Bu gün Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Türkiyənin Azərbaycandakı Səfirliyində olublar.
Şuradan unikal.org-a verilən məlumata görə, Ə.Amaşov Türkiyədə dövlət çevrilişinə cəhd gedişində çoxsaylı insan tələfatı ilə müşayiət olunan hadisələrdən təəssüfləndiyini bildirib, kədərini ifadə edərək başsağlığı verib.
Ə.Amaşov Azərbaycan xalqı kimi, Azərbaycan mediasının da Türkiyənin legitim hakimiyyətini dəstəklədiyini bildirib, qardaş ölkənin dövlətçilik maraqlarının təhdid olunmasının yolverilməzliyini vurğulayıb.
Şura sədri və Türkiyənin Azərbaycandakı Səfiri İsmail Alper Çoşkun Azərbaycan və Türkiyənin möhkəm təməllərə əsaslanan dostluq, qardaşlıq, strateji müttəfiqlik münasibətlərinin bugünkü durumu, həmçinin hər iki ölkə mediasının perspektiv əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıblar.