Unikal.org publika.az-a istinadən bildirir ki,6 il ərzində 700-ə yaxın kolumbiyalı qadın eybəcər hala düşüb, bu ilin göstəricisi artıq 2011-ci ildəkini keçib.
Bu fiqurlar belə hücumlarla ad çıxaran Pakistan və Banqladeşlə
müqayisəyə imkan yaradır. BBC-nin məlumatına görə, hər gün 150
pakistanlı qadın belə hücuma məruz qalır.
Baxmayaraq ki, Kolumbiya əhalisinin sayı təqribən Pakistandakından 4
dəfə azdır, amma bu ölkədə hücumlar daha sürətlə artır. Ekspertlər
inanır ki, orada qurbanların sayı bəyan ediləndən çoxdur.
32 yaşlı "turşu qurbanı" Viviana Ernandez BBC-yə deyib ki, qorxularından
səslərini çıxara, aidiyyatı qurumlara müraciət edə bilmirlər.
Ernandez 9 il əvvəl hücuma məruz qalıb. Üzü, sinəsi, qolların yanıb... Sol gözünün qapağını itirib...
O inanır ki, bunu edən əridir, hücumu onun evə qayıtmaqdan imtina etdiyinə görə təşkil edib:
"Turşunu ərim özü atmayıb, bunun üçün adam tutub. Məqsəd zərər
verməkdir, öldürmək yox. Özü də ömrünün sonuna qədər qalacaq zərər".
Xanım Ernandez kimi qurbana çevrilənlər əsasən keçmiş sevgililəri
tərəfindən və ya hadisə zamanı 22 yaşı olan karnaval iştirakçısı Mariya
Fernanda Nunyez kimi xarici görünüşlərinə görə hücuma məruz qalır.
Keçmiş "Miss Kolumbiya" iştirakçısına 2010-cu ildə valideynləri ilə karnaval məşqindən qayıdanda, evinin yanında hücum olmuşdu.
Kolumbiyanın Kukuta şəhərinin səlahiyyətli orqanları hücum edənləri axtarırlar.
"Colombia Reports"un xəbərinə əsasən, hücuma görə hələ də heç kim həbs
olunmayıb. Ölkədə əvvəl hücuma görə cəza 6 aydan 2 ilə qədər idi. Hüquq
nümayəndələrinin səyi nəticəsində cəza maksimum 20 ilə qədər qaldırılıb,
əlavə olaraq qurbanlara müdafiə və hərtərəfli qayğı təminatı tələb
edilib.
15 il əvvəl sevgilisi tərəfindən hücuma məruz qalan 56 yaşlı Konsuelo
Kordoba indi infeksiyanı önləmək üçün maska və nəfəs almaq üçün boru
taxmaq məcburiyyətindədir. Bu gün o, başqa turşu qurbanları kimi zahiri
görünüşünə görə iş tapa bilmədiyi üçün Boqota bazarında xırda pul
dilənir.
"Mən intihar etmək barədə düşünmüşdüm, 3 dəfə həyatıma son verməyi
fikirləşirdim. Öz-özümə dedim ki, mən niyə yaşayıram? Yaşadığım həyat
nəyə dəyir axı?" - xanım Kordoba NPR-ə danışıb.
"Mənim mükəmməl dişlərim vardı. Çox gözəl idim... ancaq indi məhv olmuşam."
Xanım Kordoba kimi, 31 yaşlı Qloriya Piamba da keçmiş sevgilisi
tərəfindən kimyəvi turşu ilə yandırıldıqdan sonra Boqotada iş tapa
bilmədiyini və intihar etmək niyyətində olduğunu deyir.
Ağzının ətrafını maska ilə örtən və boru vasitəsi ilə nəfəs alan qadın "Reusters"ə deyib: "Bu görünüşlə mənə kim iş verəcək?"
Hücum edən ərindən balaca oğlu var. Uşağın qayğısına o, qalmalıdır.
O, 6 yaşlı oğluna ilk dəfə üzünü açanda oğlu "Ana, gəl sənə bunu edəni
gedib öldürək" - deyib -"Mən böyüyəndə iş tapacam və sənə üzünü
sağaltmaq üçün xüsusi krem alacam".
Anasının dediyinə görə, o, hələ də hadisənin təfərrüatlarını bilmir, ancaq psixoloqun məsləhətləri ilə bəzi şeyləri öyrənib.
"Həkimlər mənə üzüm barədə unutmağı dedilər. Bu sözlər məni az qala
öldürdü. Xəstəxananın 7-ci mərtəbəsindən özümü atmağı düşündüm. Amma
oğluma görə sağ qaldım. Onu tək qoymağa gücüm çatmadı".