Xəbər verdiyimiz kimi, Braziliyada keçirilən 31-ci Yay Olimpiya Oyunlarında ölkəmizi sərbəst güləş yarışlarında təmsil edən Toğrul Əsgərov son yarış günü Azərbaycanın aktivinə daha bir medal yazdırıb.
Unikal.org xəbər verir ki, Region TV əməkdaşları bu il də final görüşünü Toğrulun ailəsi ilə birgə izləyib. Güləşçinin qızıl medal uğrundakı qarşılaşması həyəcanlı anlarla yadda qalıb. Həlledici görüşdən sonra idmançının ailə üzvləri fikirlərini bölüşüb.
Toğrul Əsgərovun anası İnarə Hüseynova: "Mən hamıya təşəkkürümü bildirirəm. Toğrul hamının adını qaldırdı. Prezidentimiz də, icra başçımız da ona dəstək oldu. Mən bir ana kimi oğlumla fəxr edirəm".
Toğrul Əsgərovun dayısı İlkin Hüseynov: "Toğrul Əsgərov 2012-ci ildə 19 yaşında Olimpiya çempionu olub, Avropa oyunlarının qalibi adını qazanıb. Bu olimpiadada az qalmışdı ki, çempion olsun. Bu, güləşdir, hər şey olur. Gümüş medal da böyük nailiyyətdir".
Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalov da güləşçinin ailəsi ilə bərabər finalı izləyənlər arasında yer alıb. Mütəxəssis yetirməsinin çıxışını belə dəyərləndirib.
Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalov: "Sevindici haldır ki, Toğrul finala vəsiqə əldə etdi. Bu gəncəliləri, Azərbaycan xalqını, prezidentimizi çox sevindirdi. Toğrul birinci yerə də çıxa bilərdi. Lakin elə oldu ki, rəqibi ondan güclü oldu. Toğrul gümüş medal qazandı".