Millət vəkili Aydın Mirzəzadə son günlər Ermənistanda baş verən hadisələrin təsadüf deyil, ssenariləşdirilmiş olduğunu bildirib.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə danışan A.Mirzəzadə hadisələrlə bağlı maraqlı fikirlər səsləndirib: "1996-cı ilin sonuna yaxın Azərbaycan Prezidenti Heydər Əliyevin səyi nəticəsində Azərbaycan və Ermənistan Dağlıq Qarabağ probleminin həllinə çox yaxınlaşmışdılar. Ancaq Ermənistanın o zamankı Baş naziri, Azərbaycanın işğal edilmiş ərazilərində keçmiş səhra komandiri Robert Koçaryan və ordu rəhbərliyi bunun əleyhinə çıxdılar və Ermənistan Prezidenti Levon Ter-Petrosyan istefaya getməli oldu.
Millət vəkili 1999-cu ildə də Azərbaycan və Ermənistanın yenidən problemin həllinə çox yaxınlaşdıqlarını vurğulayıb: "Ancaq həmin ilin oktyabr ayında bir qrup silahlı şəxs Ermənistan parlamentinə hücum etdi və 8 nəfəri, o cümlədən həmin dövrdə ölkədə nüfuz sahibi olan baş nazir Vazgen Sarkisyanı və spiker Stepan Dəmirçyanı qətlə yetirdilər. Bununla da ehtimal edilən həll qeyri-müəyyən dövrə saxlanıldı.
Daha sonra A.Mirzəzadə qeyd edib ki, bu ilin aprel ayında Ermənistan-Azərbaycan cəbhə xəttindəki hərbi əməliyyatlardan və Azərbaycanın hərbi uğurlarından sonra Ermənistan kompromislərə hazır olduğunu elan etdi:
"May və iyun aylarında Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri keçirildi, ATƏT-in Minsk Qrupunun həmsədri Rusiya diplomatik fəallığı artırdı. Son günlər prezidentlərin yeni görüşünün hazırlandığı və məsələnin həllində ümidlərin artdığı barədə də məlumatlar yayılır.
Bu ərəfədə iyulun 17-də bir qrup silahlı şəxs Yerevan mərkəzində yol polisinin post-patrul xidmətinin binasını ələ keçirir. Təsadüfən orada Ermənistan polisinin rəis müavini general da olur. Saxlanan girovlar tədricən azad edilir, ancaq bina yenə də silahlıların əlindədir. Çox müəmmalıdır ki, dövlət bir qrup silahlını oradan çıxara bilmir. Bu nədir, Ermənistan üçün adi bir kriminal hadisə, yoxsa Ermənistan "dağlıqqarabağşünaslarının Dağlıq Qarabağ probleminin həllinin qarşısını almaq üçün istifadə etdikləri köhnə üsul? Tamamilə mümkündür.
Ancaq Yerevanda unudurlar ki, Azərbaycan artıq ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil və işğal edilmiş torpaqlarının həmişəlik Ermənistanın nəzarətinin altında qalmasına dözməyəcək.