Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ildə ümumilikdə 65 nəfər şəxsə müvafiq yardımlar göstərib.

Unikal.org xəbər verir ki, onlardan 50 nəfərini Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanları, 15 nəfərini isə ixtisaslaşmış QHT-lər tərəfindən istiqamətləndirilən, insan alverinin qurbanına çevrilmək riski ilə üzləşən şəxslər (potensial insan alveri qurbanları) təşkil edib.

Həmin insanların bir çoxu ehtiyaclarına uyğun olaraq eyni vaxtda bir neçə yardım növü ilə təmin ediliblər. Ümumilikdə 20 nəfərə hüquqi, 36 nəfərə psixoloji, 6 nəfərə tibbi yardım göstərilməsi üçün aidiyyəti işlər aparılıb. Həmçinin mərkəzin müraciəti əsasında 17 nəfərin məşğulluğunun təmin edilməsi, 3 nəfərin peşə hazırlığına cəlb olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən müvafiq tədbirlər görülüb. Hazırda həm insan alveri qurbanları, həm də potensial insan alveri qurbanlarının bir qismi ilə işlər davam etdirilir.

Eyni zamanda mərkəz cari ilin ötən dövründə respublikamızın regionlarında yerləşən peşə məktəbi və liseylərdə "İnsan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbirlər keçirib. Bu tədbirlər son günlərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsində davam etdirilib.

Mərkəzin əməkdaşları müəssisədə cəza müddəti başa çatmaqda olan qadınlara insan alveri anlayışı, onun növləri, insan alveri ilə mübarizə formaları, insanların hansı hallarda insan alveri qurbanına çevrilmək riski ilə üzləşdikləri və belə hallardan qorunmaq yolları, həmçinin uşaq və qadınlar üçün fəaliyyət göstərən sığınacaqlar barədə məlumatlar veriblər. Onlara bukletlər və kitabçalar, müvafiq mövzuda sosial çarxın əks olunduğu disklər təqdim olunub, aidiyyəti mövzuda sualları cavablandırılıb.

Maarifləndirmə tədbirləri Azərbaycan prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planına əsasən həyata keçirilir.

Qeyd olunan tədbirlərin bu həftə respublikanın ayrı-ayrı rayonlarında gənclər arasında davam etdirilməsi planlaşdırılıb.