Musa Qasımlı: "Əgər bir gənc 18 yaşında səs verə bilirsə, heç şübhəsiz onun seçilmə şansı da var"

Astan Şahverdiyev: "Vitse-prezidentlik institutu dövlət idarəçilik sisteminin fəaliyyətini daha səmərəli edəcək"

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzaladı. Sərəncamla "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılacaq və kütləvi informasiya vasitələrində dərc ediləcək.Ümumxalq səsverməsi isə 2016-cı il sentyabrın 26-na təyin edilib. Maraqlıdır, bəs keçirilməsi nəzərdə tutulan referendum Azərbaycan xalqına nə verəcək?


Azərbaycan Demokrat Partiyasının sədri, millət vəkili Asim Mollazadə "Unikal"a açıqlamasında Azərbaycanda Konstitusiyasında bəzi dəyişikliklərin edilməsi üçün Referendum keçirilməsini normal hesab edir: "Zənnimcə bu Referendumun keçirilməsində məqsəd Azərbaycanda icra hakimiyyətini möhkəmləndirmək, dövlət idarəçiliyinə böyük bir müsbət mənada təkan verməkdir. Fikrimcə, Azərbaycan xalqı hammılıqla bu Referendumda iştirak edəcək". 


Millət vəkili, professor Musa Qasımlı "Unikal"a açıqlamasında bildirib ki, ölkəmizin dövlət idarəçiliyində yeni bir keyfiyyət səhifəsi açılacaq: "Azərbaycan Respublikası Konstitusiyasına nəzərdə tutulan dəyişikliklərin referenduma çıxarılması lazımlı, Konstitusiya Məhkəməsinin də həmin dəyişiklikləri dəyərləndirməsi müsbət haldır. Referenduma çıxarılmaq üçün təklif edilən müddəalar, dəyişikliklər, bütövlükdə ölkənin həyatını yeniləşdirəcək, yeni keyfiyyət gətirəcək. Dövlət idarəçiliyi sistemi səmərəli fəaliyyət göstərəcək, qərarların qəbul edilməsi sürətləndiriləcək. Bu, bütövlükdə dövlət idarəçiliyini daha səmərəli və faydalı edəcək. Ölkəmizin dövlət idarəçiliyində yeni bir keyfiyyət səhifəsi açılacaq".

Təklif edilən dəyişikliklərə əsasən 18 yaşlı gənclərin deputat seçilmək hüququ qazanması məsələsinə gəlincə M. Qasımlı bildirib ki, Azərbaycanın gələcəyi gənclərlə bağlıdır: "Əgər bir gənc 18 yaşında səs verə bilirsə, heç şübhəsiz onun seçilmə şansı da var. Bu mənada gənclərə seçib-seçilmək hüququnun verilməsi vacib məsələdir".


Astan Şahverdiyev "Unikal"a qeyd edib ki, Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycanın inkişafının davamlılığını təmin etmək üçün əhəmiyyətli addımdır: "Hər yeni addım cəmiyyəti yeniliklərə aparır. Dəyişikliklər ölkəmizdə insan hüquqlarını, dövlət idarəçilik, təhlükəsizlik sistemini və digər sahələri daha da təkmilləşdirəcək".O bildirib ki, dəyişikliklər ölkəmizdə gənclərə daha böyük imkanlar yaradacaq: "Gənclərimiz ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayırlar. Dövlətimiz onlar üçün çox böyük şərait yaradıb. Bu dəyişikliklər də gənclərimizin inkişafı üçün mühüm məqamdır.Təklif olunan dəyişikliklər hüquqi cəmiyyətin yüksək səviyyədə formalaşmasına, demokratiyanın daha da inkişafına xidmət edəcək. Dəyişikliklər xalqımıza xeyir gətirəcək".Millət vəkili əlavə edib ki, yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu dövlət idarəçilik sisteminin fəaliyyətini daha səmərəli edəcək və faydalı iş əmsalını artıracaq.


Nəzərdə tutulan referendumda diqqəti ilk cəlb edən nüans istər parlament, istərsə də prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması ilə bağlı irəli sürülən dəyişiklikdir. Ekspertlər hesab edir ki, belə bir dəyişikliyin olmasına aşağıdakı səbəblər zərurət yaradır.

1. Seçmək hüququ olan şəxsin seçilmək hüququnu da qazanması

2. Ölkə əhalisinin seçkilərdə daha aktiv iştirakının təmin olunması

3. İcraedici və qanunverici bazada gəncləşməyə imkanların tanınması.

Bunu da qeyd edək ki, əksər Qərb ölkələrində ən ümdə məsələlərdən biri seçmək və seçilmək hüququnun tanınması və qorunmasıdır. Bununla paralel olaraq bu gün dünyanın ən inkişaf etmiş ölkələrində gənclərin parlamentdə, icraedici strukturlarda iştirakı prioritet mövzu təşkil edir. Adi statistik rəqəmlərə baxaq. Bu gün dünyada ən gənc millət vəkili kimi tarixə düşən şəxs Kanadanın Quebec əyalətindən deputat seçilən 19 yaşlı Pierre-Luc Dusseaultdur. Belarusun ən gənc deputatı isə Aleksandır Xarçenkodur. Onun 23 yaşı var. 22 yaşında Rusiya Dumasının deputatı seçilmiş Tatyana Smirnova da vətənində ən gənc millət vəkili hesab olunurdu. Ukrayna Radasının ən gənc üzvü isə 23 yaşlı Yuliy Boyko hesab olunur. Avropa Parlamentinin tərkibində də kifayət qədər gənc deputatlar var. Onlardan ən gənci Ameliya Andersdortterdir. Onun cəmi 26 yaşı var. Və yaxud Səüdiyyə Ərəbistanında ən gənc nazir 22 yaşlı Şamma Əl-Mazruidir. Avropada isə İtaliyada 29 yaşlı nazir var. Əslində Azərbaycanda yaş senzinin yaranmasının da qəribə tarixçəsi var. Belə ki, 1992-ci il də Ayaz Mütəllibov prezident seçkilərinə start verdi.Amma ilkin araşdırmalardan sonra aydın oldu ki, Naxçıvanda yaşayan Heydər Əliyev istənilən seçkilərdə Ayaz Mütəllibovu rahatlıqla məğlub edəcək. Məhz bundan sonra yaş senzi mövzusu gündəmə gətirildi və uzun müddət bu ideya Azərbaycan dövlətçiliyinə zərbə vurdu. Bu gün isə artıq yaş senzi problemi birdəfəlik aradan qaldırılır. Qey edək ki,referendumda ediləcək dəyişikliklərdən biri də vitse-prezidentlik institutunun yaradılmasıdır. Bəzi müxalif qüvvələr bəyan edir ki, bu doğru addım deyil. Amma gəlin dünya praktikasına baxaq. Bu gün dünyada krallıq, prezidentlik və parlament üsul-idarəli respublikalar var. Krallıqlarda durum aydın olduğu üçün keçək digər idarəetmə sistemlərinə. Parlament üsul-idarəli ölkələrdə əsas güc baş nazir və parlamentin üzərində olur. Bu səbəbdən Nazirlər Kabinetinin imkanları genişləndirilir və bir çox məsələlər baş nazirin nəzarətində olur. Nəhayət prezidentli ölkələrə baxaq. Dünyada demokratiyanın beşiyi hesab edilən ABŞ bu sistemlə idarə olunur. Prezidentin daha çevik və sistemli fəaliyyəti üçün vitse-prezidentlik və dövlət katibliyi institutları mövcuddur. Yəni ABŞ prezidentindən sonra dövlətə cavabdeh olan şəxs vitse-prezidentdir. Bir halda ki, ABŞ kimi bir dövlət bu sistemdən yararlanır, nədən Azərbaycanında idarəetmə sistemində islahatlar həyata keçirilməsin? Məhz vitse-prezidentlik istitutu yaranandan sonra Nazirlər Kabinetindəki paralel təşkilatlar ləğv ediləcək, daha çevik idarəetmə sistemi yaratmaq mümkün olacaq. Belə olan halda sual verilir; ABŞ idarəetmə sisteminə uyğun sistemin yaradılması nədən düzgün hesab edilməsin? Bunu da qeyd edək ki, uzun illər parlament üsul-idarəli ölkələrin özləri belə prezidentlik institutuna meyl etməyə başlayıblar. Elə qonşu Türkiyədə yaşananlar da buna misaldır. Və yaxud bu gün Fransada da prezident üsul-idarəsinin güclənməsi üçün müxtəlif təkliflər səslənməkdədir və hesab edirlər ki, yaxın 50 il ərzində dünyada prezident üsul-idarəli ölkələrin sayı kifayət qədər artacaq. Beləliklə çıxarılan nəticə budur ki, referendumda gündəmə gətirilən məsələlər Azərbaycanda daha mükəmməl dövlət sisteminin yaranmasına müsbət təsirini göstərəcək. Bu gün dünyada xaosun hökm sürdüyü bir zamanda Azərbaycan daha həssas olmalı və daha mükəmməl, çevik idarəetmə mexanizminə sahiblənməlidir.

E.Rüstəmov