Nizami Cəfərov: "Prezidentlik müddətini uzatmaq müsbət bir addımdır, faktiki görünürdü ki, 5 il azdır, hətta deyərdim 7 il də azlıq edir
Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Nizami Cəfərov sentyabrın 26-da keçiriləcək Referendumla bağlı Unikal.org-a müsahibə verib.
-Nizami müəllim, öncə ondan başlayaq ki, referendumun keçirilməsi Azərbaycana nə verəcək?
-Hər şeydən öncə bu, ölkədə idarəçiliyin və dünya ilə münasibətlərin daha çevik olması ilə bağlı məsələdir. Ona görə də Referendumun keçirilməsi bir zərurətdir. Bunun çox yaxşı nəticələri olacaqdır. Hesab edirəm ki, Referendum ölkədə böyük hədəflərin başlanğıcı olacaq. Bu hədəflər isə dövlətimizi daha da gücləndirəcək. Bu mənada, referendumun dəstəklənməsi vacibdir.
-Son günlər radikal müxalifət Referendumun keçirilməsinin əleyhinə çıxışlar edirlər. Bunu necə qiymətləndirirsiniz?
-Hər zaman belə vaxtlarda müxalifətdə fəallaşma hiss olunub. Bu da baş verən hadisələrə qiymət vermək, təhlil etmək, Referendum hadisəsinin mahiyyətini,fəlsəfəsini müəyyənləşdirmək baxımından əhəmiyyətli deyil. Ancaq müxalifətin xaraketerini müəyyənləşdirmək baxımından maraqlıdır. Bizdə analitik, müasir, səviyyəli müxalifət yoxdur. Hər şeyə yox deyən müxalifət var ki, onların da dövrü artıq keçib. Ona görə də bu məsələ üzərində durmaq düzgün deyil. Əsas odur ki, Referendumun əhəmiyyəti, mənası, məzmunu geniş təhlil olunur. Analitiklərin hamısı Referendumun keçirilməsinə, Konstitusiyada zəruri dəyişikliklərin olunmasına müsbət yanaşır. Təcrübə və işin gedişatı da göstərəcək ki, Referndumun məntiqli, uğurlu və həyatın reallıqlarının özündən gələn bir hadisədir ki, buna bizim cəmiyyətimiz, dövlətimiz reaksiya verir.
-Artıq Yeni Azərbaycan Partiyası təbliğat komaniyasını apararaq təşfiqat qrupunun adını açıqlayıb. Kampaniyada tək olmayacaqsınız. Qarşı tərəf, yəni müxalifət partiyaları əks təbliğat işi aparacaqlar. Burada sizcə qüvvələr nisbəti necə olacaq? Onlar cəmiyyətdən müəyyən səs ala biləcəklərmi?
-İnanmıram onlar səs alsınlar. Çünki bu yeni hadisə deyil. Dəfələrlə seçkilərdə müxalifətlə qarşılaşmışıq. Onların nə deyəcəyi bizə məlumdur. Ona görə də burada ciddi bir problem yoxdur. Əsas məsələ müxalifətdən və onların nə deməsindən asılı deyil. Əsas məqam dünyada gedən proseslər konteksində Azərbaycanın siyasi, iqtisadi, mədəni və digər sahələrdə güclənməsini təmin etməkdir. Ən mühüm məsələlərdən bir də ölkəmizin dünyaya inteqrasiyasını gücləndirməkdir.Qeyd etdiklərim elə ciddi məsələlərdir ki, burada müxalifətlik bir şey yoxdur. Müxalifət zahirdə dərk etməsə də, daxildə onların düşünən qüvvələri yaxşı başa düşür ki, Referendumun keçirilməsi zərurətdir.
-Sıravi vətəndaşlara və ümumilikdə cəmiyyətimizə bu dəyişikliklər nə verəcək?
-Mahiyyət etibarı ilə Azərbaycanın hər bir vətəndaşı sıravidir. Burada üstünlüyü kiməsə qazandırmaq düzgün olmazdı. Belə deyək ki, cəmiyyətimiz üçün bu dəyişikliklər nə vercək? Dövlət idarəçiliyi təkmilləşəcək, stabilləşmə güclənəcək. Qeyd edim ki, prezidetin səlahiyyətini, prezidentlik müddətini uzatmaq müsbət bir addımdır. Faktiki görünürdü ki, 5 il azlıq edir. Çünki uzunmüddətli müxtəlif proqramlar, layihlər var ki, onları idarə etmək lazımdır. Hətta deyərdim 7 il də azlıq edir. Dövlətin tələbi bundan ibarətdir ki, ardıcıl uzunmüddətli proqramlar həyata keçirilsin.
- Vitse-prezidentlik institutunun yaradılması barədə fikirlərinizi bilmək istərdik...
-Bu,dövlət idarəçiliyində demokratizmi gücləndirən bir məsələdir. Bu da cəmiyyətimiz, sıravi vətəndaşlar üçün əhəmiyyətlidir. Burada başqa bir zəruri dəyişiklik də var ki, bu da şəxsi mülkiyyət sosial yönümlü olmalıdır, cəmiyyətin inkişafına və rifahına xidmət etməlidir. Bunu daha aydın şəkildə belə izah edə bilərik ki, kiminsə ixtiyarı yoxdur ki, böyük bir sahəni, obyekti, müəssisəni öz şəxsi mənafeyi üçün işlətsin. Çünki belə hallar bütün dünyada olduğu kimi bizdə də var. Bəzən görürsən ki, böyük bir torpaq sahəsi götürülür və oradan heç bir maddi məhsul cəmiyyət üçün istifadə edilmir. Bunun da nəticəsində heç bir inkişaf olmur. Belə bir dəyişiklik nəzərdə tutulub ki, böyük sahələr cəmiyyətə xidmət etməlidir. Xüsusi mülkiyyətlər də cəmiyyətin ən azından nəzarətində olmalıdır.
-Yaş senzinin aşağı endirilməsi sizcə ictimaiyyət tərəfindən necə qəbul olunacaq. Belə fikirlər səsləndirilir ki, təcrübəsi olmayan 18-20 yaşlı gənc necə millət vəkili ola bilər?
-Yaş senzinin aşağı salınması gəncliyə və cəmiyyətin gənc qüvvələrinə ən azından bir jestdir. Gənclik yetişməli özünü proseslərə hazır etməlidir. Bir insan ki, səs verir dövlət başçısı, millət vəkili seçir o insanın seçilmək hüququ da nəzərə alınmalıdır. Yəni, bu seçə bilirsə, seçilə də bilər. Burada bir məhdudiyyət məsələsi var, o da ali təhsilin olmasıdır. İstər- istəməz müəyyən yaş tələb edir. Münasibətlərin özü bunu nizamlayır.
-Yeni Azərbaycan Partiyasının aparacağı kampaniyanı necə görürsünüz? Kompaniyda siz də iştirak edəcəksinizmi?
-Yeni Azərbyacan Partiyasının üzvü olaraq, mən də kampaniyada iştirak edəcəyəm. Partiyanın işləri vaxtında başlayıb. YAP burada müzakirələrdə öndə olmalıdır. Bizim partiyanın çox ciddi referendum, parlament və prezident seçkiləri keçirmək təcrübəsi var. Partiyanın savadlı hüquqşünaslar ordusu mövcuddur. Çalışacağıq ki, bu Referendum cəmiyyətimizin, xalqımızn, dövlətimizin xeyrinə uğurla həyata keçirilsin. Çünki biz yaxşı bilirik ki, cəmiyyətdə buna ehtiyac var.