Artıq yetər! Bəsdir! Mən Britaniya vətəndaşıyam! Siz bizi nə sayırsınız?!
Bunu deyən 38 yaşlı kişi növbə probleminin ən qısa zamanda həll olunmasını tələb edib. Polislər ona "Keçin yerinizə, susun!" qışqıranda isə bu şəxs qəflətən irəli atılıb, polisləri döyməyə başlayıb.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, olay Almaniyanın Frankfurt şəhərindəki beynəlxalq hava limanında yaşanıb.
"Lufthansa" aviaşirkətinin reysi pis hava şəraiti ucbatından gecikirdi. Başqa aviaşirkətlərin reyslərində də eyni situasiya olduğundan təxminən 7 min sərnişin hava limanında naçar qalmışdılar.
Saatlarla davam edən gözlənti əsəbləri gərmişdi.
38 yaşlı britaniyalı xanımı ilə birlikdə növbədə durmuşdu. O, özünü pis hiss edib, polislərə müraciət edərək "Qan dövranımda problemlər var. Arvadım da özünü yaxşı hiss etmir. Lütfən, bizə yardım edin" söyləyib.
Amma bu şəxsə yardım edilməyib.
İki saat gözləyəndən sonra həmin şəxsin səbr kasası daşıb.
38 yaşlı britaniyalının polisləri döydüyü anları polyak reper "Schwesta Ewa" smartfonla çəkərək Facebook-da paylaşıb.
Polisləri döyən britaniyalı onu sakitləşdirmək istəyən alman polis qadını görəndə sakitləşib, sonra huşunu itiərək yıxılıb.
Davakar sərnişin təcili yardımla hospitala aparılıb.