Rusiyanın ən yeni Tu-214R kəşfiyyat təyyarəsi Suriyadakı Xmeymim aviabazasına enib.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, bu haqda Flightradar24 saytı xəbər verir. Sayt müəyyən edib ki, təyyarə Moskva ətrafındakı Çkalovsk aerodromundan havaya qalxıb, Xəzər dənizinin üzərindən uçub və İranın hava sahəsinə daxil olub, İraqın mərkəzi hissəsindən uçaraq Suriyaya enib.

Bu, Rusiya ordusunun sərəncamına hələ sınaq üçün verilmiş ikinci Tu-214R tipli kəşfiyyat təyyarəsidir. Ötən ilin iyununda təyyarə Ukrayna sərhədləri yaxınında görünüb, daha sonra Baltik ölkələri və Finlandiya sahillərində uçub.

Tu-214R kompleks radiotexniki və optik-elektron kəşfyyat təyyarəsidir. Təyyarə çoxtezlikli radiotexniki komplekslə təchiz olunub. Komleksə bir neçə radar daxildir və həm passiv, həm aktiv rejimdə kəşfiyyat apara, radiodanışıqları qeydə ala bilir. Habelə təyyarənin optik-elektron kəşfiyyat kompleksi yer səthindəki bütün obyektləri izləməyə imkan verir.