəki xaosdan sonra bu konstitusiya ölkədə sabitliyə yol açdı, qanunçuluq və əmin-amanlığı bərpa etdi.
Tədbrin sonunda isə rayon fəallarına fəxri fərmanlar və partiya biletləri təqdim edildi.