Hakimlər və Prokurorlar Ali Şurasının (HSYK) hazırladığı hesabatda dövlətin 45 illik sirrinin Gülən camaatı tərəfindən ələ keçirildiyi açıqlanıb.
Unikal.org Axar.az-a istinadən bildirir ki, hadisə 2010-cu ildə baş verib. Keçirilən "Kosmik otaq" (Hərbi dairələrdə dövlət sirri hesab olunan məlumatların saxlandığı gizli otaq - red) axtarışlarında dövlət sirləri sayılan bütün məlumatlar FETÖ-çülərin əlinə keçib.
Hesabatda axtarışların Bülənt Arınca sui-qəsd olma ehtimalına görə, baş verdiyi xatırladılaraq, sui-qəsdlə əlaqəli şübhə və sübut olmadığı halda hakim Mustafa Bilgilinin Səfərbərlik İdarəsində axtarış tələb etdiyi bildirilib:
"Baş Qərargahın bütün etirazlarına baxmayaraq, "Kosmik otaq"da 20 gün boyunca aparılan axtarışlarda 1970-ci ildən bəri saxlanılan dövlət sirrləri aşkar edilərək götürülüb. Bu məlumatlar çevrilişə cəhdlə bağlı aparılan istintaq zamanı Baş Qərargahın Ədliyyə müşaviri polkovnik Məhərrəm Kösə tərəfindən prokurorluğa təhvil verilsə də, hard disklərin surəti çıxarılaraq xaricə ötürülüb".
Hesabatda bu işdə əli olan hakim və prokurorların "Siyasi və hərbi casusluq etmə" maddəsi ilə mühakimə olunması tələb edilir.