Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.
Unikal.org apa-ya istinadən məlumatına görə, hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə MRTŞ-ın nümayəndəsi Nemət Cavadov bildirib ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsində qurumun ANS-ə qarşı şikayətinin icraatının dayandırılması ilə bağlı qəbul olunan qərardad qanuna ziddir.
O qeyd edib ki, qarşılıqlı şikayət eyni motivlə bağlı olduğu üçün bir hakimin icraatına verilməli və yaxud da hakim işə baxışı bərpa etməlidir.
ANS-in vəkili Muxtar Mustafayev isə MTRŞ nümayəndəsinin mövqeyi ilə razılaşmayıb və hazırda ANS-in MRTŞ-ya qarşı 40 min manatın qaytarılması ilə bağlı şikayətinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxıldığını xatırladıb.
Məhkəmə heyəti qərar qəbul etmək üçün müşavirəyə gedib.
Müşavirədən sonra məhkəmə qərarını açıqlayaraq MTRŞ-ın şikayətini təmin edib.