Krımda baş verən son hadisələr Ukrayna böhranı ətrafında yaranan vəziyyəti yenidən gərginləşdirir. Rusiya tərəfi yarımada ərazisinə edilən diversant hücumuna görə rəsmi Kiyevi ittiham edib və hədələyici tonda bəyanatlar səsləndirilib.
Rusiya prezident Vladimir Putin Ukrayna hakimiyyətinin terror təcrübəsinə keçdiyini bildirib. O, rusiyalı hərbçilərin həlak olmasına laqeyd qalmayacağına söz verib. Dövlət başçısı, eyni zamanda, Çində sentyabr ayında keçirilməsi planlaşdırılan "Normandiya formatının görüşünü mənasız adlandırıb.
"Normandiya formatı (Rusiya, Almaniya, Fransa və Ukrayna) liderlərinin (Vladimir Putin, Angela Merkel, Fransua Olland və Pyotr Poroşenko) ən yaxın görüşü Çində 4-5 sentyabrda keçiriləcək G20 sammiti çərçivəsində planlaşdırılmışdı. Ukrayna böhranının sülh nizamlanması üzrə "Normandiya formatında ilk danışıqlar 2014-cü ilin iyununda Fransada keçirilmişdi. Burada həmçinin Vladimir Putin və Pyotr Poroşenkonun ilk görüşü oldu.
Ekspertlər əmindirlər ki, "Normandiya formatında nail olunmuş ən vacib nəticə Minsk razılaşmalarıdır. Strateji Tədqiqatlar və Proqnozlar İnstitutunun direktor müavini Nikita Danyuk qeyd edir ki, Minsk razılaşmaları çərçivəsində ən əhəmiyyətli sənədlər atəşin dayandırılması və ağır silahların təmas xəttində aparılması ilə bağlıdır. "Normandiya formatı həmçinin humanitar əməliyyatları və ATƏT-in monitorinqlərini uyğunlaşdırıb. İmzalanmış atəşkəs razılaşmasına baxmayaraq, Ukraynanın cənub-şərqində atəşkəs rejimi praktik olaraq hər gün pozulur. Həm də artan intensivliklə.
Separatçıların iddiasına görə, Ukrayna hərbçiləri iyunun sonunda Debaltsevo yaxınlığında hücuma keçərək mövqelərini dörd kilometr irəli çəkə biliblər. Avqustun 2-də isə "DXR separatçı qurumundan bildirdilər ki, Ukrayna tərəfi üç gün ərzində "respublikanın ərazisinə iki mindən çox mərmi atıb. Nəticədə, qurbanlar və dağıntıların olduğu bildirilir.
Bununla belə, müəyyən rahatlıq var ki, Ukraynanın cənubi-şərqində ağır silahlardan istifadə ilə aktiv döyüş əməliyyatları başa çatıb.
"Normandiya formatı öz funksiyalarını yerinə yetirdi. Ən azından əməliyyatların aktiv mərhələsini dayandırdı və sonra yerində fırlanmağa başladı. Minsk razılaşmalarının izahı mərhələsində format faktiki olaraq öz mövcudluğunu başa çatdırıb, - politoloq Yevgeni Minçenko hesab edir.
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Vladimir Cabarov da bu fikirdədir ki, "Normandiya formatı həqiqətən də öz mənasını itirib.
"Belə format çərçivəsində görüşlər keçirməyin hansı mənası var? Onun əsas iştirakçılarından biri - Ukrayna terror dövlətinə çevrilir. Sonrakı hərəkətlər haqqında artıq Rusiya tərəfi fikirləşməməlidir. Poroşenko rejimini dəstəkləyənlər fikirləşməlidir. Xanım Merkel və cənab Olland anlamalıdır ki, bu format işləmir, - senator deyib.
Siyasi ekspert Aleksey Çesnakovun sözlərinə görə, Putin "Normandiya formatının növbəti görüşündən imtina etməklə Kiyevə açıq mesaj verir: Poroşenko dördlüyün Parisdəki görüşündə əldə edilən bütün razılaşmaları yerinə yetirməyə məcburdur.
Qeyd edək ki, son vaxtlar Donbasda genişmiqyaslı hərbi əməliyyatların başlanacağı barədə bir-birinin ardınca proqnozlar səsləndirilir. Hərbi ekspertlər hərbi əməliyyatlar üçün ən münasib dövrün avqust və payız ayları olduğunu bildirirlər. Təsadüfi deyil ki, Donbasda ən güclü döyüşlər 2014-cü ilin bu dövrünə təsadüf edib.
Ötən həftə Ukrayna mətbuatının gündəmini zəbt edən iddialar da bu qəbildəndir. İddiaya görə, Ukraynanın Müstəqillik Günü - avqustun 24-də Rusiyanın hibrid ordusu hücuma keçəcək.
Amma "Penta siyasi tədqiqatlar mərkəzinin direktoru Vladimir Fesenkonun fikrincə, genişmiqyaslı hücum olmayacaq: "Ötən ilin avqustunda da buna bənzər hadisələr olmuşdu. Lakin əks-hücumla cavab verildi. İndi genişmiqyaslı hücumun olacağı inandırıcı deyil. Çünki münaqişə zonasında müəyyən bərabərlik yaranıb. Genişmiqyaslı hücum üçün əhəmiyyətli üstünlüyə malik olmaq lazımdır. Ehtimal ki, ötən il olduğu kimi bu il də lokal qarşıdurma ola bilər.
Onun sözlərinə görə, bu hücumu Almaniya, Fransa və ABŞ-ı qorxutmaq üçün edə bilərlər: "Məqsəd onların Minsk prosesi ilə daha fəal məşğul olmalarıdır. Son iki ay ərzində buna cəhdlər olundu, lakin heç bir nəticə əldə edilmədi.
Hərbi ekspert Svyatoslav Stesenko bildirib ki, Rusiya sadəcə hibrid müharibənin elementlərindən istifadə edir: "Məsələ ondadır ki, Rusiya böyük hücuma hazır deyil. Ola bilsin ki, lokal hücumlar olsun. Rusiyanın əsas məqsədi Ukraynanı çalxalamaqdır.
Onun sözlərinə görə, Rusiya birinci variantın uğursuz olduğunu anlayanda böyük müharibəyə başlaya bilər: "Ukrayna bu hücuma cavab verməyə hazır olacaq. Lakin bunun üçün bizim ordumuz gücləndirilməlidir.
Siyasi ekspert Yevgeni Maqda isə hesab edir ki, bu hücumlar bir neçə amillə bağlı ola bilər. "Birincisi, Donetskdə hibrid ordusunun arsenalı tədricən bitir. İkincisi, payızın başlanğıcı hərbi texnikanın hərəkəti üçün ən əlverişli vaxtıdır. Üçüncüsü, Olimpiada oyunlarının başlanmasıdır. Hansı ki, 2014-cü ildə biz bunu gördük. Rusiya ya Olimpiada ilə eyni vaxtda, ya da ondan sonra öz gücünü yoxlayır, - deyə ekspert vurğulayıb.
Hərbi-Hüquqi Tədqiqatlar Mərkəzinin rəhbəri Aleksandr Musenko Rusiyanın 2014-cü ildən etibarən sərhəddə hərbi texnika və şəxsi heyət yığdığını bildirib.
Onun sözlərinə görə, bu, Ukrayna üçün böyük təhlükə yaradır. "Bu, Rusiyanın genişmiqyaslı müharibə hazırlığını göstərir. Fikrimcə, təhlükə olduqca ciddidir. Buna görə də Ukrayna ölkənin müdafiə qabiliyyətini gücləndirməlidir, - deyə o bildirib.