Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından gələn, Azərbaycan Respublikası ərazisindən tranzit gömrük proseduru altında keçməklə Belarus Respublikasına getmək istəyən Belarus vətəndaşının idarə etdiyi yük maşını saxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumat görə, yük sənədlərinə əsasən "mərmər yükü aparan sürücü ilə şifahi sorğu-sualdan sonra nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan, daha sonra isə maşındakı yük fiziki baxışdan keçirilib. Nəqliyyat vasitəsinin qoşqusunda olan mərmər yükünə baxış zamanı, mərmər plitələrin arasında, bir ədədinin içərisində xüsusi qaydada düzəldilmiş gizli saxlanc yerində, üzərində xüsusi möhürü, emblemi və nömrəsi göstərilmiş yastı-dördkünc formalı 3 ədəd bağlamada, xalis çəkisi 1985,0 qram təşkil edən narkotik vasitə - həşiş qətranı aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.